dini radikalizm və ekstremizmlə mübarizə

AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu? – Ramiz Həsənoğluya qarşı müəmmalı gediş

Baxış Sayı:76

AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu? – Ramiz Həsənoğluya qarşı müəmmalı gediş

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Rövşən Məmmədov milli incəsənət tariximizdə 60 illik rolu olan “Azərbaycantelefilm” Yaradıcılıq Birliyini ləğv edib, qurumun rəhbəri xalq artisti Ramiz Həsənoğlunun səlahiyyətlərini məhdudlaşdırıb.

KONKRET.az xəbər verir ki, Missiya.Az-ın AzTV-dəki mənbədən əldə etdiyi məlumata görə, R.Məmmədov “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi kimi iri həcmli qurumun fəaliyyətini yerində yaratdığı “Bədii sənədli filmlər” studiyası ilə əvəzləyib, Birliyin ayrıca maliyyə büdcəsini isə ləğv edərək öz nəzarətinə – QSC-yə yönəldib.

Maraqlıdır ki, sözügedən ləğvetmə ictimaiyyətdən gizlədilib. Azərbaycan tamaşaçısına unudulmaz tamaşa və filmlər bəxş etmiş nəhəng yaradıcılıq qurumunun ləğvi barədə hər hansı açıqlama yaymağa ehtiyac duymayan AzTV sədri bu azmış kimi görkəmli rejissor Ramiz Həsənoğluya qarşı nümayişkəranə şəkildə sayğısızlığa yol verib. R.Məmmədov görkəmli rejissoru əvvəlcə yeni yaratdığı studiyaya direktor təyin etsə də sonradan onun postunu öz yaxını Elçin Quliyevə həvalə edib. R.Həsənoğlunu isə daha aşağı vəzifəyə – studiyanın bədii rəhbəri vəzifəsinə təyin edib. Ümumilikdə isə QSC-də film və tamaşalara ümumi nəzarət sədrin ailəvi dostu, bədii rəhbər Ranar Musayevə keçib.

Xatırladaq ki, Ramiz Həsənoğlu ötən il “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinə direktor təyin olunmuşdu. Qısa müddətdən sonra qurumu ləğv edərək yerində studiya yaradılması, ayrılan vəsaitin böyük hissəsinin isə QSC-yə yönəldilməsi daxildə də əməkdaşlar arasında söz-söhbətlərə səbəb olub.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin ləğvindən sonra AzTV-nin rəsmi saytındakı “Haqqımızda” bölməsində də dəyişiklik edilib. Artıq “Azərbaycantelefilm” Yaradıcılıq Birliyininin izinə-tozuna da rast gəlinmir.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi 1959-cu ildən etibarən xeyli sayda milli teletamaşa və filmlər istehsal edib. Birlik Azərbaycan Televiziyası QSC-nin strukturuna daxil olan hüquqi şəxs kimi fəaliyyət göstərib. Bu günə qədər “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində 800 saat həcmində sənədli televiziya filmləri istehsal edilib və AzTV ilə nümayiş olunub. Bu filmlərin 500 saata qədəri kinolentə çəkilib, qalanı isə videofilmlərdir.

Qeyd edək ki, son günlər AzTV ilə bağlı xoşagəlməz məlumatlar yayılmaqdadır. Bu məlumatlar əsasında hazırladığımız geniş məqaləni yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Hər halda çox adama maraqlıdır ki, AzTV-də islahatların nümunəsi kimi təqdim olan parıltılı studiyaların arxasında nələr baş verir…

Oxşar xəbərlər
SON XƏBƏRLƏR