dini radikalizm və ekstremizmlə mübarizə

“İmkan verin dərdlərimlə baş-başa qalım!” - Əli Həsənov


Prezidentin keçmiş köməkçisi Əli Həsənov son vaxtlar haqqında səsləndirilən iddialara şəxsi "Facebook" hesabından cavab verib.

Yenisabah.az Əli Həsənovun paylaşımını təqdim edir:

"Dəyərli dostlar, hörmətli səhifə izləyiciləri!

10 aydır ki, mən 25 il fasiləsiz çalışdığım dövlət qulluğundan- Prezident Administrasiyasındakı işimdən ayrılmışam və səhhətimin imkan verdiyi dərəcədə yenə ölkə Prezidentinin siyasi kursunu dəstəkləyən məqalələr yazıram, FB hesabımda statuslar paylaşıram. Lakin son iki ayda səhhətimdə yaranan ciddi problemlərlə əlaqədar yaradıcılıq fəaliyyətimi bir qədər azaldaraq, intensiv müalicə alıram. Hazırda Türkiyədəyəm və ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşıram. Lakin, bəzi xüsusi naqis “qələm əhli” mövcud vəziyyətimdən istifadə edərək dayanmadan mənim indiyə qədər dövlət qulluğunda gördüyüm işləri qaralamaq, xüsusi yalan məlumatlar uyduraraq məni xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kompaniya aparırlar. Əslində, onlar şəxsimə qarşı belə kompaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli güc sərf ediblər.

Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbayvan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bu ya a çox çirkin mübarizə aparan Qurban Məmmədova və digər antidövlət ünsürlərinə dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident R.T.Ərdoğandan siyasi sığnacaq istəmişəm və s. Necə deyərlər, yalanın biri bir qəpik!

Bəri başdan bəyan edirəm ki, bunların hamısı ağ yalan və böhtandır. Mən Türkiyəni də, türk xalqını da sevirəm, onun Lideri hörmətli R.T.Ərdoğana da xüsusi rəğbətim var. Amma mənim doğma Azərbaycanım, doğma xalqım və öz Prezidentim İlham Əliyev var! Mən siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, 30 il bu məsləkə qulluq etmişəm, bundan sonra da yolumu və məsləyimi dəyişmək fikrində deyiləm. Mən həyatdan da Əliyevçı kimi köçəcəyəm, qoy buna qoy hər kəs əmin olsun!

Diqqətinizə çatdırıram ki, indiyə qədər mənim bu məsələlərə, haqqımda uydurulan yalan və böhtanlara, sehirli nağıllara susqunluq nümayiş etdirməyimin əsas səbəbi sadəcə onunla bağlıdır ki, indiyə qədərki həyatımda heç zaman ətrafımda baş verən bu tipli pislik və naqisliyin saf və təmiz iç dünyamı qaralamasına imkan verməmişəm və bundan sonra da vermək fikrində deyiləm. Çünki, bütün mənalı həyatımda çalışmışam ki, qarşıma çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirim. Bir də haqqımda yazılan o qara-qura yazılara cavab verməməyimin səbəbi onunla bağlıdır ki, mənim indiyə qədər yaşadığım məsuliyyətli və gərgin məmur həyatının, məşğul olduğum içtimai-siyasi fəaliyyətin real həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, onu qiymətləndirmək üçün həmin o səviyyəsiz cızma-qaraların altına imza qoyan naqis insanların nə bəsit təfəkkürü, nə pozuq məntiqi, nə də ki, kasad dil qabiliyyəti onu ifadə etməyə yetərli deyil!

Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!"

Oxunub: 621
Oxşar xəbərlər
SON XƏBƏRLƏR