dini radikalizm və ekstremizmlə mübarizə

Moskvada Azərbaycana dair tarixi elmi əsələrlərin müəllifi Yefim Pivovarın 70 illik yubileyi qeyd olunub

Baxış Sayı:152

Moskvada Azərbaycana dair tarixi elmi əsələrlərin müəllifi Yefim Pivovarın 70 illik yubileyi qeyd olunub

Moskvada Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, görkəmli alim, tarixşünas, Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycana dair tarixi elmi əsələrin müəllifi Yefim Pivovarın 70 illik yubileyi qeyd olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yubiley münasibəti ilə Rusiya Dövlət Humanitar Universitetində konfrans keçirilib. Konfransda Rusiyanın Maarif naziri Olqa Vasilyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Tarix Cəmiyyətinin nümayəndələri və tanınmış ictimai xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Yefim Pivovarın Rusiyanın tarix elminə verdiyi böyük töhfələrdən danışıblar. Onun alim və professional tarixçi kimi müasir tarixşünaslığın öyrənilməsində, tarixi qavrama nəzəriyyəsi problemlərinin araşdırılmasında xüsusi rol oynadığını vurğulayıblar.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Yefim Pivovarın Azərbaycanın dostu olduğunu deyib: "Bizə çox xoşdur ki, Yefim Pivovarın axırıncı fundamental tədqiqatlarından biri XX əsrin sonu, XXI əsrin əvvəli Rusiya-Azərbaycan münasibətlərinə həsr olunub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində və Rusiya Dövlət Humanitar Universitetində Azərbaycan tarixinin və Azərbaycan dilinin tədris olunması məhz Yefim Pivovarın adı ilə bağlıdır. Yefim İosofoviçin sayəsində son illər Rusiyanın iki nüfuzlu ali məktəbində tarixçilərimizin görüşləri və ikitərəfli elmi-praktiki konfranslar keçirilib".

Diplomat Yefim Pivovarın Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin əvəzolunmaz sədri olduğunu xatırladıb: "Bu cəmiyyətə sədrlik etdiyiniz illər ərzində ölkələrimiz arasında dostluq və mehriban qonşuluq əlaqələrini inkişaf etdirməyi arzulayan layiqli insanlar toplaya bilmisiniz".

Rusiyanın tanınmış jurnalisti, "TASS" agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman isə çıxışında Yefim Pivovarın Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb: "Onun keçirdiyi və ya keçirilməsinə dəstək verdiyi tədbirlər Moskvanın ictimai həyatında vacib hadisəyə çevrilib. Ən önəmli məqam isə Yefim Pivovar Rusiya tarix elmində "Azərbaycanşünaslığın" yaradıcısı hesab olunur. Müasir şərtlərdə bunu yaratmaq çox mürəkkəb və vacib məsələdir. Nəzərə alsaq ki, artıq yekunlaşmaq üzrə olan "Azərbaycanşünaslıq" kitabı Rusiyanın ali məktəblərində, elmi-tədqiqat institutlarında dəsr vəsaiti kimi tətbiq olunacaq, o zaman bu əməyin hansı qiymətə layiq olduğunu görmək olar. Bir sözlə, Yefim Pivovar faktiki olaraq Rusiyada Azərbaycan haqqında elmin əsasını qoyub. Azərbaycandan kənarda bunu etmək çox böyük əməkdir. Bu kitab Azərbaycan haqqında Rusiyada Yefim Pivovarın rəhbərliyi ilə yaradılan bir ensiklopediyadır. Bu ensiklopediya Azərbaycanın mədəniyyəti, adət-ənənələri, tarixi, iqtisadiyyatını əhatə edir, Hesab edirəm ki, bu, Rusiya-Azərbaycan arasındakı humanitar əlaqələrə və Yefim Pivovarın Rusiya-Azərbaycan dostluğuna şəxsi töhfəsidir".

Yefim Pivovar Rusiya-Azərbaycan arasında bütün sahələrdə olduğu kimi humanitar sahələrdə də əlaqələrin inkişaf etdiyini bildirib. Rəhbərlik etdiyi Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışan tarixçi alim bundan sonra da iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib: "Biz bu gün Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı Səfirliyi ilə əməkdaşlıq edirik. Hesab edirəm ki, iki ölkə arasındakı dostluq münasibətlərini dərinləşdirmək üçün daha çox iş görmək olar".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR