» » MAŞLIQ (Cəlilabad) TOPONİMİNİN TARİXİ VƏ COĞRAFİ AREALI

MAŞLIQ (Cəlilabad) TOPONİMİNİN TARİXİ VƏ COĞRAFİ AREALI

MAŞLIQ (Cəlilabad) TOPONİMİNİN TARİXİ VƏ COĞRAFİ AREALI
Maşlıq Cəlilabadın sirli tarixi olan yaşayış məntəqələrindən biridir. Toponimlə bağlı elmi araşdırmalar olduqca azdır. Bu kəndin yerləşdiyi məkanla bağlı mərhum tarixçi Rəşid Əsgərov, sonralar isə ADPU Cəlilabad filialının müəllimi Mahmudağa Qasımov fikir söyləmişlər. Hətta “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” adlı ikicildlik məlumat kitabında da Maşlıq haqqında ətraflı bilgi verilməmişdir. İlkin yozum xalq etimoloiyasına əsaslanır və Maşlıq sözü “maş əkilən yer” kimi xarakterizə olunur. Maş paxlalı bitkidir, lobyanın bir növüdür. Digər xalq etimologiyasına görə, VII yüzillikdə Azərbaycanı işğal etmək üçün gələn ərəblər indiki Maşlıq ərazisinə Məşlik (yəni sulu yer) adını vermişlər. Xalq yozumunun daha bir variantında deyilir ki, XIX yüzillikdə Azərbaycana xeyli rus köçürülmüş və Maşlıq ərazisində məskunlaşdırılmışdır. O zaman rusların başçısı bu yerlərdə qamış (lığ) olmasını nəzərdə tutaraq, “Marş lığa”, yəni “Lığ olan əraziyə doğru irəli” demişdir. Guya sonralar bu söz fonetik dəyişikliyə uğramış və Maşlıq şəklinə düşmüşdür. Əlbəttə, rəvayət, əfsanə həmişə həqiqəti əks etdirmir. Tarixi hadisələr tamamilə başqa söz deyir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” adlı məlumat kitabında yaşayış məntəqəsinin XX yüzillikdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Lakin buna qədər də Maşlıq adlı ərazidə yaşayış olmuşdur və bu toponimlə bağlı araşdırmalar Azərbaycan tarixinin sirli səhifələrinə işıq salır.
Bəzi tədqiqatçıların ehtimalına görə, Maşlıq ölkəmizin Maştağa, Maşıoba, Maşxan, Maskat, Mastıqra, Musqut, Musqur toponimləri ilə səsləşir və massaget/maskut/maskat tayfaları ilə bağlıdır. Bəs əsl həqiqət necədir? Maşlıq toponimini tarixi hadisələrlə bağlayan hansı həqiqətlər mövcuddur?
Maşlıq kəndi şərqdən Xəzər dənizi, qərbdən Privolnoyenin torpaq ərazisi, cənubdan Muğan, şimaldan isə Uzuntəpə kəndləri ilə həmsərhəddir. Maşlıq kəndi Cəlilabadın ən çökək yeri olan Qurudərə ərazisindədir. El arasında Qarama adlanan çay Maşlıq kəndini iki hissəyə ayırır. Qarama çayı mənbəyini Burovar dağlarından alır. Kənd özündən əvvəlki daha qədim bir yaşayış məntəqəsinin üzərində salınmışdır. Qurudərə mədəniyyəti Azərbaycan tarixinin kifayət qədər öyrənilməmiş sahəsidir. Qədim Muğan şəhərinin bu ərazidə olduğu bildirilir. Bu fikri irəli sürən tədqiqatçılar bölgədən tapılan maddi mədəniyyət abidələrinin zənginliyinə və yaşayış arealının genişliyinə istinad edirlər.
Muğan tarixi ilə bağlı Ələsgər Mirzəzadənin araşdırmasında qeyd olunur ki, Muğan bəzi tarixi mənbələrdə təxminən 3 min il, bəzilərində isə 5 min il bundan əvvələ aid edilir. Muğanın adı Muğan ərazisində yaşayan Muğ-Miki tayfalarının adından götürülmüşdür. Bəzi tədqiqatçılar isə “muğan” sözünü türk sözu kimi qəbul edərək, Altay mənşəli olduğunu iddia edirlər. Türkçə “muğ”-düz, an şəkilçisi isə “yer”, yəni düz yer, düzənlik deməkdir. Altayda, Orta Asiyada, Qazaxıstanda, Sibirdə, hətta Azərbaycanda yaşayan türksoylu xalqların çoxu düzən yerdə yaşamış və bu gün də yaşamaqdadırlar. Muğan adında Turan elində çoxlu yerlər var. Məsələn, Qazaxıstanda – Muğanlı, Muğan, Mukan, Müxan; Türkiyədə – Muğla; Saxa-Yakutiyada – Muklan, Muquan, Mukuan; Tuvada da həmçinin Mukan və s. Lakin hər yerdə bu sözün mənası eynidir. Bir çox mənbələr bu tayfaların Azərbaycan ərazisində də yaşamasını və кaspilərin tərkibində olmasını qeyd edirlər. Herоdot göstərir ki, «…muğlar Kaspi dənizinin cənub-qərbində yaşayan Midiya tayfalarından biridir».
AMEA-nın Tarix İnstitutu tərəfindən buraxılmış “Azərbaycan tarixi atlası”nda Muğan düzü miladdan əvvəl VI-IV əsrlərdə müklər, IV-III əsrlərdə Paytakaran, sonra Kaspiana, bizim eranın ilk dövrlərində isə Balasakan adlanmışdır. Digər tarixi mənbələr göstərir ki, müklərlə eyni soykökdə olan tayfaların birləşməsi prosesində bura Muğan adlanmışdır.
Muğan şəhəri harada yerləşib? Muğan Azərbaycanda orta yüzilliklərə məxsus tarixi bir şəhər olub. Orta əsr qaynaqlarının, o cümlədən ərəb müəlliflərinin Muğan şəhərinin adını müntəzəm çəkmələrinə baxmayaraq, şəhərin arxeoloji yeri haqqında dəqiq məlumat, sonralar, demək olar ki, heç bir mənbə tərəfindən göstərilmir. Bir çox tədqiqatçıların fikirləri isə ziddiyyətlidir.
Ərəblərin hakimiyyəti dövründə Azərbaycanın əsas şəhərlərindən biri Mukan (Muğan) idi.
Ələsgər Mirzəzadə yazır ki, Bu günkü Muğanın toponimikası mük, muq, muğ, maq və başqa adlara gedib çıxırsa, adı Muğan olan türk xaqanı haqqında da fikirləşmək lazımdır. Bəlkə bu xaqanın vaxtında və yaxud ondan sonrakı dövrlərdə yaylağı və qışlağı olan Muğan düzü onların daimi məskəni olaraq, elə Muğan xaqanın adı ilə Muğan adlandırılmışdır?
Muğan şəhərindən axan iki çay Cəlilabad ərazisindəki Mişarçayın və Göytəpə ərazisindən keçən Göytəpə çayın olma ehtimalı çoxdur. Mənbələrin göstərdiyi kimi, Muğan şəhərinin Xəzər dənizi sahilində yerləşməsi faktı da fikrimizi təsdiqləyir. Mərhum tarixçi Rəşid Əsgərov Muğan şəhərinin Cəlilabadın Maşlıq (Qurudərə), indiki Muğan kəndi ərazilərində yerləşdiyini yazır. Ələsgər Mirzəzadə bu ərazilərə Cəlilabadın cənub-şərq və Uzuntəpə ərazilərini də daxil edir. Həmin ərazilərdən tapılan maddi mədəniyyət nümunələri bu fikirləri təsdiq edir.
XX əsrin 90-cı illərində Cəlilabadın Maşlıq kəndində Qurudərə deyilən tаrixi ərazidən tapılan küpdən boyunbağı çıxmış və boyunbağının üstündə müxtəlif tarixi maddi nümunələr aşkar olunmuşdur. Bu ərazidən tapılan cürbəcür boyalı və şirli qab nümunələri, iri həcmli saxsı qablar, tunc qılınclar, xəncərlər, döyüş yabaları, cürbəcür həvəngdəstələr, zoomorflar və sair maddi-mədəniyyət nümunələri sirli şəhərin izlərindən xəbər verir. Kəndin mərkəzindəki kurqandan hətta boz qurd heykəli tapılmışdır. Qurudərə (Sarıqaya) abidələri bunlardır: pullar, saxsı qablar, möhür, daş bıçaq, baltalar, ov alətləri, küplər, kaurilər, lazurit muncuqlar, üstündə xoruz təsviri olan boyunbağılar, sikkələr və sair. Sikkələrin üzərindəki təsvirdə iki gözətçi atəşgahı qoruyur. Pulun üzərindəki rəsm Bakıdakı Qız Qalasının təsvirinə uyğundur. Bizim eradan əvvəl IV-III yüzilliklərə aid yeddi qardaş qəbri bu ərazidədir. Bölgədə Qurudərə və Sarıqaya toponimləri ilə yanaşı, Ağbulaq, Nəcəf binəsi, Nərgiz təpəsi, Qaramaçay kimi coğrafi məkanlar mövcuddur.
Bu gün bölgədəki kurqanlarda AMEA-nın Tarix və Etnoqrafiya institutunun elmi əməkdaşları prof. T. Axundov və A.Ələkbərov kəşfiyyat və tədqiqat xarakterli araşdırmalar aparırlar. Onların fikirlərinə görə, “bu tarixi təpələr və ərazilər Azərbaycan tarixi üçün çox qiymətli mənbədir. Bu yerlərdən tapılan məişət əşyaları, mədəniyyət nümunələri maraq doğurur. Ələsgər Mirzəzadə ürək ağrısı ilə yazır ki, belə bir tarixi abidələr qorunmaq əvəzinə, müəmmalı şəkildə dağıdılır və məhv edilir.
Muğan şəhərinin bu ərazilərdə yerləşməsi nəzərə alınaraq, Svetlaya Zarya kəndinin adı dəyişdiriliərək Muğan adlandırılmışdır.
Ümumiyyətlə, Muğan şəhərinin yeri ilə bağlı tarixçilərin gəldiyi qənaət belədir ki, bu sirli yaşayış məskəni indiki Maşlıq ərazisinə yaxın bir ərazidə olmuşdur. Muğan haqqında ətraflı tədqiqat aparılmalı, Muğan şəhərinin dəqiq yeri haqqında məlumat əldə edilməlidir. Muğanda böyük bir mədəniyyət yatır, onun araşdırılması Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq sala bilər. Muğan (keçmiş Svetlaya Zarya – İşıqlı Şəfəq) və Maşlıq kəndləri, Qurudərə çökəkliyi böyük Muğan şəhərinin izinə düşməkdə tarixçilərə və arxeoloqlara yaxından kömək edə bilər. Aysel MƏMMƏDOVA, ADPU Cəlilabad filialı Tarix-Coğrafiya fakültəsinin dördüncü kurs tələbəsi

———————-

Məqaləni ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bilal ALARLI (HÜSEYNOV) təqdim etmişdir.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930