dini radikalizm və ekstremizmlə mübarizə

Xidmət var, minnət yoxdur...

Xidmət var, minnət yoxdur...

“Mingəçevir Gənclər evi “Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimovla görüşdük. Söhbətimizi gənclik və onlara göstərilən xidmət prossesi üzərində qurduq.
Tural müəllim, müdriklər deyiblər ki, gənckən öz yaxşı yaşayışını təmin etmək üçün mübarizə aparmamışsansa, qocalanda taleyindən şikayətçi olacaqsan. Gənclik insan ömrünün ən yaxşı çağıdır. Onları yönəltmək, istiqamət verməklə dağ aşırmaq olar. Siz nə etmisiniz?
Bizim bir devizimiz var: Hörmət et, minnət qoyma. Qayğını da bu cür göstərmək lazımdır. Qayğı göstər, lakin minnətsiz. Uşağa da, gəncə, qocaya da qayğı lazımdır. Qayğı uşağa onun düzgün tərbiyəsi üçün, gəncə öz saf arzu və məqsədlərinə çatmaq üçün, qocaya müdrik bir ağsaqqala ehtiram üçün lazımdır. Ləyaqəti, mənliyi və şəxsiyyəti olan kəs ona göstərilən qayğı və ehtiramı heç vaxt unutmaz. Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur.
İlk əvvəl nəzərinizə çatdırım ki, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi Azərbaycan Gəncliyi 2011-2015-cu illərdə Dövlət Proqramına uyğun olaraq 16 aprel 2013-cü ildə tikilib-istifadəyə verilib. Müəssisisənin açılışında ölkə prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Qeyd edim ki, bir neçə gün əvvəl biz Azərbaycan Gənclərinin 8-ci forumunda iştirak etdik. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun panel müzakirələri bölməsində spiker olaraq çıxış etdim. 2000 gənci əhatə edən forumda çıxışımda regionlarda fəaliyyət göstərən gənclər evləri və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında məlumatlar verdim.
Gənclər forumundan öncə isə Bakı Kristal Zalında “Gənclər təşkilatlarının 5-ci sərgisi”ndə Mingəçevir şəhərini iki təşkilat təmsil edib. Bunlar “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və “İşıqlı Gələcək” GİB olub. Sərgidə Mingəçevir Gənclər Evinin 5 illik fəaliyyəti qonaqlara təqdim edilib. Nazir müavini İntiqam Babayev müəssisəmizin stendi ilə tanış olub və gələcək fəaliyyətimizə uğurlar arzulayıb.
Sərgi və forumlarda bir neçə gənclər təşkilatları ilə əlaqələr qurulub ki, yaxın vaxtlarda region gəncləri bu əməkdaşlıq nəticəsində keçirilən tədbirlərə cəlb ediləcək.
-Tural müəllim, quruculuq göz önündədir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Sizin həyata keçirdiyiniz tədbirlər?
-Bu il iştirak etdiyim əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı gənclər sahəsində Avropa təcrübəsinin öyrənilməsi üçün Fransanın Strasburq şəhərində keçirilən tədbiri qeyd edə bilərəm. Burada müxtəlif gənclər evləri, gənclər mərkəzləri və gənclər təşkilatlarının nümayəndələri avropada gənclər sahəsində mövcud təcrübə ilə tanış olmuş və öz təmsil etdikləri təşkilatlarda həyata keçirməyə başlamışlar.
Biz də çalışırıq ki, artıq dünya təcrübəsindən daha çox faydalanaq. Fərqli formatlı təlimlər və görüşlər təşkil edək.
Mingəçevir Gənclər Evi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq ərazidə dövlətin gənclər siyasətinin reallaşdırılmasına yardım göstərilməsindən ibarətdir. “Gənclər Evi”- gənclərin qeyri-formal təhsilini, sağlamlığını, intellektual inkişafını, vətəndaşlıq tərbiyəsini, peşə yönümünü, müasir peşələrə marağını, ictimai fəallığını, eləcə də məlumatlandırılmasını, hüquqi və psixo-sosial dəstəyini, maraqlarını təmin edir. Qurumun əsas məqsədi gənclərin hərtərəfli inkişafını, asudə vaxtının effektiv təşkil edilməsi vasitəsilə tərbiyəsini istiqamətləndirməkdir.
Mingəçevir Gənclər Evinin ümumi sahəsi 3723 kvadratmetrdir. Müasir avadanlıqlarla təchiz olunmuş və müxtəlif tədbirlərin keçirilməsi üçün 100 nəfərlik konfrans zalı, 50 nəfərlik konsert zalı, “Vətənpərvərlik klubu”, ”Ünsiyyət klubu”, “Gənclərin intellektual klubu”, “Kompüter mərkəzi”, “Xarici dil klubu”, ”Masaüstü oyunlar klubu”, “İstedadların hazırlığı laboratoriyası”, “Qalereya”, “Gənc ailələrə dəstək mərkəzi”, “Debat otağı”, “Sosial-psixoloji xidmət-Qaynar xətt”, “Gənc texniklər mərkəzi”, “Yaşıl şəhər ekologiya dərnəyi”, “Elektron kitabxana”, “Karyera mərkəzi”, “Peşəyönümü mərkəzi”, “Teatr studiyası”, “Gənclər təşkilatlarının koordinasiya mərkəzi”, müdir və işçi otaqları, server otağı və sanitar qovşaqlar mövcuddur. Bina lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir. 2015 ci ilin fevral ayında "İşıqlı Gələcək" GİB-nin təşəbbüsü ilə mərkəzin fəaliyyətini əks etdirən Minfo.az adlı internet portalı, Gənclər evinin loqosu , musiqisi və video çarxı da hazırlanıb.
2017-ci ildə Mingəçevir Gənclər Evi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yerli qurumu olaraq təsdiq olunub. Bundan sonra müəssisənin fəaliyyət istiqamətləri daha da təkmilləşmişdir. Belə ki, müxtəlif maraq klubları ümumiləşdirilərək 4 böyük dərnək təşkil edilib. Eyni zamanda azyaşlılar, yeniyetmə və gənclərin tələblərinə uyğun yeni maraq klubları formalaşdırılıb.
2017-2018-ci illər ərzində Mingəçevir Gənclər Evində gənclərin inkişafı üçün kifayət qədər təlimlər, seminarlar, görüşlər təşkil edilib. Keçirilən tədbirlərdə Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm və Tibb Kolleclərinin və orta-ixtisas təhsil müəssisələrinin gəncləri iştirak edib.
Mingəçevir Gənclər Evi NAYORA tərəfindən təşkil edilən “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində könüllülərin mübadiləsi proqramında da əsas iştirakçılardan biridir. 2017 və 2018-ci illərdə həyata keçirilən proqramda iki gənc Mingəçevir Gənclər Evində 1 aylıq təcrübə keçmişdir. Proqramın əsas məqsədi region gənclərinin inkişaf etmiş gənclər evləri və gənclər mərkəzləri ilə əlaqə qurmaqdır.
Ətraf mühitin qorunması sahəsində xüsusi addımlar atılıb. Xüsusilə Mingəçevir Su anbarı və şəhərin parklarında aparılan təmizlik aksiyaları gənclər arasında sağlam ətraf mühit ideyasının təbliğində böyük rol oynamışdır. Bu tipli tədbirlərin davamlı olması həm şəhərimizin təmizliyinin qorunmasında, həm də gənclərin ekoloji sağlamlıq məsələsinə diqqət yetirməsində öndəmlidir.
Fiziki məhdudiyyətli uşaq və gənclər üçün də digər gənclərlə paralel imkanlar yaradılıb. Belə ki, fiziki məhdudiyyətli uşaqlar üçün müxtəlif bədii-əyləncəli konsert proqramları keçirilib. Aparılan işlər arasında “Mingəçevir Gənclər Evinin brendi olan”Danışan komüperlər” layihəsi fiziki məhdudiyyətli gənclərin inkişafında ciddi adım olaraq qeyd edilməlidir. Belə ki, xüsusi proqram və komüterlərin köməyi ilə görmə, eşitmə və digər əngəlləri olan gənclər kompüter biliklərinə yiyələnirlər.
Bunlarla yanaşı Mingəçevir Gənclər Evi beynəlxalq təşkilatlarla əlaqələrini yaxşılaşdırır. Belə ki, BMT və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkənin 3 gənclər evində həyata keçirilən “Gender bərabərliyi və reproduktiv sağlamlıq” mövzusunda təlimlərin ev sahiblərindən biri də Mingəçevir Gənclər Evi olub.
Həmçinin müəssisədə Mingəçevirdə ilk dəfə olaraq uşaqlar və gənclər üçün “Əsas həyat bacarıqları” təlim proqramı davam edir. UNİCEF tərəfindən təşkil edilən təlim və seminarların əsas məqsədi iştirakçılarda “Qərar qəbul etmə”, Stressdən qorunma”, “Liderlik”, “Motivasiya” və bu kimi digər mövzularda bilik və bacarıqlar formalaşdırmaqdır.
Mingəçevir Gənclər Evində gənclər üçün ödənişsiz psixoloji və hüquqi yardımlar həyata keçirilir. Uşaqlar, yeniyetmələr, gənclər və gənc ailələr rahat şəkildə psixoloji və hüquqi yardım xidmətlərindən istifadə edə bilərlər.

Söhbətləşdi: Esmira Hidayətova.
Xidmət var, minnət yoxdur...
Xidmət var, minnət yoxdur...

Oxunub: 728
Oxşar xəbərlər
SON XƏBƏRLƏR