dini radikalizm və ekstremizmlə mübarizə

BABƏK XÜRRƏMİDİN VƏ YAXUD KARFAGEN SƏRKƏRDƏSİ HANNİBAL

BABƏK XÜRRƏMİDİN VƏ YAXUD KARFAGEN SƏRKƏRDƏSİ HANNİBAL
Mən, Azərbaycan xalqının qəhrəman oğlu, Azərbaycan türklərini istiqlaliyyətə çatdıran, gələcəkdə alovlanan milli şüurun közünün qoxusunu əvvəlcədən millətimizə iylətdirən, bu günümüzdə haqqında möhtəşəm əsərlər yazılan, görkəmli sərkərdə, böyük ictimai-siyasi xadim, dövlət başçısı və Karfagen sərkərdəsi Hannibal ilə müqayisə olunan Babək Xürrəmidin haqqında öz düşüncələrimlə, öz qavrayışlarım və çıxartdığım nəticələrlə danışacağam.
Tarixi hadisələr, rəqəmlər və faktlar hamıya məlumdur. Ancaq söhbət Babəkdən və onun hərəkatının mahiyyətindən, fəaliyyətindən, prinsiplərindən gedir. Babək Xürrəmidin Azərbaycanımızın Ərdəbil şəhərinin Bilalabad kəndində bitki yağı satan Abdullanın ailəsində dünyaya göz açmışdır. Xürrəmilərin başçısı olan Cavidan ibni Sührək atasını uşaq ikən itirmiş Babəki anasının razılığı ilə yeniyetmə yaşlarından öz öhdəliyinə götürmüşdü.
Babək gələcəkdə günahsız Azərbaycan türklərini “kafir” adlandırıb nahaq yerə öldürən ərəblərin başına böyük bir bəla olacaq idi. Halbuki, Azərbaycan türkləri vaxtı ilə, Allaha tapınanda, ərəblər Allahın göndərdiyi Hz. Muhəmməd peyğəmbəri(s.a.v.a.v) qətlə yetirmək istəyirdilər. Bu, həmin ərəblərdirlər ki, indi(yəni ki, Babəkin dönəmində) müsəlmançılıqdan dəm vurur və onların azğınlığına, zülmünə, çirkin siyasətinə qarşı çıxan məsum insanları “allahsız”, “dinsiz” adları ilə damğalayıb edam edirdilər. Ümumiyyətlə, Xilafət, məhz Abbasilər sülaləsinin zamanında çox zülmlə doldu. Onlardan əvvəlki Əməvilər sülaləsi də zülmkar idi, ancaq Abbasilər kimi yox. Babək xürrəmilərə öz rəhbərliyi dövründə iki zülmkar abbasi xəlifəsinin müasiri olmuşdur: Abdullah Məmun və Mötəsim. Bu iki xəlifə əvvəlki xəlifə olan Harun ər-Rəşidin övladları idilər. Onlar atadan bir olsalar da, anadan ayrı idilər. Abdullah Məmunun anası iranlı kənizi, Mötəsimin anası isə türk idi. Ona görə də Mötəsimin zamanında artıq Ərəb xilafətində türklərin mövqeyi getdikcə güclənirdi. Mötəsim özü buna şərait yaradırdı, həm də ki, o, türklərdən istifadə etmək istəyirdi.
Cavidan Əbu İmranla şəxsi ədavətə görə vuruşdu və bir-birlərini öldürdülər. Ancaq Cavidan ölüm yatağında ikən, Babəki özündən sonra xürrəmilərə rəhbər təyin etdi. Babək ərəblərə dalbadal zərbələr vurdu və Xilafəti kökündən sarsıtdı. Xilafəti kökündən sarsıtmaqla yanaşı, həm də ki, gələcəkdə xilafətin süqutu ilə bərabər yeni dövlətlərin yaranmasına da yol açdı. Bəlkə də Babək Allahın millətimiz üçün göndərdiyi bir nemət idi ki, onun vasitəsilə insanlar qısa vaxt da olsa, azadlıq, istiqlaliyyət əldə etdilər. Ancaq böyük bir təəssüf hissilə bildirmək istəyirəm ki, Babəki axıra kimi müdafiə etmədilər, xainlər onu tək qoydu.
O zamanlar Bizans imperiyası Babəkə güclü dəstək verirdi. Babəkin rəhbərliyi altında çoxsaylı millətlər və müxtəlif dinlərdən olan insanlar vuruşurdular. Çünki, Babəkin ideologiyası o idi ki, bütün insanlar bərabərdir və bütün nemətlər də bütün insanlar arasında bərabər, ədalətlə bölünməlidir.
Axır vaxtlar nədənsə Babəkə iftira atırlar. Güya Babək İslam dininə qarşı vuruşub, ona qarşı çıxıb. Amma belə deyil. Hamı bilir ki, ərəblər Vətənimizə işğalçılıq məqsədilə gəlmişdilər. Məsələn, Cəfər Cabbarlı özünün məşhur “Od gəlini” əsərində Babəki bütün yad ideologiyalara, hətta zahirdə İslam dininə qarşı çıxan kimi göstərsə də, əslində bununla, Bolşevik rejiminə bir işarə edirdi, bu, öz yerində. Sevgili Peyğəmbərimiz olan Hz. Muhəmmədin(s.a.v.a.v) əlində kitab var idisə, ərəblərin əlində təkcə qılınc var idi. Onlar İslam dinini Hz. Muhəmmədin(s.a.v.a.v) yaydığı kimi yox, özləri kimi, daha doğrusu, vəhşi kimi yaydılar. İslam dinində buxov, zülm və əsarət yoxdur. Ancaq ərəblər bizə mütilik, əsarət, müstəmləkə gətirdilər. Babək də bir Azərbaycan türkü, bir Vətən mücahidi kimi buna qarşı sakit dayana və susa bilməzdi. Məgər ərəblərin zülmünə qarşı çıxmaq, İslam dininə qarşı çıxmaq idi? Əsla yox. Bu, avam dindarların dedikləridir ki, onun heç bir əsası və mənası yoxdur. Belə baxsaq, Ərəbistanın özündədə ərəblər Xilafətə, yəni ərəblərin zülmünə qarşı çıxıblar. O zaman, bu din cəfakeşləri onları da İslam dininə qarşı çıxmaqla günahlandırsınlar. Babək Xürrəmidin Vətənimizin, millətimizin azadlığı və hürriyyəti üçün ərəblərin etdiyi zülmlərə, ədalətsizliklərə qarşı vuruşmuşdur. Son nəticədə də güvəndiyi Səhl ibni Sumbatın xainliyi ucbatından ərəblərə təslim edilmiş və İraqın Samirrə şəhərində edam olunmuşdur. Şübhəsiz ki, Babək edam olunarkən bir daha igidlik və qəhrəmanlıq nümayiş etdirmiş, xəlifənin hiylələrini boşa çıxartmışdır. Xəlifə elə bilirdi ki, Babəkin bədəni tikə-tikə doğrananda, başı kəsiləndə onun fəryadı bütün Xilafətə səs-səda salacaqdır. Ancaq xəlifənin bu arzusu elə onun ürəyindəcə qaldı. Babəki məhşur Karfagen sərkərdəsi Hannibal ilə müqayisə edirdilər.


Ərtoğrul Mehdizadə

Oxunub: 1 040
Oxşar xəbərlər
SON XƏBƏRLƏR