dini radikalizm və ekstremizmlə mübarizə

“Sosial şəbəkələrə ciddi nəzarət olunmalıdır”

“Sosial şəbəkələrə ciddi nəzarət olunmalıdır”
“Bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayan saytlar və sosial şəbəkələr dərhal nəzarətə götürülür və lazım gəldikdə isə bağlanılır. Bu gün sosial şəbəkələrdə təhqir, böhtan və s. formada şərəf və ləyaqətin alçaldılması, müxtəlif nalayiq mətn, foto, audio və video materialların paylaşılması hallarına rast gəlirik. Sözsüz ki, bu ciddi problemdir və belə halların qarşısının alınması üçün ciddi şəkildə mübarizə aparmaq lazımdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov deyib.

Deputat bildirib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycan da dövlət əleyhinə çağırışlar edilən, iftira və yalanlar yağdıran sosial şəbəkələrin,saytların bağlanması hüquqi qaydalar və qanunlar daxilində olmalıdır:

“Biz elektron dünyada yaşadığımız üçün sosial şəbəkələrdə müsbət və xoşagəlməz hallarla rastlaşırıq. Bu gün sosial şəbəkələr bir çox imkanlara malikdir. Amma çox təəssüf ki, bir qrup insanlar həmin imkanlardan başqa məqsədlər üçün istifadə edirlər. Onu da qeyd edim ki, demokratik cəmiyyətin elementlərindən biri də saytlar, sosial şəbəkələrin olmasıdır. Amma burada da hər şey mövcud qanunvericilik daxilində olmalıdır. Onu da qeyd edim ki, saxta profillər açmaqla şərəf və ləyaqətin alçaldılmasına qarşı mübarizənin ciddiləşdirməsi məqsədi ilə keçən il Cinayət Məcəlləsində xüsusi maddə var. 2013-cu ilin may ayında isə internet ehtiyatlarında böhtan və təhqirə görə də, Cinayət Məcəlləsinə xüsusi norma əlavə edilib. Ancaq göründüyü kimi bu mübarizə tədbirləri kifayət etmir. Hesab edirəm ki, virtual məkanda söyüş söyən, şərəf və ləyaqəti alçaldan təhqir, böhtan dolu mətn, foto, audio və video materiallar yayan şəxslərə qarşı ciddi mübarizə aparılmalıdır. Sosial şəbəkələrə ciddi nəzarət olunmalıdır”.

Rüstəm Xəlilov deyib ki, bu gün Avropada yaşayan bir sıra "müxalif” şəxslər qərbin əlində oyuncağa çevrilərək Azərbaycana qarşı qara kampaniya aparır, nalayiq söyüşlər yağdırırlar:

“İlk növbədə qeyd edim ki, Azərbaycandakı reallıqlar, sürətli inkişaf və sabitlik, vətəndaşlar üçün yaradılan rahat şərait həmin şəxslərə ən layiqli cavabdır. Söyüş insan mənəviyyatı ilə bağlı amoral problemdir. Hər hansı tərbiyəli, əxlaqlı insan söyüş söyməz. Şəxs bilir ki, söyüş "bumeranq effekti”nə malikdir. Yəni, söyüş mütləq şəkildə həmin insanın özünə qayıdacaq. Çox təəssüflər olsun ki, bu gün biz ali təhsilli, tanınmış ziyalı şəxslərin də bəzən xoşagəlməz ifadələr işlətdiyinin şahidi oluruq . Siyasətdə də söyüş söymək, təhqir etmək yolverilməzdir. Siyasi mübarizə bu kimi hallarla aparılmır. Söyüş şərəf və ləyaqəti alçaltdığına görə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Xüsusən də, kütləvi çıxışlar, kütləvi dərc edilən əsərlərdə, KİV-də, virtual məkanda şərəf və ləyaqətin alçaldılması cinayət məsuliyyətinə səbəb olur. Yəni, insanların şərəf və ləyaqəti də Cinayət Məcəlləsinin xüsusi maddəsi ilə qorunur. Avropadan Azərbaycanı söyən şəxslər heç zaman aktiv siyasətlə məşğul olmayıblar. Sadəcə olaraq seçkiqabağı həssas dövrdə bəzi qərb ölkələrinin maraqlarına işləyərək nalayiq ifadələr işlədirlər. Onlar qərbin Azərbaycana düşmən olan qüvvələrinin diktəsi ilə sosial şəbəkələr vasitəsilə ölkəmizin ünvanına qarayaxma kampaniyaları aparırlar. Ona görə də hesab edirəm ki, reallığı əks etdirməyən məlumatları yayan sosial şəbəkələrdəki bəzi səhifələr mövcud qanunlar daxilində bağlanmalıdır”.

Oxunub: 841
Oxşar xəbərlər
SON XƏBƏRLƏR