dini radikalizm və ekstremizmlə mübarizə

Bakı metrosunda lövhələr artırıldı, cərimələr... - Açıqlama

Bakı metrosunda lövhələr artırıldı, cərimələr... - Açıqlama
Prezident İlham Əliyevin “Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması” ilə bağlı imzaladığı fərmandan sonra Bakı Metropolitenində “Siqaret çəkmək qadağandır” lövhələrinin sayı artırılıb. Fərmandan sonra bəzi stansiyalara və keçidlərə lövhələr yenidən vurulub.

Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Paşayevin sözlərinə görə, uzun illərdir metro stansiyalarında, vestibüllərdə siqaret çəkilmir:

“Belə məlumat lövhələri bütün stansiyalarda var. Həmişə də olub. Sonuncu fərmandan sonra stansiyalarda və keçidlərdə məlumat lövhələri artırılıb, yeniləri vurulub”.

N.Paşayev bildirib ki, İnzibati Xətalar Məcəlləsinə görə, metro stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret çəkənlər 50 manat məbləğində cərimə olunurlar:

“Bir vaxtlar keçidlərdə siqaret çəkilirdi. Ancaq İnzibati Xətalar Məcəlləsində də konkret göstərilib ki, hətta keçidlərdə də çəkmək olmaz. Belə hallarla qarşılaşanda bizim əməkdaşlar da müdaxilə edirlər. Məcəllənin həyata keçirilməsinə metropolitendə polis şöbəsinin əməkdaşları baxırlar. Metroda siqaret çəkilməməsinə görə onlar da öz tərəflərindən lazımı iş aparırlar”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, metroda təkcə siqaret çəkməyin cəzası 50 manat deyil. Belə ki, Məcəllənin 140-1.4. maddəsinə əsasən, eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə də 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Oxunub: 843
Oxşar xəbərlər
SON XƏBƏRLƏR