» » Fəxr et, qürur duy, Biləsuvar!

Fəxr et, qürur duy, Biləsuvar!

Fəxr et, qürur duy, Biləsuvar!
Canında ağrılar, sızıltılar gəzdirən qoca ağır, ləngərli addımlarla harasa gedir. Arxadan gələn cavan oğlan ona çatır, salam verib, keyfini soruşur, sonra nisbətən uca səslə soruşur: -Əmi, ay əmi, dost yaxşıdır, ya qardaş? Müdrik qoca diqqətlə baxır cavanın üzünə, deyir: -Oğlum unutma ki, qardaş da dost olsa yaxşıdır. Mən elə qardaşlar tanıyıram ki, illərlə küsülüdür, bir-birilərinə Allahın salamını da vermirlər. Mən Taleh Cəfərovun atası mərhum Vəzirlə dost idim. Tez-tez görüşər, dünya, vəfasız həyat və s. mövzularda söhbətlərimiz olurdu. Onun əlindən tutduğu balaca uşaq bizim mehriban münasibətlərimizdən, necə deyərlər, zövq alardı. Demə o, dostluqdan, xoş ünsiyyət dərsi alırmış bizdən... Vəzir çox tez haqq dünyasına qovuşdu. O məsum baxışlı gənc Taleh həyata atılar-atılmaz atasız-köməksiz, kədərli-qəmli yaşamaq məcburiyyətində qaldı. Ailənin işləyəni, çörək gətirəni yox. Bundan sonra bütün bu yük Talehin üstünə düşəcəkdi... Bəs gəlin görək kimdir bu gəncikən ağır bir yükü çiyinlərinə götürməkdən qorxmayan, bu gün təkcə evi üçün yox, eli üçün, obası üçün şərəf gətirən, əmələri ilə doğma Biləsuvarına fəxr, qürur duyduran Taleh Cəfərov?!: Taleh Vəzir oğlu Cəfərov 1983-cü il avqustun 29-da Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. 1990-2000-ci illərdə Biləsuvar rayonu Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbində təhsil almışdır. 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 2004-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2006-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Magistratura şöbəsində təhsilini davam etdirmişdir. Və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Magistr təhsilini başa vurduqdan sonra Universitetin Türk və Şərqi Avropa Xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının "Vətən tarixi" ixtisası üzrə dissertantı olmuşdur. 2013-cü ildə “Qondarma erməni soyqırımı faktların dili ilə” adlı monoqrafiyası işıq üzü görüb. Onlarla elmi məqalələrin müəllifidir. Müxtəlif illərdə illərdə Güney Azərbaycan Televiziyasında aparıcı, həmçinin Xarici İşlər Nazirliyinin Avro-Atlantik mərkəzində ictimai əsaslarla çalışmışdır. "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi İdarə Heyətinin üzvüdür. 29 oktyabr 2016-cı ildə Bakı Dövlət Universitetində “XIX-XX əsrlərdə erməni diasporunun formalaşması və antitürk fəaliyyəti” mövzusunda dissertasiyanı uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüsdür. İki övladı var. İndi o, artıq 9 ildir ki, Tarix-Coğrafiya fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələrə Türk xalqlarının tarixi və Qafqaz tarixi fənnlərini tədris edir. Ali təhsil ocağının sayılıb-seçilən baş müəllimlərindən biridir. Tətillərdə evə gələrkən məni unutmur. O, mənə əmi, mən ona qardaşoğlu deyirəm. Sağ olsun, hörmət, ehtiram sahibidir. Bir dəfə o, mənə “Qondarma erməni soyqırımı faktların dili ilə” adlı nəfis tərtibatda çap etdirdiyi monoqrafiyasını verdi. Oxudum, həqiqətən yadda qalan, heç vaxt unudulmayan, xüsusilə bu günkü gənclərin qan yaddaşına əbədi yazılan tarixi faktlar... Rusiyanın, xarici dövlətlərin təzyiqi nəticəsində 1919-cu ildə İrəvan xanlığının yerində bədnam Ermənistan dövlətinin yaradılması, ilk dəfə İrandan, Türkiyədən və başqa yerlərdən ermənilərin buraya köç etməsi barədə T.Cəfərov gənc tarixçi alim kimi çox məxəzlərə əl uzadıb və əsl tarixi sənət əsəri qoyub ortaya. İmkan düşən kimi, o, erməni məkri, hiyləsi haqqında bilgilərini önə çəkib. Əvvəllər, burda bəlkə heç bir vilayətin olmayacağı qədər o əclaf erməni var imiş. İllər ötüb Zəngəzur və digər mahallarımızı işğal edən mənfur qonşular, indi də Azərbaycan ərazisinin 20 faizini özlərinki hesab edir və dünyaya hay salırlar ki, Dağlıq Qarabağ da bizimdir. Mən inanıram ki, T.Cəfərov tarixi məxəzlərə yaxın gedərkən bir azərbaycanlı kimi necə kədərli, ağrılı hisslər yaşayıb. Onun kitabında ironik şəkildə Andranikin qulağının kəsilməsi hadisəsi də göstərilmişdir. Taleh Cəfərov soyqırım nədir? Doğrudanmı belə hadisə olubmu?—suallarına da elmi əsaslarla aydınlıq gətirir. İndi bu gün o, dərs dediyi tələbələrinə Ermənistanla, Dağlıq Qarabağla bağlı həqiqətləri dolğun və məzmunlu şəkildə öyrədir, gənclərdə vətənpərvərlik ruhu aşılayır. Mən bilirəm ki, onun mühazirələrini gənclər intizarla gözləyirlər. Biz hər görüşəndə sövqi-təbii hiss edirəm ki, Taleh müəllimdə gendən, soykökündən qaynaqlanan bir gözəl xüsusiyyət özünü qabarıq şəkildə göstərir. O, paxıl, lovğa, təkəbbürlü deyil, sadə, hamıyla xoş, səmimi ünsiyyət qurmağa can atır. İstəyir ki, xeyirxah əməllərə imza atsın. Bu arada Rafiq Nazimoğlunun bir bənd şeiri yadımıza düşür. Sanki şair, bu şeiri elə gənc alim Taleh Cəfərov haqqında yazıb: Haqqın dərgahında qol aç, üz, yeri, Söz-sözə gələndə saxla üzyeri. Sən düz ol, düz dolan, düz gəz, düz yeri, Düzlər el yanında xar ola bilməz!.. Demək lazımdır ki, T.Cəfərov yorulub-dayanmadan mütaliə edir, tarixi hadisələri zamanın süzgəcindən keçirməklə əsl həqiqətləri ortaya qoyur, bəzi məşhur rus, erməni və Avropa tarixçilərinə istinad etməklə ermənilərin necə saxta, hiyləgər, məkrli millət olduğunu elmi dəlillərlə sübut eləyir. O gün, yəni bu ilin oktyabrın 29-da axşam mobilimə zəng gəldi. Yaşıl düyməni basdım. Bu vaxtı kimdi məni yuxudan oyadan? Görəsən nə baş verib? Qaranlıq, mübhəm məqam yoxdu. Cavan dostum, qələm əhli Samir Qurbanovdur. Həmişə olduğu kimi hal-əhvalımı soruşur: -Özüvü soyuqdan gözlə, əmi-deyir. Sonra çoxdan gözlədiyim xəbəri verir:- Dostumuz Taleh Cəfərov Bakı Dövlət Universitetində elm nəhəngləri qarşısında “XIX-XX əsrlərdə erməni diasporunun formalaşması və antitürk fəaliyyəti” mövzusunda dissertasiyanı uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüsdür. Ürəkdən sevinirəm. Ondan Taleh Cəfərovun telefon nömrəsini alıb, zəng eləyirəm, qədim və gözəl Biləsuvarımızın cavan alimini təbrik eləyirəm. Bu, T.Cəfərovu yaxından tanıyan insan kimi qürurumu necə də yüksəldir. Gözün aydın Biləsuvar, Taleh kimi övladınla fəxr et, qürur duy, sevin! ...O gün çil xoruzun yalançı banında köhnə dostum Vəzirin ruhu gəlmişdi yuxuma. Bu şad xəbəri eşidən kimi ürəkdən sevindi: -Bizim nəslin ilk alim oğludur o-dedi- Sənə uğurlar arzulayıram, bala! Biz inanırıq ki, gənc alimimizin axtarışları, elmi nailiyyətləri hələ irəlidədir. Biz onun elm aləmində deyil, ictimai həyatda da uğurlarının səsini, sorağını çox eşidəcəyik! Əlibala Rəhimov, Samir Qurbanov “Region-Press”
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930