» » Azərbaycan vikipediyaçıları ilkə imza atdılar

Azərbaycan vikipediyaçıları ilkə imza atdılar

Azərbaycan vikipediyaçıları ilkə imza atdılar

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə 12-13 avqust tarixlərində Azərbaycanın qədim tarixi və gözəl təbiəti ilə məşhur olan bölgələrindən birində, Qax rayonunun İlisu kəndində vikipediyaçıların yay düşərgəsi təşkil edilib.

Oxu.Az-a daxil olan məlumata görə, bu tip düşərgə Azərbaycanda ilk dəfə baş tutub. Düşərgəyə Azərbaycandilli "Vikipediya"nın fəal istifadəçiləri ilə yanaşı, perspektivli yeni istifadəçilər də qatılıblar.

Düşərgənin təşkilat komitəsinin rəhbəri və “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyevin sözlərinə görə, düşərgədə iştirak etmək üçün 2 həftəlik qeydiyyat müddəti ərzində 130-dək müraciət daxil olub və onların arasından 13-41 yaş arasında 30 nəfər iştirakçı seçilib ki, onlardan da 5 nəfəri xanımdır.

Düşərgənin məhz İlisuda keçirilməsinin əsas səbəbi bu kəndin zəngin tarixi-təbiət abidələri və yay aylarında aktiv turizm bölgəsi olmasıdır. Düşərgə dövründə çəkilən yüzlərlə fotoşəkillər "Vikipediya"nın və digər əlaqəli vikilayihələrin ortaq mediafayl anbarı olan Vikianbar (Wikimedia Commons) layihəsinə yüklənərək, həm gələcəkdə məqalələrdə istifadə edilə biləcək, həm də axtarış saytlarında ölkəmiz barədə fotoşəkillər axtaran şəxslərin məlumatlanmasına xidmət edəcəkdir.

Elgün Atalıyev bildirdi ki, "Vikipediya" 2001-ci ildə yaradılmış azad onlayn ensiklopediyadır və hal-hazırda 295 dildə fəaliyyət göstərir. Burada bütün məqalələr könüllülər tərəfindən yaradılır. Azərbaycan dilindəki "Vikipediya" layihəsi 2004-cü ildə yaradılıb. Hal-hazırda burada 123 mindən artıq məqalə var və könüllü istifadəçilərin sayəsində bu göstərici günbəgün artır.

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi aktiv "Vikipediya" istifadəçiləri tərəfindən təsis edilib və Azərbaycan dilindəki "Vikipediya"da məqalələrin sayının artırılması ilə yanaşı, digər dillərdə də ölkəmiz barədə məqalələrin sayının artırılması və mövcud məqalələrin genişləndirilməsi, ölkəmizdə "Vikipediya"nın təbliği istiqamətində fəaliyyət göstərir.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930