» » Azərbaycanda yeni turizm erası başlayır

Azərbaycanda yeni turizm erası başlayır

Azərbaycanda yeni turizm erası başlayır Azərbaycanda yaxın gələcəkdə turizm sektorunun daha da inkişaf edəcəyi şübhə doğurmur. Xüsusən, cari yay mövsümündə ölkəmizə turist axınının artması artıq bu sahədə canlanma yarandığını deməyə əsas verir. Heç şübhəsiz ki, bunun əsas səbəblərindən biri ölkəmizə səfər edən əcnəbilər üçün viza rejiminin sadələşdirilməsi oldu.
Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 1 sentyabr 2016-cı il tarixli sərəncamı bu sahənin inkişafına əlavə təkan verəcək.
Sərəncamda da qeyd olunduğu kimi, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətə davamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.
Yaradılacaq Turizm Şurasının əsas işi isə Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək olacaq. Şura fəaliyyətinə müstəqil ekspertləri, mütəxəssisləri cəlb edə və işçi qrupları yarada bilər.
Yeniliklərdən biri hər il Bakıda beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi olacaq. Festivallarda pərakəndə satış zamanı güzəştlərin, o cümlədən vergi güzəştlərinin təqdim olunması nəzərdə tutulur.
Turizm sahəsinə artırılan diqqət sayəsində çimərlik problemləri də tədricən həllini tapacaq. Azərbaycanda çimərlik turizminin inkişafı üçün böyük potensial var. Ölkənin sahil boyu uzanan şərq hissəsində bu turizm növünün inkişafı bəzi çimərliklərdəki baxımsız, natəmiz vəziyyətə son qoyacaq. Bundan başqa, çimərlik turizmi sahəsində sahibkarlar arasında rəqabət yaranacaq ki, bu da sahil boyu istirahət yerlərində rast gəlinən süni qiymət artımının aradan qaldırılmasına imkan verəcək.
Artıq Mədəniyyət və Turizm Nazirliyinə İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xəzər dənizinin Azərbaycana aid bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafına dair təkliflərini hazırlayaraq Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Məlum olduğu klimi, turizm sahibkarlar üçün əlverişli sahədir. Bu sahədə sahibkarlara əlavə güzəştlərin verilməsi isə yaxın gələcəkdə bölgələrdə yeni iş yerlərinin açılacağı deməkdir. Qarşıya qoyulan tapşırıqlardan biri də Azərbaycanın turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılmasıdır. Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının baş inkişaf planları hazırlanacaq, həmin zonalarda vergi və gömrük güzəştləri və imtiyazları təqdim olunacaq. Əlavə olaraq İqtisadiyyat Nazirliyi turizm sahəsinin inkişafına dair yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün fəaliyyət planı hazırlayacaq.
Həmin turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması, bu məqsədlə müvafiq torpaq sahəsi və əmlakın ayrılması da planlaşdırılır ki, bu da bölgədə yaxın gələcəkdə turizm sektorunda xidmət səviyyəsinin yüksəlməsinə səbəb olacaq.
Bundan əlavə, Azərbaycanın Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi təmin olunacaq. Bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Həmçinin prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək. Məqsəd ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılmasıdır.
Ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq aviareyslərin təşkili də görüləcək tədbirlər sırasındadır.
Cari yay mövsümündə qonşu ölkələr - Rusiya və İran daxil olmaqla, ərəb ölkələrindən turist axınında təqribən 25-30 faiz artım qeydə alındı. Təbii ki, burada viza rejiminin sadələşdirilməsi ilə yanaşı, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər, o cümlədən idman yarışları böyük rol oynadı. Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsindən sonra isə Azərbaycana daha uzaq xarici ölkələrdən də turist axını artacaq.
Ümumilikdə turizm sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması üçün müvafiq qurumlara iki aydan altı ayadək vaxt verilməsi və bütün bunların dövlət başçısının tam nəzarətində olması onu deməyə əsas verir ki, növbəti bir ildə Azərbaycan turizimində nəzərəçarpacaq canlanma müşahidə olunacaq.
Turizmin inkişafı, həmçinin tarixi abidələrimizin, maddi-mədəniyyət nümunələrimizin dünyada daha geniş tanınmasında da mühüm rol oynayacaq. Belə ki, əcnəbi turistlər daha çox tarixi yerlərə həvəs göstərir, yerli sakinlərin adət-ənənəsi, məişət həyatı ilə və s. maraqlanırlar.
Qədim tarixi, zəngin mədəniyyəti olan millətimiz hər zaman qonaqpərvərliyi ilə seçilib. Azərbaycanda yaxın gələcəkdə turizmin sıçrayışlı inkişafı isə ölkəmizdə turizm mədəniyyətinin yüksək səviyyədə təşəkkül tapmasına da töhfələr verəcək.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930