Главная > siyaset > Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması


11-07-2019, 09:45. Разместил: djbaz
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

İnsanların miqrasiyası heç də həmişə onların könüllü seçimi nəticəsində baş vermir. Bəzən insanlar özlərinin milli mənsubiyyətlərinə görə də öz doğma yurd-yuvalarından zorla qovulurlar.

Hazırda bu və ya digər səbəblərdən dünya əhalisinin 1 faizi - 70 milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Lakin acınacaqlı hal budur ki, qaçqınların sayı getdikcə artır. Son 20 ildə qaçqınların sayındakı artım hətta 60 faizə çatıb.

Dünyanı bürüyən qaçqın və məcburi köçkün problemi ölkəmizdən də yan keçməyib. 30 ilə yaxındır ki, bu ağır yükü çiynində daşıyan Azərbaycanın məcburi köçkün və qaçqın probleminin kökü Ermənistanın tarixi torpaqlarımız olan Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal etməsindən qaynaqlanıb. Ermənistanın həyata keçirdiyi hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlı Ermənistandakı ata-baba yurdlarından qovulub, 700 min insan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək məcburiyyətində qalıb. Bu işğal sayəsində Azərbaycanda əhalinin 10 faizi qaçqın və məcburi köçkün kimi həyatlarına davam edirlər.

Azərbaycanda bir nəsil məcburi köçkün kimi böyüyür

Uzun müddət davam edən köçürülmə problemini Azərbaycanın da yaşadığını təəssüf hissi ilə vurğulayan BMT-nin Məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi xanım Sesilia Ximenez-Damari bildirib ki, Azərbaycanda erməni işğalı nəticəsində artıq bir nəsil məcburi köçkün kimi böyüyür.
Sesilia Ximenez-Damari Azərbaycan Hökuməti tərəfindən məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş tədbirləri təqdirəlayiq hesab edərək, 2014-cü ilin may ayında sələfi Çaloka Beyaninin Azərbaycana səfərindən sonra bu istiqamətdə böyük tərəqqinin əldə olunduğunu bildirib. O, Azərbaycan Hökumətinin BMT çərçivəsində məcburi köçkünlərlə bağlı yüksək səviyyəli beynəlxalq qrupun yaradılması təşəbbüsünə qoşulmasına görə minnətdarlığını bildirib. Məruzəçi bu addımın ölkəmizin qlobal səviyyədə məcburi köçürülmə hallarının həllinə yönəlmiş yüksək səviyyəli siyasi iradəsinin göstəricisi olduğunu bəyan edib.

Dünyadakı bütün köçkünlər üçün Azərbaycandakı kimi imkan yaradılmayıb

Bu gün Azərbaycan əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasındadır.

Bunu Azərbaycanın BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov da deyir.

Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin problemlərinin həlli bu gün dövlət siyasətinin prioritetlərindən biridir, onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər aparılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin sözlərinə görə, Azərbaycanda münaqişə siyasi həllini tapmasa da, köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün bütün imkanlardan istifadə olunur.

Komitə sədri hesab edir ki, Azərbaycanda məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı nümunəvi addımlar atılır, çünki dünyadakı bütün köçkünlər üçün bu imkan yaradılmayıb:

"Azərbaycan köçkünləri bu gün dövlətin qayğısı ilə əhatə edilib. Amma beynəlxalq qurumlar tərəfindən onların yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atılmalıdır".

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, ötən müddətdə görülən tədbirlər nəticəsində 300 min məcburi köçkün soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb, məcburi köçkünlər arasında yoxsulluq həddinin 75 faizdən 12 faizədək azalıb. Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsait ayrılıb.

O, bu tədbirlərin məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun bərpasına imkan yaradacaq Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin siyasi həllinin tapılmasına qədər müvəqqəti tədbirlər kimi xarakterizə oluna biləcəyini qeyd edib. Sədr müavini BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xususi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və beləliklə məcburi köçkünlərin öz dogma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkün olacağını vurğulayıb.

Kiçik dövlətin böyük hədəfi

Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 800 milyard ABŞ dollarından çoxdur . Hazırda bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən də dəqiqləşdirilir. Kiçik bir dövlət olan Azərbaycan üçün bu zərəri qarşılamaq çətin olsa da, , insanların təhlükəsizliyini təmin etməyi, onların rifah halının yaxşılaşdırılmasını əsas hədəf götürən ölkəmiz ən həssas təbəqələrdən olan qaçqın və məcburi köçkünlərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərini öz gücü hesabına davam etdirir.

Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən ümumilikdə 436,0 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100,0 və 50,0 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2 227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.

Qaçqın və məcbuiri köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl davam edən tədbirlərin ən sonuncusu demək olar ki, bu yaxınlarda gerçəkləşib. İyulun ilk günlərində ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksi istifadəyə verilib. Bu kompleks layihəsi üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb və digər zəruri infrastruktur obyektləri də tikilib.

Lakin bu, son deyil. Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək.

Prezident İlham Əliyevin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da vurlulayıbn ki, məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Prezident bu məsələnin daim diqqət mərkəzində olduğunu da nəzəırəı çatdırıb: “Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik. Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”.

Beynəlxalq qurumlar da bunu yüksək dəyərləndirir

Qaçqın, məcburi köçkün və şəhid ailələrinə diqqət və qayğı da dövlət siyasətinin əsas istiqamətləri olduğu üçün onların problemləri həlli daim diqqət mərkəzində saxlanılır. Dövlət onların yalnız mənzillə təminatı sahəsində deyil, sosial rifanının yüksəlməsinə yönələn digər tədbirlər də həyata keçirir.
Təkcə bu ilin birinci rübündə minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət isə 50 faiz yüksəlib. Eyni zamanda, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər də artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılmasının bundan sonra da nəzərdə tutulduğunu açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub. Ötən il də bu proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirləri beynəlxalq qurumlar da yüksək dəyərləndiririlər.

Cenevrədə yerləşən tanınmış beynəlxalq qeyri-hökumət təşkilatlardan biri olan Məcburi Köçürülmə üzrə Monitorinq Mərkəzinin tədqiqatçısı Elizabet Raşinq ölkəmizə səfəri çərçivəsində Cocuq Mərcanlı kəndinə baş çəkdiyi zaman məcburi köçkün ailələri üçün yaradılmış şəraitə şahidlik etdiyini, eləcə də Bakı ətrafında salınmış yeni qəsəbələrdə gördüyü nəzərəçarpacaq tərəqqinin təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanda bu sahədə qəbul olunmuş qanunvericiliyin dövlətimizin başçısının bir sıra fərmanları ilə daha da gücləndirildiyini bildirib, bu xüsusda məşğulluğun artırılması, məcburi köçkünlərə aylıq müavinətin ayrılması və s. addımları müsbət təcrübə adlandırıb.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biri olduğunu da vurğulayır.

Onun sözlərinə görə, Azərbaycan hökuməti malik olduğu vəsaitlərin əhəmiyyəti bir hissəsini məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəltmək məcburiyyətindədir. Ə.Əhmədov qeyd edib ki, əgər bu problem olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi, insanlar daha firavan yaşayardı.

O bildirib ki, dünya bu məsələyə ədalətlə yanaşmalı, münaqişələrin həlli üçün səylərini birləşdirməlidir.
.

Yazi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Вернуться назад