» » Heydər Əliyevin iqtisadi siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Heydər Əliyevin iqtisadi siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Heydər Əliyevin iqtisadi siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Ümumilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərini sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına qоşulma, sоsial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi təşkil edirdi.

Azərbaycanın 1969-cu ildən bəri yaşayan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Azərbaycana rəhbərliyinin ilk onilliyində Heydər Əliyev ölkə iqtisadiyyatında sözün əsl mənasında inqilab etmiş, respublikada yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, dəmiryol nəqliyyatı sektoru yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlamışdı. Artıq 1975-ci ildə respublikada ümumi neft və qaz hasilatının həcmi 27,1 milyon tona çatmışdı. Bu isə o demək idi ki, Azərbaycan 1941-ci ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini ötüb keçmişdi.

Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin siması sürətlə dəyişməyə, insanların rifah halı durmadan yaxşılaşmağa başladı. Az bir zamanda Azərbaycanın keçmiş sovetlər birliyində qabaqcıllar sırasına çıxması, Heydər Əliyevin ölkənin gələcəyinə ünvanlanan sirli strateji planlarının həyata keçirilməsinə şərait yaradırdı. Artıq müstəqillik illərində bu dövrü xatırlayarkən ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim nə üçün bu lazımdır… Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin.”

Amma çox az bir zamandan, artıq SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini və Sov. İKP MK-nın siyasi bürosunun üzvü Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılandan qısa bir müddət sonra Azərbaycanın bu cah-cəlalından əsər əlamət belə qalmır. Digər sovet respublikalarından fərqli olaraq ölkənin müstəqilliyə keçidi müharibə, daxili hakimiyyət çəkişmələri, vətəndaş qarşıdurması ilə müşaiyət olunur və hakimiyyətə qayıdışının elə ilk günündə Heydər Əliyev bu gerçəkliyi bəyanatında bütün təfərrüatı ilə xalqa bəyan edir: “İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki, qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz . Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir…”

İqtisadi vəziyyətin həqiqətən gərgin olduğunu statistik rəqəmlər də aydın göstərirdi: əgər 1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk üç ili ərzində bu geriləmənin sürəti 3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə azalmışdı.

Ulu öndər Heydər Əliyevə qoyub getdiyi çiçəklənən bir Azərbaycandan iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya, xaos və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan viranə bir məmləkət miras qalmışdı. Bununla belə, hələ ayaq tutmamış müstəqil ölkəni bu vəziyyətdə də rahat buraxmır, dağılan SSRİ-nin xarabalıqlarında ən qiymətli parça kimi Azərbaycanı öz qabağına çəkmək istəyən nəhəng xarici ölkələr arasında gedən gizli bir diplomatiya müharibəsində respublikaya hər tərəfdən zərbələr vurulurdu.

Ölkənin belə bir vəziyyətdə, bir çox dövlətlərin Dağlıq Qarabağ savaşından spekulyasiya etdiyini, Azərbaycanın isə dünyanın istər iqtisadi, siyasi, istərsə ideoloji savaşında çox zəif olduğunu, 1993-94-cü illərdə Qarabağ münaqişəsinin hərbi yolla həllinin perspektivsizliyini və onun ölkənin iqtisadi dirçəlişini əngəllədiyini nəzərə alan Heydər Əliyev ölkənin müharibədən çıxmasına və atəşkəs haqqında özünəməxsus razılaşma əldə edilməsinə nail oldu.

…Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial -iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olmuşdur. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynamışdır.

Ölkədə dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanması da Heydər Əliyevin adı ilə bağlıdır. İstər bu sahədə təkmil qanunvericilik bazasının yaradılması, istərsə də dövlət proqramlarının qəbulu ulu öndərin təşəbbüsü ilə reallaşıb. Təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun günün tələbləri səviyyəsində yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici sərmayələrin cəlb edilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və sosial müdafiəsinin gücləndirilməsində həmin proqramlar mühüm rol oynayıb.

2003-cü ildən başlayaraq Heydər Əliyev strategiyası yeni keyfiyyətdə və yeni məzmunda uğurla davam etdirilərək hazırda tamamilə yeni bir inkişaf dövrünə qədəm qoymuşdur. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlət quruculuğunun yeni mərhələsi başlamış, iqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmişdir. Həyata keçirilən sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşmışdır.

Ümummilli liderin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Fikrət Quliyev
Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30