dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan Putinə belə KƏLƏK GƏLİR: Onun Əliyevlə Brüsseldə görüş istəyinin SİRLƏRİ

Paşinyan Putinə belə KƏLƏK GƏLİR: Onun Əliyevlə Brüsseldə görüş istəyinin SİRLƏRİ

Erməni baş nazir Qərb siyasi dairələrindən vasitəçilik xahişi etməklə, Rusiyanı Cənubi Qafqazdakı geopolitik proseslərdə oyundankənar vəziyyətə salmağa çalışır; Nikol Paşinyanın “geopolitik kələkbazlığa” qurşandığından duyuq düşən Kreml sahibi ona bu təhlükəli oyunun mümkün nəticələri barədə sərt xəbərdarlıq edib…
Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti telefon danışığı olub. Bu, son bir həftə ərzində artıq ikinci telefon əlaqəsidir. Birincisi telefon ünsiyyətinin təşəbbüskarı erməni baş nazir olmuşdu və o, Kreml sahibindən Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaların dayandırılması üçün vasitəçilik xahişi etmişdi.

Bu dəfə böyük ehtimalla təşəbbüsün Rusiya tərəfindən gəldiyi qətiyyən istisna deyil. Çünki, rəsmi İrəvanın davranışlarında Kremli narahat edəcək məqamlar mövcuddur. Və Rusiya yəqin ki, həmin məqamlar ilə bağlı rəsmi İrəvana xəbərdarlıq mesajı verməyə ehtiyac duyulub.

Məsələ ondadır ki, dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Görüşün keçirilməsinə Avropa Şurası vasitəçilik edir. Və hər iki tərəf artıq belə bir görüşdə iştirak etməyə rəsmən razılıq verib.

Şübhə doğurmur ki, məhz bu görüşün keçirilməsi ilə bağlı Kremlin müəyyən narazılıqları var. Hər halda, iki qonşu ölkə arasında silahlı toqquşmaların atəşkəs ilə yekunlaşmasında indiyə qədər şəriksiz vasitəçilik missiyasını öz üzərinə götürən Rusiya bu dəfə yumşaq desək, oyundankənar vəziyyətə salınmış kimi görünür. Yəni, erməni baş nazir hər dəfə hərbi məğlubiyyətə uğradıqdan dərhal sonra Azərbaycanı atəşkəsə razı salmaq üçün məhz Rusiya prezidenti Vladimir Putinə yalvarır. Ancaq baş nazir N.Paşinyan Azərbaycan lideri ilə görüşün təşkilini isə qəribə də olsa, Avropa Şurasından xahiş edir.

Xatırladaq ki, bir müddət öncə Kreml Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşün keçirilməsinə cəhd göstərmişdi. Hətta Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həmin görüşün məhz noyabrın ilk 10 günlüyündə olacağını da bəyan etmişdi. Ancaq həmin tarixdə planlaşdırılan yüksək səviyyəli görüş baş tutmadı. Çünki, Ermənistan baş naziri Nikol Paşinyan belə bir görüşün keçirilməsinə razılıq vermədiyini bəyan etdi.

Daha sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrov yüksək səviyyəli görüşün təşkil olunması istiqamətində cəhdlər göstərildiyini bildirdi. Eyni zamanda vurğuladı ki, görüşün baş tutması üçün orada iştirak edəcək tərəflərin konsensus əldə etmələri vacibdir. Əks halda, bu, mümkün deyil.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bu açıqlamasından cəmisi bir neçə gün sonra isə məlum oldu ki, bu, mümkündür. Çünki yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı qarşıduran tərəflər arasında artıq konsensus mövcuddur. Sadəcə, Brüsseldə keçirilməsi planlaşdırılan bu görüşə Rusiya deyil, məhz Avropa Şurası vasitəçilik edəcək.

Azərbaycan_Rusiya_müqavilə_medium.jpg (26 KB)

Təbii ki, hadisələrin belə inkişafı müəyyən qaranlıq məqamlardan və ikibaşlı oyunların olduğundan xəbər verir. Üstəlik, bütün qaranlıq məqamların və ikibaşlı oyunların arxasından məhz rəsmi İrəvan boylanır. Və Paşinyan hakimiyyəti bu ikibaşlı oyunları Ermənistanın Qərbdəki himayədarlarının sifarişi ilə oynadığı da qətiyyən şübhə doğurmur.

Rəsmi Bakı da baş verənlərdən tamamilə məmnun görünür. Çünki yüksək səviyyəli görüşün harada keçirilməsi Azərbaycan tərəfi üçün elə bir ciddi prinsipial əhəmiyyət daşımır. Rəsmi Bakıya yüksək səviyyəli görüş təklif olunub, Azərbaycan da savaşın qalibi statusunda buna razılıq verib. Bu, Kremlin rəsmi Bakı ilə münasibətlərinə də xələl gətirmir. Çünki Kremldə rəsmi Bakıya konstruktiv dialoqdan yayınan tərəf durumuna düşməyin qətiyyən sərfəli olmadığını anlayırlar.

Ancaq eyni situasiya Ermənistan tərəfinə aid deyil. Artıq hər kəs, o cümlədən, Kreml də tam dəqiqliyi ilə bilir ki, yüksək səviyyəli görüşün təşkili, həm də onun Avropa Şurasının vasitəçiliyi ilə Brüsseldə keçirilməsi təşəbbüsü Ermənistan baş naziri Nikol Paşinyana aiddir. Yəni məhz erməni baş nazir bunu Avropa Şurasının yetkililərindən xahiş edib.

Bu isə o deməkdir ki, erməni baş nazir hər dəfə çətinə düşdükdə yalvardığı Rusiyanı deyil, məhz Avropanı seçib. Deməli, bunun səbəblərini də Kremlə, o cümlədən də, Rusiya prezidenti Vladimir Putinə izah etməli olacaq. Bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya və Qərb arasında olduqca təhlükəli avantürist oyuna girdiyi qətiyyən şübhə doğurmur.

Böyük ehtimalla erməni baş nazir Avropanı seçməkdə əsasən iki məqsəd gedə bilər. Birinci məqsədin Avropa məkanında Azərbaycan tərəfinə Qərbin dəstəyi ilə təzyiq göstərilməsinə və Ermənistan üçün daha əlverişli geopolitik şərtlərin yaradılması ola bilər. Halbuki rəsmi Bakının hər hansı məkanda təzyiqlərə imkan verəcəyi qətiyyən inandırıcı görünmür. Çünki rəsmi Bakının hazırda əli olduqca güclüdür. Və Qərbdən hər hansı məsələdə asılı olmadığından istənilən təzyiq cəhdini bloklamaq imkanındadır. Azərbaycan Prezidenti İlham Əliyevin ermənipərəst mövqe tutan Qərb siyasi dairələrinə yönəlik sərt açıqlamaları da bunu təsdiqləyir.

Ermənistan baş naziri Nikol Paşinyanın ikinci əsas məqsədi isə məhz Rusiya ilə bağlıdır. Belə anlaşılır ki, erməni baş nazir Azərbaycan və Ermənistan arasında olan qarşıdurmada Rusiyanın vasitəçilik missiyasını sabotaj etmək niyyətində tamamilə ciddidir. Erməni baş nazir çalışır ki, Cənubi Qafqazda cərəyan edən prosesləri Rusiyanın nəzarətindən tamamilə çıxarmağa nail olsun. Və son nəticədə Rusiya geopolitik proseslərdə oyundankənar vəziyyətə düşsün.

Hətta hazırda erməni baş nazir regionda olan Rusiya sülhməramlı qüvvələrinin Fransa və ya ABŞ hərbi kontingenti ilə əvəzlənməsi üçün hər şeyi etməyə hazırdır. Sadəcə, bu, yalnız ondan asılı olmadığından əlindən bir şey gəlmir. Və belə vəziyyət rəsmi İrəvanı daha riskli geopolitik oyunlara sövq edir.

Onu da qeyd edək ki, Rusiya siyasi dairələrində rəsmi İrəvanın “çirkli oyunlara” qurşandığından artıq şübhə etmirlər. Hətta bəzi rus politoloqlar Ermənistanın cəzalandırılmasının vacibliyini vurğulayırlar. Rus hərbi ekspert İqor Korotçenko isə hesab edir ki, indiki situasiyada Kreml Azərbaycanın dəstəklənməsi istiqamətində bütün mümkün addımları atmalıdır. Çünki rəsmi İrəvanın siyasəti hazırda geopolitik kələkbazlıq üzərində qurulub.

6da74400aba8918d0b8d71c88c66c480.jpg (30 KB)

İqor Korotçenko əmindir ki, Kreml Cənubi Qafqazda baş verənlərə birmənalı şəkildə Rusiyanın milli maraqlarına uyğun yanaşmalıdır. Ermənipərəst dairələrin uydurma iddialarına isə əhəmiyyət verməməlidir: “Ermənistana rus vergi ödəyicilərinin hesabına heç bir maliyyə və iqtisadi güzəştlər edilməməlidir. Ermənistanın Rusiya təbii qazı və silahına görə ödəyəcək pulu yoxdur. Rusiya Ermənistanı çiynində daşımağa borclu deyil”.

Rus ekspert hesab edir ki, Rusiya üçün Cənubi Qafqazda Azərbaycan kimi etibarlı tərəfdaş, Ermənistan kimi etibarsız müttəfiqdən daha sərfəlidir. Eyni zamanda, İqor Korotçenko hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə qarşı çıxmağın nə qədər təhlükəli olduğunu hələ də tam anlaya bilməyib. Onun fikrincə, rəsmi İrəvanın üçtərəfli anlaşmaların tələbələrinə yenidən baxmaq çağırışları rəsmi İrəvan üçün baha başa gələ bilər.

Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyan olduqca təhlükəli və çoxvektorlu oyuna cəhd göstərir. Erməni baş nazir ilk növbədə Kreml sahibi V.Putinə kələk gəlməyə, Rusiyanı geopolitik proseslərdən təcrid etməyə çalışır. Böyük ehtimalla Kremldən gələn son telefon zəngində də əsas məqsəd məhz erməni baş nazirə müəmmalı və qaranlıq oyunlara görə sərt xəbərdarlıq etmək məqsədi güdülüb. Və yaxın vaxtlarda bu xəbərdarlığın Ermənistana hansı təhlükələri vəd etdiyi rəsmi İrəvanın növbəti addımlarından asılı olacaq. //Konkret.az

Oxunub: 1 200
Oxşar xəbərlər
SON XƏBƏRLƏR