dini radikalizm və ekstremizmlə mübarizə

Almaniya Bakıya qarşı, yoxsa... – Politoloqdan ilginc

Almaniya Bakıya qarşı, yoxsa... – Politoloqdan ilginc

Alman mediasında son vaxtlar Azərbaycana, Azərbaycanın Vətən müharibəsinin nəticələrinə və “erməni abidələri” mövzusunda narazılığımıza səbəb olan yazıların Berlin-Bakı münasibətləri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Djb.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.

O bildirib ki, bu arqumentə qarşı yalnız Almaniyanın Bakıdakı səfirinin işğaldan azad olunmuş ərazilərə təşkil edilən səfərlərə qatılmamasını göstərmək kifayət etmir:

“Hər şeydən öncə dünyanın aparıcı ölkələrinin maraq dairəsini və siyasətini diqqətlə incələməyin tərəfdarıyam. Almaniya Avropa Birliyinin iqtisadi baxımdan ən qüdrətli ölkəsidir və bu ölkə bütün siyasi münasibətlərini də iqtisadi mənfəti üzərində qurur. Hətta o səviyyədə ki, ABŞ-ın təzyiqlərinə və Avropanın enerji təhlükəsizliyi ilə bağlı təhdidlərə rəğmən, “Şimal axını-2” layihəsinin gerçəkləşməsi üçün inad edir. Çünki bu layihə Berlinin iqtisadi maraqlarına uyğundur.

Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 800 milyonu keçdiyi, Almaniyanın illik dövriyyəsi bir milyardı aşan onlarla şirkətinin ölkəmizlə ciddi əlaqələrinin olduğu haqda iqtisadçı ekspertlərin açıqlamaları bu baxımdan diqqət çəkir. Yəni iqtisadi müstəvidə sıx əlaqələrdən danışa bilərik. Siyasi baxımdan da ciddi konfrontasiya müşahidə edilmir, yalnız media tənqidlərindən başqa. Hesab edirəm ki, alman mediasının tutduğu yanlış mövqenin səbəbini dövlət siyasətinə bağlamağa tələsməməliyik”.

Politoloqun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində yaratdığı yeni reallığın dərhal bütün dünya tərəfindən qəbul ediləcəyini gözləmək sadəlövhlükdür:

“Biz bunu gözləməməliyik, əksinə, bu istiqamətdə çox ciddi informasiya siyasəti aparmalıyıq. Bunun üçünsə bizim beynəlxalq informasiya platformalarına ciddi ehtiyacımız var.

Etiraf etməliyik ki, alman, o cümlədən Qərbin böyük media qurumlarının əməkdaşları bölgəmizlə bağlı informasiyaları erməni mənbələrindən və yaxud erməniyönlü rus mediasından alır. Erməni-xristian abidələrinin məhv edilməsi ilə bağlı yanlış təsəvvürlərdən tutmuş Azərbaycanın “hərbi əsirləri” hələ də qaytarmadığı haqda erməni təbliğatının hazırda necə sürətlə yayıldığını müşahidə edə bilərik. Ermənistan XİN rəhbərinin bu istiqamətdə böyük fəallıq göstərdiyi, bütün platformalarda bunu gündəmə gətirdiyi və erməni diasporunun bunları şövqlə tirajladığı da heç kəsə sirr deyil. Hesab edirəm ki, buna qarşı və ümumiyyətlə, gələcək informasiya savaşlarına hazır olmaq üçün beynəlxalq informasiya platformalarına çıxış imkanlarımızı genişləndirməklə bərabər, özümüzün belə bir platformamızın yaradılması istiqamətində ciddi addımlar atmağın tam zamanıdır”.

A.Camalqızı bu istiqamətdə atılan addımların yetərli olmadığını və yaxud məhdud çevrədə qaldığını da xatırladıb:

“Türkiyə mediası ilə bu istiqamətdə səylərin birləşdirilməsi üçün təşəbbüslər olduqca dəyərlidir. Ancaq buna qədər sərf edilən əmək və vəsaitlərin özünü doğrultduğunu iddia etmək üçün, təəssüf ki, heç bir əsasımız yoxdur. Məncə, bir az baxışımızı dəyişməli, Türkiyə üzərindən Avropa informasiya məkanına daxil olmağa köklənməli, yüksək məbləğlərlə əldə edilən ən müasir informasiya texnonogiyalarını lokal şəkildə kiminsə maraqlarının vasitəsi olmaqdan çıxarıb, milli maraqlar üçün “açıq mənbəyə” çevirməliyik.

Ümumilikdə isə mərkəzi ofisi Bakıda, ən böyük şöbəsi İstanbulda yerləşməklə, Avropanın böyük şəhərlərində ofisləri olan şəbəkənin qurulması istiqamətində addımların vaxtıdır. Azərbaycanla bağlı yaydığı neqativ xəbərlərə böyük beynəlxalq media qurumlarının istinad etməsindən qürurlanıb, bunu reytinq olaraq təqdim etmək kimi yanlış təsəvvürlərdən qurtulmaq lazımdır. Hətta Fransa kimi erməni lobbisinin çox güclü olduğu ölkədə Azərbaycanın maraqlarını əks etdirən məqalələr yaya, Azərbaycanın milli maraqlarını ifadə edən vicdanlı və ədalətli fransız ekspertlər tapa biliriksə, demək ki, bu prosesi davamlı, sistemli və total müstəviyə də qaldıra bilərik”.

Oxunub: 499
Oxşar xəbərlər
SON XƏBƏRLƏR