dini radikalizm və ekstremizmlə mübarizə

Məclisin sonundakılar haqda

Baxış Sayı:100


Bura Beytül-Hikmənin 200 nəfərlik auditoriyasıdır. Şəhid Mübarizin anım günü ərəfəsindəyik. Mühazirə zamanı dinləyicilərimlə kontakt qurmağı, onları düşündürməyi, xüsusən də danışdırmağı sevirəm, odur, bu dəfə də ənənəmə sadiqəm: dostlar, sizcə, Mübariz niyə öz gecə hərəkatı haqda qabaqcadan heç kimə, hətta ən yaxın dostuna belə xəbər verməmişdi?

Biri qalxır ayağa: "Məncə, onu fikrindən döndərməsinlər deyə! Niyyətində o qədər qətiymiş, səmimiymiş yəni, bir zərrə belə tərəddüdü olsa mütləq kiməsə açardı ürəyini və o kimsə, bəlkə də min dənə söz qoşub həvəsdən salardı adamı. Elə yaxşı ki, əvvəlcədən heç kimə heç nə deməyib, sadəcə özündən sonra üçün məktub qoyub".

Maraqlı cavabdır, amma daha zərifi, daha dərini də var: "Müəllim, düşünürəm ki, təmiz niyyətinə, ixlasına xələl gəlməsindən qorxub qardaşımız, məsələ sadəcə Allahla öz arasında qalsın, istəyib. Üstəlik, özünü hələ baş verməmiş hadisənin qəhrəmanı hesab etməkdən utanıb, hətta bir saatlığına, yarım saatlığına olsa belə!"

Bəzən mən də belə düşünürəm, məsələn, düşünürəm ki, Şəhid Mübariz bizim onun haqqında yazdıqlarımızı görsə bərk utanardı, çox şişirdirsiniz, deyərdi, hələ bir də məsumca gileylənərdi ki, Allah evinizi tiksin, indi bəs mən necə çıxacam insanların arasına? Necə ki, oxuyuruq, sən demə General Polad Həşimov eynən belə eləyirmiş, haqqında yazılan yazıların müəlliflərinə zəng edib sildirirmiş onları, müzakirə olunmağı sevmirmiş, narahat olurmuş bundan və sair və ilaxır. Sizcə, niyə? Məncə, eyni səbəblə!

Məsələn, həyat yoldaşı Ofelya xanım danışır: "Aprel döyüşləri dörd gün davam etdi. Sonra o mənə zəng elədi ki, hər şey yaxşıdır, amma 20 gün müddətinə evə gəlmədi. Qayıdanda yerişində problem olduğunu gördüm, ancaq yaralanmasını yenə də bizə bildirmədi".

Anasının sözlərinə görə, hətta oğlunun General rütbəsi almasını xəbərini də ilk dəfə başqalarından eşidiblərmiş, dəhşətdir, hələ şəhadət xəbərini də: "Gecəni narahat yatmışdım, səhər dostlarına, tanışlarına zəng elədim, demə hamı bilirmiş, bircə başı batmış anasından başqa. Ölmüş anasından başqa". ("Polad Generalımız").

Şair deyir, biz ön sıraya iddialı ikən, Allah məclisin sonunda olanları seçdi; "Məclisin sonunda" olanlar kimlərdi? Sakit, səssiz, pafossuz olanlar, ön cəbhədə olsalar belə özlərini son sıralardakı kimi aparanlar. Məhz belələri seçilməyə layiqdir!

İLQAR KAMİL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR