dini radikalizm və ekstremizmlə mübarizə

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT Baş katibi Tomas Qreminqer ilə görüşüb və tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

APA Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, görüş zamanı Baş katib Qreminqer ATƏT-in Azərbaycanı təhlükəsizliyin hər üç ölçüsü – hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü – üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib. Bu xüsusda, Baş katib ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyasını göndərdiyini xatırladıb.

Nazir Elmar Məmmədyarov vurğuladı ki, bu seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir.

Nazir Elmar Məmmədyarov Baş katib Qreminqeri bu ilin 28-30 yanvar tarixlərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb. Baş katib Qreminqer Minsk Qrupunun həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensive təmaslar vasitəsilə əhalilərin sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb.

Nazir Məmmədyarov və Baş katib Qreminqer, həmçinin ATƏT-in “Xəzər Dənizi bölgəsində Yaşıl Limanların və Bağlılığın təşviq edilməsi” layihəsinin həyata keçirilməsinin hazırkı mərhələsini müzakirə etdilər. Layihə Xəzər dənizi boyunca və daha geniş bölgədə bağlılığı təşviq etmək üçün yenilənə bilən enerji, rəqəmsallaşma və ticarət və nəqliyyat vasitələrindən daha yaxşı istifadə etmələri üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanı dəstəkləmək məqsədini daşıyır.

Nazir Elmar Məmmədyarov Baş katib Qreminqeri yaxın gələcəkdə Azərbaycana səfər etməyə dəvət etdi. Nazir bildirdi ki, Baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.

Oxunub: 431
Oxşar xəbərlər
SON XƏBƏRLƏR