dini radikalizm və ekstremizmlə mübarizə

Deputat seçildiyi dairənin ərazisində yaşayan sakinlərin Milli Məclisdə təmsilçisi, danışan dili və görən gözü olmalıdır


Öncə özünüz haqqında məlumat verin.
9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev. AMEA-da aparıcı elmi işçi vəzifəsində çalışıram.
Seçki təbliğatınız necə gedir?
Hər şey qaydasındadır. Seçicilərlə görüşlərim davam edir. Seçicilərim məni çox hörmət və səmimiyyətlə qarşılayırlar. Artıq imza toplama zamanından mənim şəxsən imza toplamağım onlarda mənə qarşı rəğbət hissi oyatmışdı. Xalq deputatlığa namizədin onların yanına gəlməsini, qapılarını şəxsən döyməsini, onlarla ünsiyyətdə olaraq problemlərini, çətinliklərini şəxsən dinləməsini yüksək qiymətləndirir. Acınacaqlısı odur ki, əvvəlki deputatlar və deputatlığa namizədlər onların problemləri ilə maraqlanmamış, diqqətdə saxlamamış, həllinə kömək etməmişlər. Mən bir şeyi də müşahidə etdim ki, keçmiş deputatların böyük əksəriyyətinə xalq arasında inam və güvən yoxdur, seçicilər onların yenidən seçilməsini istəmirlər.
Sizcə deputatlara xalqın inamının və güvəninin itməsinin səbəbi nədir?
Sualınıza cavab olaraq demək istəyirəm ki, deputat seçildiyi dairənin ərazisində yaşayan sakinlərin Milli Məclisdə təmsilçisi, danışan dili və görən gözü olmalıdır. Onların qarşılaşdığı, yaşadığı bütün çətinliklər, problemlər deputatın vasitəsilə Milli Məclisdə səsləndirilməli, aidiyyatı qurumlar qarşısında həmin problemlərin həlli ilə bağlı təşəbbüs göstərilməlidir. Təəssüflər olsun ki, mənim də namizəd olduğum 9 saylı Binəqədi ikinci seçki dairəsinin seçiciləri nə deputatlarının adını bilir, nə də onların üzünü görmüşlər. Bu da onu göstərir ki, həmin deputatlar yenidən seçilsə, seçicilərə qarşı biganəlik və laqeydlik davam edəcək. Seçicilər isə yeni seçiləcək deputatdan yeniliklər gözləyir.
Əpoş müəllim, 9 saylı Binəqədi ikinci seçki dairəsindən olan namizədlərdən kimi özünüzə əsas rəqib hesab edirsiniz?
Mən 9 saylı Binəqədi ikinci seçki dairəsindən olan namizədlərdən heç birini özümə rəqib hesab etmirəm. Beləki seçiciylə görüşə cangüdən və qoçu dəstələri ilə gedən, özünü xalqdan üstün tutan, yalnız öz mülklərini mühafizə etmək üçün deputat olmağa can atan namizədlər mənim rəqibim ola bilməz. İnanıram ki, demokratik seçkidə həmin namizədlər xalqdan səs ala bilməyəcək. Mən deputat seçiləcəyim təqdirdə seçicilərim əsl deputatın necə olduğunun şahidi olacaqlar.

Oxunub: 895
Oxşar xəbərlər
SON XƏBƏRLƏR