dini radikalizm və ekstremizmlə mübarizə

Hikmət Babaoğlu: Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi qərarı Azərbaycanın nüfuzunun artmasının daha bir təsdiqidir


“Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisədir. Bu, hər şeydən əvvəl Azərbaycanın beynəlxalq nüfuzu və kosmik kluba üzv olması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bu tədbir müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Konqresin işində ABŞ-ın vitse-prezidenti Pensin iştirak etməsi bu tədbirin nə qədər əhəmiyyətli olmasından xəbər verir”. Bu fikirləri a Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, belə bir mötəbər tədbirdə növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi və ona olan inamın, etimadın, eyni zamanda, son illərdə müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurların nəticəsidir. Hazırda Azərbaycanın 3 peyki var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək üçün iddialı olan çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bunlar Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Ancaq bu güclü rəqibləri arxada buraxaraq ev sahibliyi hüququ əldə edə bilməyimiz bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində nə qədər böyük nüfuza sahib olmasından xəbər verir. Bu, həmçinin tədbirin keçirilməsi üçün yetərli infrastruktura və logistikaya malik olmağımızın sübutudur.

Deputat əlavə edib ki, “Azərkosmos” qısa müddət ərzində çox böyük uğurlara imza atmaqla xidmət sahəsində ölkəmizin ən böyük ixracatçısına çevrilməyi bacarıb. Bütövlükdə isə Azərbaycanın ixracat sektorunda üçüncü yerdədir. Bu göstərici təkcə neft və digər ənənəvi sahələrdə deyil, intellektual və innovativ texnologiyalar sahəsində də Azərbaycanın mühüm uğurlar əldə edə biləcəyinin sübutudur. Ancaq bir mühüm faktı da qeyd etmək lazımdır ki, “Azərkosmos”un uğurla idarə olunması və müvafiq xidmətlərin ixrac edilməsi həm də yüksək dərəcədə ixtisaslaşmış kadrlar sayəsində mümkün olub. Bu da müvafiq sahədə ölkəmizdə mühüm kadr potensialının mövcudluğundan xəbər verir.

H.Babaoğlu vurğulayıb ki, bununla yanaşı, peyk xidmətləri təkcə ixracat və valyuta əldə etmək vasitəsi deyil, həm də ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallarla bağlı önləyici tədbirlərin görülməsi üçün də əhəmiyyətlidir. Konqres, eyni zamanda, bütün dünyanın diqqətini bir daha Azərbaycana cəlb etməklə növbəti mərhələdə yeni müqavilələrin imzalanması, yeni texnologiyaların cəlb edilməsi, əməkdaşlıq etdiyimiz ölkələrin sayının və coğrafiyasının genişlənməsi hadisəsi olacaq ki, bu da ölkəmizdə kosmik sənayenin inkişafı üçün yeni perspektivlər yaradacaq.

Oxunub: 544
Oxşar xəbərlər
SON XƏBƏRLƏR