dini radikalizm və ekstremizmlə mübarizə

İlham Məmmədov: Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatı uğursuz erməni xarici siyasətinin növbəti ifadəsidir



“120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin Sədrliyi ilə Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik nailiyyətidir. Bu, beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda nüfuzunun ifadəsidir”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə olan Zirvə Görüşündə beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi tədbir idi. "Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə söylədiyi nitqdə Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Həmçinin ölkəmizin siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatında sədrlik dövrü üçün ölkəmizin əsas prioritetlərini də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Zirvə Görüşü Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Toplantıda Ermənistan 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı, Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə edildi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüfləndiklərini bildirdilər və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini qeyd etdilər. Bütün bunlar ölkəmizin böyük uğurudur"-deyə, İ.Məmmədov vurğulayıb.

Millət vəkili qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun sənədi ilə bağlı Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir: "Uğursuz və təcrid vəziyyətinə düşən Ermənistan Qoşulmama Hərəkatının üzv dövlələtini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə "ittiham" edir. Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi Ermənistanın çarəsizliyinin və təlaş içərisində olmasının göstəricisidir. Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistan özüdür".

Oxunub: 579
Oxşar xəbərlər
SON XƏBƏRLƏR