dini radikalizm və ekstremizmlə mübarizə

“Moskvanın hansı təlimatı verəcəyini gözləyirlər” – Politoloq

“Moskvanın hansı təlimatı verəcəyini gözləyirlər” – Politoloq
"Azərbaycan və Ermənistan dövlət başçıları arasında Vyanada keçirilmiş görüş nəticə vermədi. Əlbəttə, bunun səbəbi Ermənistan hakimiyyətinin yürütdüyü qeyri-konstruktiv siyasət və İrəvandan verilən anormal bəyanatlardır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, görüşdən sonra Müdafiə naziri David Tonoyanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi və müharibə təhdidləri Ermənistanın münaqişəsinin dinc yolla həllindən uzaq olduğunu göstərdi:

“Amma Azərbaycan Müdafiə naziri Zakir Həsənovun cavab açıqlaması Ermənistan hakimiyyətini geri çəkilməyə məcbur etdi. Əvvəlcə Tonoyan, sonra isə Nikol Paşinyan sülh istədiklərini bildirdilər. Əslində İrəvan da başa düşür ki, bu cür bəyanatlar verməklə yenidən aprel ssenarisinin təkrarlanmasına yola aça bilərlər ki, bu da geniş müharibəyə gətirib çıxara bilər. Azərbaycan ordusu qısa vaxt ərzində aprel döyüşlərində olduğu kimi, düşməni məğlub etməyə qadirdir. Ermənistana dəstək verən xarici dövlətlərin maneələri olmasa, Zakir Həsənovun da dediyi kimi, Azərbaycan ordusu İrəvanadək irəliləməyə qadirdir.

Hesab edirəm ki, Ermənistan rəhbərliyinin bu bəyanatları qurduqları siyasi oyunun bir hissəsidir. İrəvan bununla Azərbaycanı “müharibə istəyən dövlət” kimi göstərməyə çalışır. Amma kimin işğalçı, kimin işğala məruz qaldığını bütün dünya ictimaiyyəti bilir”.

Ramiyə Məmmədovun sözlərinə görə, Azərbaycana qarşı aqressiv mövqe tutan Baş nazir Nikol Paşinyan münaqişənin həll prosesini uzatmaq məqsədi güdür:

“Çünki bu məsələdə Rusiyadan asılı olduğunu başa düşürlər. Həmişə Moskvanın hansı təlimatı verəcəyini gözləyirlər. Onlar sülhün Azərbaycandan çox Ermənistana lazım olduğunu da dərk edirlər, amma bir iş də görə bilmirlər. Çünki müharibə başlasa, kiminlə üz-üzə qalacaqlarını yaxşı bilirlər. Buna görə də həmişə Moskvanın ağzına baxırlar.

Hesab edirəm ki, Rusiya ilə yanaşı, daxildəki siyasi qüvvələrdən də təzyiqlər olmasa, Paşinyan çıxılmaz vəziyyətdə qala bilər. Paşinyanın həyat yoldaşı Anna Akopyan Vaşinqtonda olarkən açıq formada bildirdi ki, Qarabağda heç nədən erməni hərbçilər həlak olublar. Bir növ Paşinyan və ailəsi bununla onu izah etməyə çalışır ki, onlara müharibə lazım deyil və bu münaqişə Rusiya və keçmiş Ermənistan hakimiyyətinin oyunudur. Lakin buna baxmayaraq, Paşinyan onu da ehtimal edir ki, Azərbaycanla sülhə razılaşsa, əraziləri geri qaytarsa, Serj Sərkisyanın aqibəti ilə üzləşə bilər. Buna görə də Paşinyan digər separatçılardan da fərqlənmədiyini göstərir”.

Politoloq qeyd edib ki, bu müharibənin həlli nə Paşinyanın, nə də Ermənistan dövlətinin əlindədir: “Bu münaqişənin həlli onu yaradan və dəstəkləyən Rusiyanın əlindədir. Yəni məsələ Rusiya ilə həll olunmalıdır”.

Oxunub: 549
Oxşar xəbərlər
SON XƏBƏRLƏR