dini radikalizm və ekstremizmlə mübarizə

Kreml ilk təzyiqini işə saldı: Paşinyanı ram etmək üçün...

Kreml ilk təzyiqini işə saldı: Paşinyanı ram etmək üçün...
Əslində Ermənistan və Rusiya əlaqələrinin son aylarda gərginləşdiyi ilə bağlı müxtəlif məlumatlar dolaşır. Reallıqda da Ermənistanda elə hadisələr baş verir ki, bunlar Moskvanın xoşuna gəlmir.

Bu sözləri Axar.az-a Rusiyanın Ermənistan üçün qazın qiymətinin qaldırılması barədə siyasi qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Ermənistan iqtisadiyyatının, ümumiyyətlə, Ermənistanın Rusiyadan asılılığı kifayət qədər yüksək səviyyədədir:

“Rusiyanın əlində müxtəlif istiqamətlərdə rıçaqlar var ki, onlardan istifadə etməklə, Ermənistana təsir etmək imkanlarına malikdir. Son zamanlar Ermənistanın yeni rəhbərliyinin Qərblə yaxınlaşması, müəyyən addımlar atması, kadr siyasəti, Paşinyanın yaxın köməkçilərinin çox açıq şəkildə antirusiya təbliğatı aparan şəxslər olması rəsmi Moskvanın heç də xoşuna gəlmir. Artıq Kreml əlindəki rıçaqlardan istifadə edərək, Ermənistana təzyiq göstərməyə başlayacaq. Bununla bağlı müəyyən addımlar atılacaq”.

Ekspert qeyd edib ki, Ermənistan Rusiyadan ən ucuz qaz alan iki ölkədən biridir:

“Ermənistan və Belarus qazı Rusiyanın öz əhalisinə satdığı qiymətə alırdılar. Bu rəqəm təxminən 140-150 dollar civarındadır. İndi Rusiya tərəfdən açıqlanan məlumat ondan ibarətdir ki, danışıqlar başlanılacaq və gələn ildən Ermənistana satılan qazın qiyməti artırılacaq. Təbii ki, qaz müqavilələri uzunmüddətli bağlandığı üçün bunun baş verməsi bir az zaman alacaq”.

Ekspert vurğulayıb ki, bu, Ermənistana xüsusi təzyiq vasitəsi kimi istifadə ediləcək:

“Yanvarın 1-dən Rusiya bu addımı ata bilər. Amma Ermənistanın İranla da qaz müqaviləsi var. Bu gün Ermənistan mətbuatında çıxan bəzi məlumatlar da ona işarə edir ki, Ermənistan qazın böyük bir hissəsini Rusiyadan yox, İrandan almalıdır. Amma İran qazının qiyməti daha bahadır. Minimum qiymət 200-210 dollar civarındadır. Bu da o deməkdir ki, qazın bütün həcmini İrandan almaq Ermənistana sərf etməyəcək. Çox güman ki, Rusiya Ermənistandan istədiyini alıb qiymətləri aşağı səviyyələrdə saxlayacaq və təzyiqlərin nəticəsini görəcək. Əgər Ermənistan tərəfi, yeni rəhbərlik müəyyən güzəştlərə getməsə, çox güman ki, yanvar ayından Ermənistana satılan qazın qiyməti ən azı 20% qalxacaq. Bu da Ermənistan iqtisadiyyatına mənfi təsir göstərəcək, inflyasiya dərəcəsini yüksəldəcək, əhaliyə satılan qazın qiyməti artacaq. Hətta Ermənistanda elektrik enerjisinin də qiymətində artma müşahidə olunacaq. Çünki Atom Elektrik Stansiyasından kənarda istehsal edilən elektrik enerjisi Ermənistanda qazdan alınır. Bunun da qiymətinin artma ehtimalı getdikcə artır”.

Ekspert bildirib ki, Ermənistan Moskvanın istəklərini sonuna qədər yerinə yetirə bilməsə, Moskva Ermənistandakı indiki hakimiyyəti devirə bilər:

“Çünki Ermənistanda hakimiyyət dəyişikliyinə getmək üçün Moskvanın əlində kifayət qədər rıçaqlar var. Ermənistan iqtisadiyyatının təxminən 70%-i Rusiyanın əlindədir. Mobil operatorlar bazarı, bank, enerji sektoru Rusiyadan çox asılı vəziyyətdədir. Rusiyanın Ermənistana təzyiq vasitələri kifayət qədər genişdir. Qarabağ məsələsindən də Rusiya istifadə edə bilər. Digər tərəfdən təxminən 2-2,5 milyon erməni Rusiyada yaşayır ki, onlar Ermənistana hər il 1 milyard dollara yaxın vəsait göndərirlər. Bu da Ermənistanda sosial gərginliyin azaldılmasına xidmət edən əsas faktorlardan biridir. Amma münasibətlər gərginləşsə, Rusiya bu transferlərə də maneə yarada bilər”.

Qeyd edək ki, dünən “Qraparak” qəzeti Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırmağa hazırlaşdığı bildirilib.

Oxunub: 999
Oxşar xəbərlər
SON XƏBƏRLƏR