dini radikalizm və ekstremizmlə mübarizə

Tofiq Zülfüqarov: “Həm danışıqlara, həm də müharibəyə hazır olmalıyıq”

Tofiq Zülfüqarov: “Həm danışıqlara, həm də müharibəyə hazır olmalıyıq”
“İndiki mərhələdə ermənilərin yeni səhvlər buraxmasına mane olmamalıyıq”
Ermənistanda baş verən hadisələr təbii olaraq Azərbaycan vətəndaşlarının da yaxından marağına səbəb olub, bu mənada medianın işğalçı ölkədəki olayları yaxından təqib etməsi anlaşılandır. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”ın bu mövzuda suallarını cavablandırdı.

- Tofiq bəy, gözlənildiyinin əksinə olaraq, Ermənistandakı etirazların başında dayanan müxalifət lideri Nikol Paşinyan asanlıqla baş nazir postunu tuta bilmədi və hadisələr daha kritik məcraya daxil oldu. İşğalçı ölkədə nə baş verir, prosesləri tətikləyən qüvvələr kimdir?

- Bu hadisələrin səbəbi heç də siyasi mövqelərin toqquşması deyil, sadəcə olaraq, Qarabağ klanı Ermənistan erməniləri ilə toqquşmasıdır. Baş verən hadisələr də tam şəkildə bunu göstərir. Çünki siyasətə aid bəyanatlar, Qarabağ mövzusunu, yaxud digər mövzuları götürsək, təxminən eynidir. Bu baxımdan hadisələr onu göstərir ki, mövcud böhranın tendensiyası daha da dərinləşməkdədir. Şəxsən mən qüvvələrin ciddi şəkildə toqquşmasını istisna etmirəm. Çünki gec və ya tez bu hadisələrə həm hüquq-mühafizə orqanları, həm də ordu müdaxilə edəcək. Biz başa düşürük ki, 10 ilin ərzində Sərksiyan və Qarabağ klanı hər bir qurumda öz adamlarını yerləşdirib, onlar asanlıqla hakimiyyətdən gedən deyillər.

- Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvan ətrafına cəmləşdirilir. Üstəlik, Ermənistanın müdafiə naziri aksiyaçılara hərbi texnika və maşınların yolunu kəsməməklə bağlı xəbərdarlıq edib...

- Dediyim kimi, ordu dövlətin bir institutu, təşkilatıdır və çox şey ondan asılıdır ki, bu qurumların başında hansı klanın nümayəndəsi durur. Təbii ki, Qarabağ klanının nümayəndələri hər bir imkandan istifadə edəcəklər. İkincisi, əvvəl deyilən kimi, Ermənistanda bəzi qüvvələr göstərmək istəyirdilər ki, ruspərəst və qərbpərəst siyasətçilərin arasında toqquşma var. Amma verilən bəyanatlar onu göstərir ki, yox, siyasi əsaslar yoxdur. Sadəcə, hakimiyyəti ələ keçirmək, imkanları bir əldə cəmləşdirmək cəhdləri mövcuddur.

- Bəs, bu etirazçı qüvvələrin arxasında hansı “pərəst”lər var?

- Əgər müxalifəti götürsək, bu, Ermənistanın siyasi, iqtisadi və ziyalı təbəqələrini birləşdirən, Qarabağ klanına qarşı çıxan qüvvələrdir. Onların qarşında həm oliqarxlar, həm ziyalılar var. Oliqarxlar nəyə görə? Biz hadisələrin gedişində görmüşük ki, hüquq-mühafizə orqanlarının ələ alınması cəhdləri mövcuddur. Hətta bunun üçün pul təklif olunurdu. Birinci müxalifətin tərəfinə keçənə 10 min dollar vəd edilib, bilmirəm verilib, ya yox. Digərlərinə min dollar. Yəni bu hadisələrin arxasında hansısa maliyyə imkanlarına malik olan dairələr də dayanır.

- Yəni qərbpərəstlər söhbətinin əsası yoxdur, eləmi?

“Qarabağ klanı asanlıqla hakimiyyətdən gedən deyil”
- Şəxsən mən o fikirdə deyiləm. Çünki mən belə hesab edirəm ki, Qərbin Ermənistanda o qədər də böyük marağı yoxdur. İkincisi də mən o fikirdəyəm ki, ümumiyyətlə, Rusiya bu bölgədən çəkilmək istəyir. Çünki artıq Ermənistan Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan mənasız bir yükə çevrilib. Təbii ki, bu yükdən özünü azad etmək Rusiya üçün aktualdır. Baxın, son on ilin ərzində Rusiya özünün hərbi kontingentində nə qədər ixtisarlar aparıb. Xaricdə heç bir strateji əhəmiyyətə malik olmayan, Rusiyanın müdafiəsi üçün heç bir əhəmiyyət kəsb etməyən hərbi bazanı saxlamaq da mənasız bir şeydir. Üstəlik, günü-gündən əhalisi azalan bir ölkə iqtisadi baxımdan da Rusiya üçün heç bir maraq kəsb etmir. Yəni Ermənistan öz siyasəti nəticəsində artıq dalana dirənmiş bir ölkədir. Hansı ki, o siyasətin nəticələri üzə çıxır. Bunun əsasında da müxtəlif qruplaşmalar bir-biri ilə toqquşmağa başlayıb. Çünki ortada olan iqtisadi maraqlar azalır və onun bölünməsi daha da aktuallaşır.

- Amma faktlar Rusiyanın Ermənistandan asanlıqla əl çəkmək niyyətində olmadığını deməyə əsas verir. Putin və Medvedyevin Serj Sərkisyana telefon zəngləri, Nalbəndyanın Moskvaya çağırılması, rusiyalı deputatların İrəvana səfəri, Paşinyanın baş nazir seçilməsinin əngəllənməsi. İndi də xəbər yayılıb ki, Sərkisyan da Kremlə çağırılıb. Bəs bu haqda nə deyə bilərsiniz?

- Bilirsiniz, uzun müddət aparılan təbliğat var, “Ermənistan bizim yaxın dostumuzdur, forpostumuzdur” və s. Əlbəttə, bu mənada Rusiya hansısa fəaliyyət göstərməlidir ki, guya Kreml Ermənistanın Rusiya himayəsindən Qərbə doğru getməsindən narahatdır. Amma biz görürük ki, real heç bir addım atılmır. Birincisi, çox asanlıqla Sərkisyanın istefası qəbul olundu. İkincisi, Qərbin və Rusiyanın bu hadisələrə aid bəyanatları heç də fərqlənmir. Həm Rusiyanın, həm də ABŞ-ın Ermənistandakı səfirlikləri eyni məzmunlu bəyanat verdilər. Bu baxımdan hesab edirəm ki, bu böhran daha da dərinləşəcək. Bir daha xüsusi vurğulayıram ki, bu böhran Ermənistanın uzun müddət regionda həyata keçirdiyi siyasətin nəticəsidir. Yəni öz qonşuları ilə konfliktləri olan bir ölkədir. İndi görünən budur ki, onun uzun müddət digər ölkələrə satdığı siyasət indi heç kəsə lazım deyil.

- İndiki durum Azərbaycan üçün nə vəd edir? Siz bu vəziyyəti Qarabağın azadlığı üçün şans sayırsınızmı?

- Biz bu hadisələri diqqətlə izləməli, hər bir vəziyyətə, siyasətə hazır olmalıyıq. Həm real sülh danışıqlarına, həm də hərbi əməliyyatların bərpasına. Amma indiki mərhələdə biz ermənilərin yeni səhvlər buraxmasına mane olmamalıyıq. Onlar günü-gündən daha artıq səhvlərə yol verirlər. Elə Paşinyanın baş nazir seçilməməsi Ermənistanın sabitliyi üçün yanlış olan bir addım idi. Bu, böhranın daha da dərinləşməsinə imkan yaradır. Azərbaycana gəldikdə, gəlin mane olmayaq, imkan verək onlar səhvlərini daha da çoxaltsınlar və bu səhvlərin ümumi çəkisi daha da artsın. /musavat.com/

Oxunub: 725
Oxşar xəbərlər
SON XƏBƏRLƏR