dini radikalizm və ekstremizmlə mübarizə

Politoloq: Jirinovskinin dedikləri öz fikirləridir

Politoloq: Jirinovskinin dedikləri öz fikirləridir
Fevralın 1-də Rusiyada prezidentliyə namizəd Vladimir Jirinovski Qarabağ münaqişəsinin həllini tapması üçün Azərbaycan və Ermənistanın Rusiyaya birləşməsini, bunun yeganə yol olduğunu bildirib. Bu bəyanata ciddi yanaşmaq lazımdır, ya yox?

Bu sualı rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov Oxu.Az-a verdiyi müsahibədə cavablandırıb.

– Bəzi ekspertlər Jirinovskinin Kremlin ağlında olan fikirləri dilə gətirdiyini hesab edir. O bildirib ki, Qarabağ probleminin bir çıxış yolu var. Azərbaycan milli sərhədlərinin qorunması şərtilə, Rusiya Federasiyasına birləşməlidir. Bu bəyanatı necə qiymətləndirirsiniz?

– Mən, həqiqətən, Rusiyada Vladimir Volfoviç Jirinovskinin onillərdir ki, “sınmış rupor” sosial funksiyasını yerinə yetirdiyini, yəni Kreml və ya digər real siyasi qurumun bu və ya digər səbəbə görə, açıq şəkildə, rəsmi olaraq ifadə edə bilmədiyi fikirləri, təşəbbüsləri səsləndirdiyini hesab edən politoloqlarla razılaşıram. Buna saysız-hesabsız misallar gətirmək olar, hamısını sadalamağa vaxtımız çatmaz.

Ancaq bu, o demək deyil ki, siyasətçinin öz şəxsi iradəsi və ya təşəbbüsü yoxdur, müstəqil bəyanatlarla çıxış edə bilmir. Onun real siyasətdə öz praktiki tətbiqini tapan bəzi kifayət qədər səmərəli layihələrin müəllifi olduğunu bilirik. Bu, bir növ Bernulli qanununa bənzəyir. Hakimiyyət sisterndir, Jirinovski isə ona paralel olan nazik boru. O, kifayət qədər müstəqildir, hətta vaxtaşırı öz-özünə kifayət edir.

– Sizcə, Rusiya parlamentinin vitse-spikerinin bu bəyanatını nə dərəcədə ciddiyə almaq lazımdır?

– Onun Qarabağ münaqişəsinin yeganə çıxış yolunun Rusiya Federasiyasına birləşməkdən keçdiyi barədə bəyanatına gəlincə, bu, cənab Jirinovskinin və ya onun Kreml kuratorunun şəxsi təşəbbüsü və fikridir, heç bir halda, dövlət olaraq Rusiya Federasiyasının rəsmi mövqeyi ola bilməz.

Dmitri Medvedevin prezidentlik dövründən bəri Rusiya adından Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan bütün danışıqları, müstəsna olaraq, dövlətin birinci siması aparır, başqa heç kim. Xarici işlər naziri, prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının rəhbəri – bütün bunlar texniki icraçılardır, yüksək vəzifəli olsalar belə, sadəcə, icraçılardır. Bu məsələdə Rusiya prezidentinin sözü yeganə düzgün və məsuliyyətli sözdür. Vladimir Putin dəfələrlə bildirib ki, Rusiya qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə də mən şəxsən bu məsələyə birmənalı yanaşıram.

Oxunub: 740
Oxşar xəbərlər
SON XƏBƏRLƏR