dini radikalizm və ekstremizmlə mübarizə

Deputatlar axundlara rəsmi nikah kəsmək hüququnun verilməsinin əleyhinədir

Deputatlar axundlara rəsmi nikah kəsmək hüququnun verilməsinin əleyhinədir
Türkiyədə din xadimlərinə – müftilərə rəsmi nikah kəsmək hüququ verilməsi məsələsi artıq neçə müddətdir gündəm mövzusu olaraq qalmaqdadır.

Düzdür, bir ara bu məsələ kölgədə qalsa da, yenidən gündəmə gəlib.

Yəni, bu günə qədər dini kəbin (molla kəbini) kəsməklə məşğul olan və fəaliyyəti bununla məhdudlaşan din xadimləri bundan sonra rəsmi dövlət orqanları kimi, rəsmi nikah kəsmək hüququ da əldə edə bilərlər.

Qeyd edək ki, bu təklif iqtidar partiyası olan AKP tərəfindən gəlib və adıçəkilən partiyanın lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib.

O, bu məsələ gündəmə gələrkən, “İstəsəniz də, istəməsəniz də, bu, reallaşacaq”, - deyə bəyan etmişdi.

Amma bu təklif istər həmin vaxt, istərsə də indi Türkiyədə bir sıra siyasi qüvvələr, o cümlədən, “ana müxalifət” partiyası olan CXP tərəfindən ciddi narazılıq və kəskin etirazla qarşılanmaqdadır. CXP rəsmiləri o zaman da, indi də bu məsələnin Türkiyənin Konstitusiyasına, dünyəvilik prinsiplərinə uyğun gəlmədiyini bildirirlər. Onların fikrincə, bu məsələ reallaşarsa, Türkiyədə o zaman çoxarvadlılıq, qızların erkən nikahlara məcbur edilməsi, xüsusilə, erkən nikahlar adı altında gənc qızların cinsi istismara məruz qoyulması halları arta və sürətlənə bilər. Ona görə də CXP-lilər bu təklifin qəbuledilməz olduğunu, onun reallaşmasına var gücləri ilə mane olacaqlarını vurğulayırlar.

Bəs görəsən, qardaş və dost Türkiyədə sözügedən məsələ öz müsbət həllini taparsa, bu, gələcəkdə Azərbaycanda da reallaşa bilərmi? Daha doğrusu, din xadimlərinə – axundlara (mollalara) dini kəbin kəsməklə yanaşı, rəsmi nikah kəsmək hüququ da verilə, parlamentdə bu yöndə qanunvericilik aktı qəbul edilə bilərmi? Və bu zaman cəmiyyətdə nələr yaşanar?

Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Sahib Alıyev bildirib ki, rəsmi nikah deyiləndə dövlət orqanının təsdiqlədiyi nikah nəzərdə tutulur.

“Azərbaycanda din dövlətdən ayrıdır və buna görə din xadimləri dövlət adından rəsmi sənəd verə bilməzlər…”, - deyə millət vəkili qeyd edib.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Musatafa hesab edir ki, vətəndaşın nikahına əksəriyyəti sağlam düşüncə daşıyıcısı olmayan din adamlarını qarışdırmaq yanlış addım olardı.

“Türkiyədəki müftilərə hansı səbəbdən bu hüququn verilməsini bilmirəm. Əgər onların bir qismi dövlət məmuru sifəti ilə belə bir funksiyanı gerçəkləşdirirlərsə, o zaman bu, nikahın dövlət adından rəsmiləşdirilməsi deməkdir və burada narahatedici hansısa məqam olmaz. Ancaq dövlət qulluqçusu sayılmayan din xadimi tərəfindən bu nikah rəsmiləşdirilirsə, əlbəttə ki, laiklik – dünyəvilik prinsiplərinə zidd addım sayılacaq.

Azərbaycanda bu funksiyanın dövlət qulluqçusu olmayan dindar şəxslərə verilməsi Konstitusiyamıza və dünyəvi dövlət modelimizə zidd olardı. Mövcud vəziyyət, fikrimcə, daha qaneedicidir və vətəndaşın nikahına əksəriyyəti sağlam düşüncə daşıyıcısı olmayan din adamlarını qarışdırmaq yanlış addım olardı”, - deyə millət vəkili sözlərinə əlavə edib.

“Dini nikah ənənəsi min illər ərzində formalaşıb. İnsanlar ilahi izdivaca daxil olduqlarını bu yolla rəsmiləşdirməyə çalışıblar. Xüsusilə də dövlət anlayışının və hüquq normalarının formalaşmadığı orta əsrlərdə Şərqin ailə modeli başqa cür təsəvvür oluna bilməzdi. Lakin müasir dövrdə vəziyyət köklü şəkildə dəyişib. Çünki mülkiyyət münasibətlərindən tutmuş, sağlamlıq, vəzifə və imtiyazlar, bir sözlə, mənəvi-maddi şərait yalnız qanunlar vasitəsilə çözülə bilər”.

Bu fikirlər millət vəkili Zahid Oruca məxsusdur.

O qeyd edib ki, gizli izdivaclar və molla kəbini sabit ailə quruluşlarını təhdid edir. Belə cütlüklərdən doğulan uşaqların taleyi çox vaxt ortada qalır.

“Ona görə də cəmiyyətdə etiraz səsləri eşidilməyə başlandı ki, din hər kəsin fərdi inanc hadisəsi olmaqdan çıxıb arbitr rolunu oynamağa qərar verəndə günahkar duruma düşür və ailənin də, dövlətin də şəkli dəyişir. Axı, şəriət qanunları ilə sivil normaları uzlaşdırmaq qeyri-mümkündür. Ona görə də dini nikahları tamamilə ləğv etmək nə qədər çətin olsa da, ona icazə hüququnun verilməsi məqbul deyil”, - deyə millət vəkili vurğulayıb.

Oxunub: 878
Oxşar xəbərlər
SON XƏBƏRLƏR