» » Prezident İlham Əliyev: Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlər var

Prezident İlham Əliyev: Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlər var

Prezident İlham Əliyev: Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlər var Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul edib.
Səfir Onno Kervers fəxri qarovul dəstəsinin qarşısından keçib.
Onno Kervers etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Niderland arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı qeyd edib ki, ölkəmiz bu əlaqələri daha da genişləndirmək niyyətindədir. Niderland Krallığının Baş naziri Mark Rütte ilə beynəlxalq tədbirlər zamanı görüşünü xatırlayan Prezident İlham Əliyev bu ölkənin nazirlərinin və digər rəsmi şəxslərinin böyük nümayəndə heyətləri ilə Azərbaycana səfərlərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Niderlandın bir sıra şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini, mühüm layihələr həyata keçirdiklərini qeyd edib. Niderland Krallığının Avropa İttifaqının vacib üzvü kimi Avropa məsələlərində mühüm rol oynadığını deyən Prezident İlham Əliyev həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlərin mövcud olduğunu bildirib, bu əlaqələrin gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Dövlət başçısı səfir Onno Kerversin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə, iki ölkə arasında əməkdaşlığın uğurlu inkişafının gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın ölkəmizə və Azərbaycan xalqına ən xoş arzularını çatdıran səfir Onno Kervers ölkələrimiz arasında nisbətən qısa müddət ərzində qurulan əlaqələrin dinamik inkişaf etdiyini deyib. Daha sonra səfir Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirib. Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəal işlər gördüyünü deyən Onno Kervers enerji, informasiya-kommunikasiya texnologiyaları, o cümlədən kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Niderland Kralına çatdırmağı xahiş edib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31