Главная > medeniyyet > "Bir səbət tənhalıq"ın ümidi...

"Bir səbət tənhalıq"ın ümidi...


15-04-2019, 13:25. Разместил: djbaz
"Bir səbət tənhalıq"ın  ümidi...
Əslində hər kəsin içində özünəməxsus tənhalıq var... Və hər kəs bu tənhalığı müxtəlif cür yaşayır... Amma fiziki qüsuru ucbatından özünə qapılıb illuziyalar quran və cəmiyyət tərəfindən birmənalı qarşılanan bir qızın tənhalığı isə daha dəhşətlidir... Müəllif M. Vahidzadə aktual mövzu seçmişdir. Qadın tənhalığı insanı biganə qoya bilmir. Rejissor Nofəl Vəliyev çox sadə süjet xətti olan bir əsəri özünəməxsus rejissor duyumu ilə çox maraqlı səhnələşdirib. Aktyor seçimi maraqlıdır. Səhnələrin dəyişkən ardıcıllığı tamaşaçını yormur...
Aktrisa Küşvər Şərifova sanki mono tamaşalarda xüsusi diqqəti cəlb edir... Əlbəttə, onun maraqlı obrazları var... Amma bu qəbildən olan tamaşalarda aktrisanın bütün potensial imkanları ön planda olduğundan tamaşaçı onu yenidən kəşf edir. Aktrisanın daha bir ingilis dilində oynadığı mono tamaşa da onu bizlərə sevdirdi.
Digər aktyor Anar Seyfullayevin səhnəyə gəlişi sanki səhnəyə bir işıq gətirdi. O, öz obrazı, üz cizgilərindəki nurlu ifadəsi ilə yadda qalmağı bacardı. Tamaşaçı onun ifasında obrazı qəbul etdi və çox sevdi... Qeyd edim ki, aktyorun daha bir maraqlı ifası bu günlər "Tanrıya 14 məktub" tamaşasında oldu. Teatrın repertuarındakı tamaşalarda aktyor seçilir və sevilir desək yanılmarıq.
Tamaşa bir çox teatr festivallarında – İranda , Türkiyədə uğurla nümayiş olunub. Əslində bütün dünyada mono tamaşalar kütlə üçün deyil, ona xüsusi marağı olan teatral insanlara da şamil olunur. Əlbəttə ki, dünya praktikasında bu özünü doğrultmuş bir faktdır.
"Bir səbət tənhalıq" bizə eyni zamanda bir səbət sevgi, sevinc, sabaha ümid verdi ki, deyək: “hələ də yaşamağa dəyər”!

Təranə Feyzullayeva
Вернуться назад