» » Azərbaycan filmləri Sofiyada nümayiş olunub

Azərbaycan filmləri Sofiyada nümayiş olunub

Azərbaycan filmləri Sofiyada nümayiş olunub “Qırmızı bağ” tammetrajlı bədii filmi və “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda”, “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmlərinin Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivalında nümayişləri keçirilib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, Sofiya şəhərində təşkil olunan festivalda filmlərimiz “Fokusda: Mərkəzi Asiya və Azərbaycan” proqramı çərçivəsində nümayiş olunub.

Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub. Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər. Gecədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edib.

Azərbaycan filmlərinin ilk dəfə iştirak etdiyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddialı audiovizual əsərləri ilə tanış edir. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.

Filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031