» » Qaranquşlar

Qaranquşlar

Qaranquşlar
Qaranquşlar
“Təbiətə-doğma ata-babamın yurduna olan eşqimdən yaranıb sevgim” deyən əziz və hörmətli müəllimimiz İbrahim Əbdül oğlu Vahabovu Biləsuvar rayounun İsmətli kəndində böyükdən-kiçiyə hamı tanıyır. Hər bir kəndlinin qəlbində “İbrahim müəllim” guşəsi var. Elə bir guşə ki, daima təzə-daima yeniləşən.
O, bu gün bizdən kənarda, Bakı şəhərində yaşasa da bizim üçün hər gün, hər saat var-bizimlə elə bil jurnal götürüb dərsə gedir və ya hardasa məktəbimiz üçün yeni rəsmlər, divar qəzetləri çıxarır.
Əziz müəllimim! Bilin ki, biz sizi heç vaxt unudan deyilik. Nə qədər bizlər vardı- Sizi sevən insanlar var. Qoy Ulu Yaradan sənə şəfa versin, sağlamlığınla bizləri sevindirsin.
Qeyd: İbrahim Vahabov təbiət, gözəllik vurğunudur. O, bütün fəsilləri sevir, çəkdiyi rəsm tabloları da bundan xəbər verir. Amma o, yaz fəslinin vurğunudur. Yazın gəlişini, qaranquşların qayıdışını böyük həsrətlə gözləyir. Hətta kiçik bağçasında buna xüsusi hazırlıq da görərdi. Bütün bunları nəzərə alıb, onun “Qaranquşlar” hekayəsini əziz oxucularımıza ərməğan edirik.
P.S. İbrahim müəllim hazırda səhhətində yaranmış ciddi ağrılardan əziyyət çəkir. Ona Tanrıdan sağlam səhhət, uzun ömür diləyirik. Foto rayonumuzun İsmətli kənd tam orta məktəbində ədəbiyyat müəllimi işləmiş Vahabov İbrahimlə Bakı şəhərində yaşadığı şəxsi evində onu ziyarətimizdəndir.
Ehtiramla:Fəday Əliyev,
İsmətli kənd tam orta məktəbin direktor müavini
Bahar təzəcə girmişdi. Yamyaşıl otlar arasından baş qaldıran bənövşələr, lalələr, çobanyastığılar hər yana xoş bir ruhiyyə yayır, ətrafı daha da füsunkar edirdi. Pöhrələnmiş söyüd ağaclarına qonub baharı öz şən nəğmələri ilə qarşılayan serçələr sevinclərini biruzə verir, bu budaqdan o budağa, o ağacdan bu ağaca uçurdular.
Mən həyətimdəki alçaq damın gün tutan tərəfində oturub, kiçik taxtalardan quş yuvası düzəldirdim. Elə yuva ki, soyuqlar düşəndə də quşlar uçub başqa yerə getməsin. Həmişə mənim düzəltdiyim yuvada qalsınlar. Keçən il də belə etmişdim. Lakin yuvaya öyrəşdirmək istədiyim qaranquşlar payız düşən kimi uçub getmişdilər.
Bizim kiçik damın küncündə, lap tavanda iki qaranquş canharayla yuva tikirdi. Mən isə saatlarla qapının ağzında oturub onların ağızlarında palçıq, çör-çöp daşıyaraq səliqə-sahmanla yuva qurmalarına tamaşa edirdim.
Bir ay ötdü. Qaranquşun biri yuvada tərpənmədən otururdu. Bilirdim ki, bu ana qaranquş yumurtaların üstündə kürt yatıb. Onun bala çıxartmasını səbirsizliklə gözləyirdim. Bir dəfə ayağımın altına yeşik qoyub yuvanın içinə də baxmaq istəmişdim. Ancaq babamın dediyi sözlər yadıma düşəndə bunu etməmişdim. Babam mənə demişdi: “İsmayıl, bala, qaranquş çox küsəyən quşdur, onun yuvasına nəbadə toxunasan ha!”.
Nəhayət, mənim qaranquşlarım bala çıxartdılar. Ay Allah, bu balaca quşlar necə də gözəl idilər. Ata və ana qaranquşlar onlara dayanmadan yem: cücü-mücü daşıyır, onlar yemi acgözlüklə udurdular.
10-15 gün də keçdi. Bala qaranquşlar da pərvazlanıb uçdular. Mənim sevincim yerə-göyə sığmırdı.
Artıq payız yaxınlaşırdı. Qızıl payızın nəfəsi açıq-aydın duyulurdu. Mən babamın yanına gəlib soruşdum:
-Babacan, qaranquşlar haçan köçəcək?
O, mənə zəndlə baxıb dedi:
-5-10 gündən sonra. Nə üçün soruşursan, göyçək balam?
-Bilirsən, baba, mən istəyirəm ki, mənim qaranquşlarım həmişə bizdə qalsın.
Babam asta-asta gülüb başımı sığalladı və dedi:
-Darıxma, göyçək balam, sənin qaranquşların gələn il yenə gələcək.
Mən yenidən soruşdum:
-Babacan, hamısımı gələcək?
Babam mənə mehriban nəzərlərlə baxaraq:
-Hə, hamısı gələcək, ancaq ikisi həmin yuvada yaşayacaq. Sonra da bala çıxaracaq-deyib ayağa qalxdı.
-Baba, nə üçün ikisi? Axı onlar altıdır?!
Babam əlini çiynimə qoyub:
-Çünki onlar bir yuvaya sığmazlar,-deyərək bağçaya keçdi.
Gecə bərk yağış yağdı. Yata bilmirdim. Mənə elə gəlirdi ki, qaranquşlarım yuvada titrəşirlər. Nəhayət, məni yuxu apardı. Yuxuda çoxlu qaranquş gördüm. Onlar haça quyruqlarını oynada-oynada başımın üstündə uçurdular. Bu zaman mənim qaranquşlarım ətrafımda dövrə vurmağa başladılar. Birdən mənə elə gəldi ki, onlar da məndən ayrılmaq istəmirlər.
Səhər tezdən durub dama qaçdım. Yuvaya baxdım. Mənim qaranquşlarım bir-birinə bərk-bərk sıxılaraq yuvada titrəşirdilər. Mən tez evə qayıdıb bir karton parçası taparaq dama qayıtdım. Pəncərənin qabağına çıxaraq karton parçası ilə sınmış şüşənin yerini bərk-bərk tutdum.
Axşama yaxın güclü külək əsməyə başladı. Külək bir az da güclənsəydi, pəncərəni tutduğum karton parçasını ata bilərdi. Beləliklə, gələn yaya saxlamaq istədiyim qaranquşlar uçub gedərdilər. Ona görə də, kiçik çəkicimlə bir neçə mismar götürüb, dama yaxınlaşdım. Qapını azca açıb içəri girdim. Aman Allah, nəzərlərim boş yuvada ilişib qaldı. Boş, kimsəsiz yuvada. Gözlərimə qaranlıq çökdü! Bir anlıq özümü itirdim. Birdən pəncərənin qabağında oturmuş qara bir pişik nəzərlərimi cəlb etdi. Pişik ağız-burnunu yalaya-yalaya gah mənə, gah da bağlı pəncərəyə baxırdı. Demək belə! Qaranquşlarımı yeyib, indi də qaçmaq üçün yol axtarırsan, hə?! Çəkicin dəstəyindən tutub yavaş-yavaş ona yaxınlaşdım. Elə sakitlik idi ki, ayağımın altında qalan taxta qırıntılarının da səsini eşidirdim. Gözlərim yaşla dolmuşdu! Pişik yaşla dolu gözlərimdə gah itir, gah da qaraltı kimi görünürdü. Pişiyə 3-4 addım qalmış çəkici yuxarı qaldıraraq ona tərəf atdım. Lakin çəkic pişiyə dəymədi. Pəncərənin saf şüşələri çilik-çilik olub yerə töküldü. Pişik pəncərədən tullanıb qaçdı. Dizlərimin taqəti kəsildi və yerə oturdum. Peşmançılıq hissi ilə için-için ağladım. Elə bu zaman içəridə zəif qanad səsləri eşitdim. Tez başımı yuxarı qaldıranda qaranquşlarımı gördüm. Onlar tavana sürtünə-sürtünə uçurdular. Qaranquşlar bir neçə dövrə vurub sınıq pəncərəyə doğru sürətlə uçdular.
Mən nədənsə həm sevinir, həm də kədərlənirdim...
Yazışma Danışığı Bitdi
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031