dini radikalizm və ekstremizmlə mübarizə

“O, teatrda pulsuz işləyib, fəhləlik edib”

“O, teatrda pulsuz işləyib, fəhləlik edib”

Toğrul Rza: “Peşəkar aktyor teatrda çalışsa, yaxşı olar”

“Bu peşəni fəxri ad almaq üçün seçməmişəm, sadəcə bu sənətlə məşğul olmaq üçün seçmişəm. Allaha çox şükürlər olsun ki, öz sənətimlə ailəmi dolandırıram, hərdən nəsə uğurlu bir işim olur, tamaşaçıların hörmətini görürəm, bu mənə kifayət edir”. “Üç nöqtə” qəzetinin qonağı Bakı Bələdiyyə Teatrının aktyoru Toğrul Rzadır.

-Aktyorun ən üstün cəhəti nə olmalıdır?
-Onu deyim ki, heç kim elə düşünməsin, bu sənət asan sənətdir. Biz Mədəniyyət və İncəsənət Universitetində təhsil alanda ustadımız Cənnət Səlimova bizə demişdi ki, aktyor sənəti həm çətindir, həm də asan. Elə aktyorlar var ki, bu peşəyə çox səthi yanaşır, oynadığı rollar da dolğun olmur, inandırıcı olmur. Elə aktyorlar da var ki, ona həvalə olunan rola böyük məsuliyyətlə yanaşır, özünə qarşı çox tələbkar olur. Zövqlü tamaşaçılar belə aktyorları yüksək qiymətləndirirlər. Məncə, aktyorda ilk növbədə güclü müşahidə qabiliyyəti olmalıdır. Biz canlandırdığımız bütün obrazların xarakterik xüsusiyyətlərini real həyatdan müşahidə edib götürməliyik. Nə qədər çox ətrafımızda baş verən hadisələrə, insanların müxtəlif situasiyalarda davranışlarına diqqət etsək , bir o qədər canlandırdığımız obrazlar təbii olar.

-İlk böyük səhnə təcrübəniz...
-Açığı bu suala dəqiq cavab verməyə çətinlik çəkirəm. Mən tələbə olduğum illərdə universitetdə təkcə öz qrupumuzun tamaşalarında yox, digər qrupların tamaşalarında da rollar canlandırırdım. Bundan əlavə o vaxt Bakı Kamera Teatrında da mənə rollar həvalə edirdilər. Akademik Milli Dram Teatrının tamaşalarında da çıxışlar edirdim, dövlət tədbirlərində də, həmçinin. Demirəm ki, istedadlı olduğuma görə mənə rolları həvalə edirdilər. Xeyr, sadəcə mən özüm hər yerə can atırdım, böyük aktyorları müşahidə edirdim, onların oyunlarını yaxından izləyirdim. Ona görə dəqiq deyə bilmirəm ki, ilk təcrübəm harada olub. Çünki bütün sadaladığım yerlərdə paralel çalışmışam.

-Oynadığınız rollardan hansı sizə daha doğmadır?
-Bu sualınıza da cavab vermək mənə çətindir. Təsəvvür edin ki, bir valideyndən soruşurlar ki, hansı övlad sənə daha doğmadır? Yaxud da hansısa heykəltəraş, ya rəssama sual versələr ki, ən doğma əsəri hansıdır, o, nə cavab verər? Əlbəttə ki, hamısı. Necə ki, Yaradan hər şeyi sevərək yaradır, insanlar da, həmçinin. Əgər biz, fərqi yoxdur, hansı peşənin sahibiyik, öz gördüyümüz işlərə sevə-sevə yanaşmasaq, yaratdıqlarımız necə gözəl ola bilər?! Bütün böyük sənətkarlarımızdan üzr istəyirəm. Çünki onlardan yaşca kiçiyəm. Mənim üçün bütün rollarım doğmadır. Əgər hansısa rolum tamaşaçıların xoşuna gəlibsə, deməli, mən həmin işimi sevərək görmüşəm. Hər birini çalışmışam ki gözəl canlandırım.

-Niyə məhz teatr aktyoru?
-Mən, həm də kino aktyoruyam. Doğrudur, əsas çalışdığım yer teatrdır. Bakı Bələdiyyə Teatrının aktyoruyam, amma hərdən film və seriallarda da çalışıram. Xarici filmləri də səsləndirirəm. Yəni peşəmlə bağlı bütün işlərlə məşğul oluram. Sadəcə teatr mənim daimi çalışdığım yerdir. Kino hər gün çəkilmir. Məncə, hər bir peşəkar aktyor teatrda çalışsa, daha yaxşı olar. Teatr aktyoru formada saxlayır. Bir də teatr canlı sənətdir. Tamaşaçıların gözü qarşısında aktyor obraz canlandırır. Tamaşaçının nəfəsini duyur, onların tamaşaya münasibətini hiss edir. Aktyorlara teatrı sevdirən də məhz bunlardır.

-Müğənniliklə məşğul olan aktyor və aktrisalar hər zaman olublar. Siz nə əcəb belə seçim etmədiniz?
-Uşaq olanda müğənni olmaq istəmişəm. 1990-cı ildə 9 yaşım olanda bir qohumumun toyunda “Ayrılıq” mahnısını oxumuşdum, çox bəyənmişdilər. Əlavə edim ki, bu mahnını atam mənə öyrətmişdi. Ondan sonra bir neçə toyda yenə də “Ayrılıq” mahnısını mənə oxutdurdular. Hətta bir neçə dəfə qonaqlar cibimə pul da qoymuşdular, 3 rubl, 5 rubl. Mənim üçün böyük pul idi. Sonra orta məktəbdə musiqi müəllimimiz vardı, mənim oxumaq həvəsimi görüb məni öz xor dərnəyinə yazdı. Çox maraqlı idi. Məktəb tədbirlərində oxuyurduq. Bir gün eşitdik ki, müəllimimiz bədbəxt hadisə nəticəsində rəhmətə gedib. Ondan sonra xor dərnəyi də ləğv olundu. Bəlkə, oxumağı davam etdirsəydim, orta səviyyəli müğənni ola bilərdim. İndi də mahnı oxumağı sevirəm, oxuyuram da. Ancaq özümçün. Kim bilir, bəlkə, böyüyəndə müğənni oldum (zarafatcasına).

-Kimdən ilham alıb bu sənəti seçmisiniz?
-Dəqiq deyə bilmirəm, kimdən ilham alıb gəlmişəm, çünki uşaq olanda bütün filmlərimizə, tamaşalarımıza sevə-sevə baxmışam. Böyük aktyorlarımızın filmlərdə, tamaşalardakı obrazlarını təqlid etmişəm. Bəlkə, bunlar məni həvəsləndirib bu sənətə gətirib. Bəlkə də, atamdan keçib bu istək. Çünki atam da məktəbdə oxuduğu illərdə aktyor olmaq istəyib, dram dərnəyində tamaşalar oynayıb, sonra onu həvəsdən salıblar, fikrini dəyişib. Bəlkə də, qardaşımın uğurlu rollarinı görüb ilham almışam. Yəqin ki, bilirsiniz, mənim qardaşım da aktyordur, Elxan Rza. O, məndən iki yaş böyükdür.

-Nəyə görə, bəzi həmkarlarınız 1-2 rol oynayandan, azacıq tanınandan sonra fəxri ad davası döyürlər?
-Əgər söhbət peşəkar aktyorlardan gedirsə, və həqiqətən də onlar ən azı 10 ilini mədəniyyətə sərf ediblərsə, fəxri ada layiq ola bilərlər. Çünki hansısa teatrda işləyən aktyorlar fəxri ada layiq görülürlərsə, digər teatrda çalışan aktyorlar da təbii ki, fəxri ad arzulayacaqlar. Əslində düşünürəm ki, incəsənət adamı fəxri ad barədə fikirləşməməlidir. Öz yaradıcılığı ilə məşğul olmalıdır. Heç kəs bizi məcbur etməyib bu sənətə gəlməyə, özümüz seçmişik. Vaxtımızı belə məsələlərə sərf etməməliyik.

-Fəxri ad umursunuz?
-Bu peşəni fəxri ad almaq üçün seçməmişəm, sadəcə bu sənətlə məşğul olmaq üçün seçmişəm. Allaha çox şükürlər olsun ki, öz sənətimlə ailəmi dolandırıram, hərdən nəsə uğurlu bir işim olur, tamaşaçıların hörmətini görürəm, bu mənə kifayət edir. Əgər nə vaxtsa fəxri ada layiq görülərəmsə, əlbəttə ki, bu məni sevindirər.

-Komediya, yoxsa dram?
-Hazırda hər ikisi mənə yaxındır. Mən tələbə olanda heç vaxt özümü komik rollarda təsəvvür etmirdim. Mənə komik rol təklif olunanda məyus olurdum, 1-2 dəfə bəhanə tapıb boyun da qaçırmışam. İstəmirdim, məni komik rolda görsünlər. İstəyirdim, yalnız dram janrında olan tamaşalarda rol alım, özü də əsas rolda. Teatrlara gedirdim. dram aktyorlarımızın oyunlarına maraqla baxırdım, həyatda da tamaşalarda da özümü onlara bənzədirdim. 10 ilə qədər istədiyim kimi yalnız dram janrında rollar oynadım. Bir dəfə özümün əksinə gedib əyləncəli veriliş aparıcısı olmağa razılaşdım. Artıq ailəli idim, iki oğlum da var idi. Düşündüm ki, oturub gözləyə bilmərəm, nə vaxt istədiyimə məni dəvət edəcəklər. Özümü bir təhər məcbur edib uzun illər həmin verilişin aparıcısı oldum. Eyni zamanda komik rollara da çəkildim. İndi mənə hansı janrda rol verirlirsə, böyük məmnuniyyətlə qəbul edirəm.

-Bildiyimə görə, həyat yoldaşınız da aktrisadır. Ailədə yaradıcılıq müzakirələri olur?
-Bəli, biz artıq 15 ildir ki, evliyik. Olur, əlbəttə ki. O mənim təkcə həyat yoldaşım deyil, həm də sənət yoldaşımdır. Evdə, ya mən, ya da yoldaşım hansısa rola hazırlaşanda, bir-birimizin fikrini öyrənirik, müzakirə edirik, tərəf müqabillərinin sözlərini oxuyuruq. Bunun çox böyük köməyi olur.

-Heç bu vaxta qədər töhmət almısınız?
-Almamışam. Çünki işə gecikməyi, ya gəlməməyi xoşlamıram. Amma bir dəfə işdən qovulmusam. Mənim qovulmağım işə gecikməyə görə, ya gəlməməyə görə olmayıb. Mənə qarşı bir haqsız hərəkət etmişdilər. Mən də çox gənc idim. Haqsızlığa dözmədim. Ərizə yazıb işdən çıxmaq istədim, cırıb atdılar. Dedilər ki, ərizəni qəbul eləmirik, səni qovuruq. İstəyirdilər ki, məni basqa yerdə işə götürməsinlər. Çox pis olmuşdum. Sonradan başa düşdüm ki, həmin vaxt işdən çıxarılmağım əslində mənim xeyrimə olub.

-Olubmu ki, hansısa obraz tamaşaçılar tərəfindən çox bəyənilib, lakin siz onu bir o qədər də bəyənməmisiniz?
-Elə bir obrazım yadıma gəlmir. Aktyor canlandırdığı xarakteri sevməsə, tamaşaçılar onun obrazını bəyənməz. Aktyor, fərqi yoxdur, müsbət rol olsun, ya da mənfi, öz canlandırdığı obrazın hərəkətinə, ya dediyi sözə haqq qazandırmalıdır. Yəni rolunun vəkili olmalıdır. O zaman onun rolu sevilir. Ola bilər ki, canlandırdığı obrazın xarakterini qəbul etməsin, sevməsin. Amma obraz kimi onu sevməlidir. Bəzən elə də olur ki, ya ssenari, ya da əsər zəif olur, aktyor da hansısa səbəbdən ona verilən obrazı istəməyərək oynamağa məcbur olur. Bu zaman tamaşaçıya da həmin obraz maraqlı olmur.

-Toğrul Rza tamaşalara baxmağa gedir?
-Gedirəm. Bəzən bir tamaşaya dəfələrlə baxıram. Tamaşalar olur ki, çox oynanıldıqca daha da gözəlləşir, maraqlı olur. Ona görə növbəti dəfə yenə baxıram. Amma hərdən elə tamaşalar da olur ki, baxanda görürsən, əvvəlki kimi oynanılmır.

-Müasir dövrdə ölkəmizdəki kino və teatr barədə fikirlərinizi bilmək istəyərdim...
-Onu deyə bilərəm ki, bizim istər kino, istərsə də teatr sahəsində kifayət qədər istedadlı sənətkarlarımız var. Sadəcə olaraq bu sənətkarlara imkan yaratmaq lazımdır ki, onlar bacarıqlarını ortaya qoya bilsinlər. Bizim teatrımızın “Əli və Nino” tamaşası 2012-ci ildə Moskvada keçirilən “Qızıl maska” festivalına dəvət almışdı. Biz bilirdik ki, onlarda teatr çox yüksək səviyyədədir. Ona görə tamaşadan əvvəl həyacan kecirirdik ki, görəsən, bizim oyunumuzu tamaşaçılar qəbul edəcək? Tamaşamıza ruslar sinxron tərcümə ilə baxırdılar. Tamaşadan sonra o qədər alqışladılar, xoş sözlər dedilər ki, özümüzə inamımız artdı. Bir neçə il əvvəl tamaşaçılaramız xarici serilara daha çox baxırdı. Hazırda mən əminəm ki, tamaşaçılar daha cox bizim seriallara baxırlar. Mən demirəm ki, bizdə olan seriallar, filmlər, ya tamaşalar xaricdəkilərdən daha yaxşıdır. Xeyr. Lakin nəzərə almalıyıq ki, onların bu sahəyə ayırdığı maliyyə vəsaiti bizdəkindən qat-qat çoxdur.

-Bu sənəti seçən tələbələrə məsləhətiniz...
-Məsləhətim odur ki, əgər həqiqətən bu sənəti sevirlərsə, səbrli olsunlar, məqsədlərinə doğru addımlasınlar. Birdən birə məşhurluq, yaxşı qazanc olmur. Elə aktyor tanıyıram ki, o, neçə il yeni yaranmış teatrda pulsuz işləyib, teatrda fəhləlik edib, evi də olmayıb, teatrda yatıb, amma bu gün fəxri adı da var, evi də var, hörməti də. Mənimlə birgə oxuyan nə qədər istedadlı tələbələr dözməyib sənətdən uzaqlaşdılar, amma mən qaldım. Bir də məsləhət görərdim ki, həmişə sadə olsunlar. Sonda bir məsləhətim də var, hansısa xarici dili mükəmməl öyrənsinlər ki, dünyaya çıxa bilsinlər.


Oxunub: 667
Oxşar xəbərlər
SON XƏBƏRLƏR