dini radikalizm və ekstremizmlə mübarizə

"Dünyanı sevgi xilas edəcək"


Bu gün gözləmədiyimiz bir bəla ilə üz üzəyik... Və hamımızın dərdi eynidir... Bu dərd, bəla da bizi birləşdirib. Sual olunur: niyə bəs bu şəraitdə birləşməliyik??Halbuki insan oğlunun dərdi də sevinci də eyni olduğu halda həmişə birlik, sevgi əhatəsində yaşamaq bu qədərmi çətindir? Görünür çox çətin imiş...
Çünki ayrı-ayrı statuslara özünü bölən, maddi imkanları daxilində başını daha dik tutan, başqalarından özünü üstün, fərqli görünməyə çalışanlar bu gün xalqa qarışmaq istəyir.
Gözəl parklar, şəhərin boş qalan ən izdihamlı əraziləri, restoranlar, kafelər, əyləncə mərkəzləri adamsız nə qədər əhəmiyyətsiz və sönük görünür. Nəticə göstərir ki, bəşəriyyətin baş tacı insandır. Amma sözün əsl mənasında "insan"!
Yəni Allahın yaratdığı bir əqidəli, bir simalı insan kimi! Təəssüflər olsun ki, bu baxımdan da yaşanan eybəcərliklər gündəmi zəbt edərək, ifrata varmaqdadır... Bəlkə "evdə qal" aksiyası Tanrı tərəfindən bizə bir vaxtdır ki, düşünək, səhvlərimizi götür-qoy edək, dualarımızla günahlarımızı yumağa cəhd edək... Bəlkə Tanrı bizi bağışlayar...
Axı başqa vaxt "iş çoxdur, vaxt yoxdur" deyə deyə bu ali, insani borclarımızdan yayınmışıq... Buyurun bu da sizə vaxt... Səmərəli istifadə edin ki, yaşamaq şansı qazanasız!
Qadın olduğum üçün bir az da qadınlara üz tutmaq istəyirəm... Çünki onları məndən yaxşı kim anlayar ki... Həmişə demişəm ki, əgər mənim düşmənim gözəl anadırsa, o mənim dostumdur. Çünki ailəsini, övladını sevən, ona xəyanət etməyən qadın məni sevməsə belə mən ona aşiqəm... Əzizlərim, axı sevgi nədir bilirsiniz! Sevgi əməkdir, zəhmətdir ki, nəticə də bumeranq kimi özünüzə qayıdacaq. Ailənizə əmək verin! Əxlaqınızla ətrafa nümunə olun ki, övladlarınızın da başı dik olsun.Tanrıya da zaman-zaman üz tutmaq, nəsə diləmək şansınız olsun.
Sizi saran məişət çətinliklərini də anlayıram, zamanla sizə haq verdiyim məqamlarda olub, amma bu bəraət deyil... Hamımız səhv edə bilərik, amma səhvləri təkrarlamaq, bax bu artıq seçim işidir...
Bu gün soyuq müharibə canlar alır... Dünya bir virusun əlində çabalayır... Zəngin də kasıb da eyni dərdin məngənəsində sıxılır... Əslində bərabərlik baş verir, amma burda da fərq var... Kimi əməllərinə, dualarına sığınıb sabahına ümidlə baxır, digəri isə sualları cavabsız buraxır... Həyat isə nə qədər gözəldir! Təbiətin oyandığı, ağacların çiçək açdığı, baharın əfsanəvi çalarlara büründüyü bir mənzərə göz önündədir... Hamımız insanıq... Hamımız yaşamaq, bu gözəlliklərin fövqündə olmaq istəyirik... Bu məqamda dahi Fellininin “Kabiriya gecələri” filmini xatırlayıram... Hər şeyini itirən, hətta, ən son ümidi belə boşa çıxan qadının filmin son səhnəsindəki üz ifadəsini yada salıram... Əslində bütün dünyaya üsyan bayrağı qaldıracağı halda, özündə güc tapıb, gülümsəməyə başlayır və bu gülüşlərin içində sabaha ümid qığılcımlarının əksi görünür...
Bəli, qadın böyük qüvvədir!Qadın Anadır! Qadın sabah və gələcəkdir! Bu gələcək isə onun dünyaya gətirdiyi övladlarıdır! Gəlin, gələcəyimizi daha şəfaf, daha əzəmətli quraq! Gəlin, insan olaraq bizi Yaradan Tanrıya sevgimizi, dualarımızla bəyan etməkdən usanmayaq! Çünki ən böyük nicatımız sevgimizdədir! Bəşəriyyəti, dünyanı, insanlığı xilas edəcək Sevgidə !

Təranə Feyzullayeva.

Oxunub: 1 141
Oxşar xəbərlər
SON XƏBƏRLƏR