dini radikalizm və ekstremizmlə mübarizə

Mehriban Abdullayeva: "Həyatımı səhnəsiz təsəvvür belə etmirəm"


Çoxdan tanışıq... Təqribən onun "Solğun çiçəklər"dəki uğurlu dönəmlərindən..
Bu tanışlıq zamanla dostluğa çevrilərək bizi bir birimizə bağladı... Həm də hər ikimizin teatra olan təmənnasız sevgisi bu dostluğu daha uzunömürlü etdi.

Mehri, bir birimizi az-az görsək də düşünürəm ki, dostluğumuz illərə söykənir...

- Bəli. Tam doğru. İnsanlar problemdən, iş-gücdən dolayı görüşməyə bilərlər... Amma bu dostluğa mane olmaz, əksinə daha da möhkəmlənər. Biz illərin dostuyuq.

Teatrda sənin yaradıcılığında nə yenilik var?

- Bir sıra rollarda məşğulam. Uğurlu tamaşalarımızdan biri də "Leyli Məcnun"dur ki, mən də orada "ana" obrazındayam. Yeni hazırlanan uşaq tamaşasında da rolum var. Ümid edirəm ki, maraqlı rollara hələ dəvət alacağam.

Rejissorlardan gileyli deyilsən ki...

- Yox... Sadəcə hal hazırki potensial qüvvəmə güvənərək düşünürəm ki, daha xarakterik rollarda oynamağa hazıram. Yetər ki, bunu rejissorlar da görüb, hiss etsin.

Vaxtilə res. xalq artisti Ağakişi Kazımov sənə müxtəlif tamaşalarda xarakterik obrazlar həvalə edirdi. Və bunu müxtəlif cür yozanlar da az deyildi...

- Bilirəm... Amma bir şey var ki, Ağakişi Kazımov bir rejissor olaraq əgər qarşısında istedadlı bir aktyor görməsə, ona rol etibar etməz. Onunçün əsas meyar istedaddı. Bu mənada mən həmişə arxayın olmuşam ki, o öncə rejissor kimi qiymətimi verəcək.

Filmlərə, seriallara necə dəvət alırsanmı?

- Düzü, heç almıram desəm yalan olar. Ara sıra çəkildim də... Amma deyim ki, buna tam vaxt ayırmaq bir az mənə çətinlik törədir. Yəni vaxt baxımından vaxt ayıra bilmirəm. Həyat yoldaşım Ağakişi Kazımovun səhhəti ilə əlaqədar olaraq evdən çox uzaqlaşa bilmirəm.

Məncə, sən, bəxti gətirən aktrisalardansan ki, belə bir böyük şəxsiyyətlə bir evi paylaşırsan... Sənət baxımından bu böyük məktəbdir...

- Doğrudur. O institutda da mənim müəllimim olub. Ondan çox şey öyrənmişəm və öyrənirəm. Və bu yaxında quruluş verdiyi daha bir tamaşa məncə təkcə mənim yox, bütün teatr sənətin uğurudur.

Bəli, söhbət sənin yeni mono tamaşandan gedir...
Qeyd edim ki, bu yaxınlarda res. xalq artisi Ağakişi Kazımovun quruluş verdiyi "İstədiyim kimi yaşamışam" mono tamaşası həqiqətən də teatr aləmində uğurlu bir hadisəyə çevrildi. Əvvəla, uzun fasilədən sonra məhz onun yenidən rejissor fəaliyyəti və əlbəttə ki, artıq Mehriban xanımın illərin təcrübəsinə arxalanan maraqlı, profesional oyun üslubu öz bəhrəsini verdi. Tamaşanın qəhrəmanı "Zelda" adi qadın deyil... Onun mənəvi sarsıntıları, yaddaşındaki xatirələrin iztirabı, bəzən də sevinci tamaşa boyu bizi təqib edir... Gah güldürür... Gah ağladır... Mehriban xanımın möhtəşəm oyunu bizi zaman-zaman ovsunlayır və gözəl musiqi sədaları altında bizə öz həyat hekayəsini ustalıqla göstərən Zeldanı sevməyə məcbur edir... Sanki o, ustalıqla Zeldanın portretini yaradır... Bizə isə baxmaq, sevmək, düşünmək qalır... Ümid edirəm ki, tamaşa, teatrın repertuarında möhkəm yer tutacaq və bir çox teatr festivallarına vəsiqə alacaq.

Mən bildiyimə gorə növbəti nümayiş zamanı bu uğurlu tamaşa, media tərəfindən video lentə alınaraq daha kütləvi şəkildə teatrsevərlərə təqdim olunacaq.

- Əlbəttə. Mənə media tərəfindən belə təklif var. Mən də bir aktrisa kimi buna çox şad olaram. Bilirsiniz ki, mono tamaşalar kiçik səhnədə nümayiş ounduğundan, böyük tamaşaçı kütləsi, görə bilmir. Bu həm də Ağakişi Kazımov yaradıcılığının yeni nümunəsi kimi gənclərə də maraqlı olar. Bu baxımdan çox sevinərəm.

Bu kiçik söhbətimizdə böyük sənətdən danışdıq... Səni sevənlərə sözün?

- Məni, yaradıcılığımı izləyən hər kəsə təşəkkür edirəm... Bir zamanlar Sara kimi tanındım sevildim, bu gün də bu sevgini bu diqqəti hiss edirəm... Və məni bu yaşadır... İnanın, səmimiyyətimə həyatımı səhnəsiz təsəvvür belə etmirəm.

Uğurlar! Biz də bir həqiqəti bilirik ki, səhnə saxtaları sevmir, səhnə onu əsl məhəbbətlə sevənlərindir.

Təranə Feyzullayeva

Oxunub: 1 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR