dini radikalizm və ekstremizmlə mübarizə

"Zəng"in səsi ürəyimizdən gəldi.


“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərə milli-mənəvi dəyərlərimizin və teatr mədəniyyətinin aşılanması, asudə vaxtlarının və mədəni istirahətlərinin səmərəli təşkili, milli-mədəni sərvətimiz olan teatrlarımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması və inkişaf etdirilməsinə dəstək məqsədi ilə oktyabrın 29-da Mərdəkan Mədəniyyət Sarayında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Zəng” tamaşasının nümayişi təşkil olundu.

Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, aktyoru Rəhim Rəhimovdur. Xatırladım ki, tamaşa müxtəlif ölkələrdə nümayiş olunaraq, saysız hesabsız mükafatlara layiq görülüb. Rejissor tamaşaya çox lakonik, yığcam bir quruluş verdi. Daha doğrusu beyinləri yormadan ürəyə xitab etdi. Və hədəf ürək olunca, göz yaşı sel olmazmı?... Dönüb, izdihamla dolu zala baxdım... Sən demə hamı ağlayırmış, "Zəng"in səsinə...

Mövzu çox sadədir. Qoca kişi xatirələrə sarılıb yaşayır... Və onun bir arzusu var, xatırlanmaq... Yada düşmək... O zəng gözləyir... Kiçik telefonun səsi onun həyatının mənası, yaşam mayakıdır bəlkə də... Zəng gəlmir ki, gəlmir. Bu zaman o çıxış yolunu intiharda görür və buna cəhd edir. Lakin qəfildən zəng çalınır. İntihara sürükləyən bu səs həm də onun xilaskarına çevrilir... Bax, məhz finala doğru dəstəyi qaldıran qocanın dünya boyda sevinci, yerə, göyə sığmayan emosiyalarının gücü tamaşaçını biganə qoya bilmir... Düşünürsən ki, İlahi insan nə qəribə məxluqdu. Olumla ölüm arasında qalan qoca yenidən həyata sarılır... Səbəb isə zəng, unudulmamaq arzusu...
Rejissor əsl professionallıq nümayiş etdirir. Çox qısa bir zaman çərçivəsinə böyük ideya sığışdıra bilir. Kiçik detallarla bütöv bir tamaşanın aparıcı xəttini, bizə ustalıqla çatdırır.
Aktyor Rəhim Rəhimovun isə məsuliyyəti daha böyükdür. Gözü bağlı səhnədə oynamaq, qocanın tamaşa boyu emosiyalarını bizə ustalıqla çatdırmaq məharəti yalnız alqışa layiqdir.
Finalda aktyor səhnəyə çıxır... Alqışlara qarşılıq vermək üçün... İlahi, göz yaşları selə dönən aktyoru bu dəm tanımaq çətindir... Çünki o, səhnədə yaşayaraq oynamağı bacardı...
Tamaşanın gənc nəslə tərbiyəvi əhəmiyyəti böyükdür. Məncə tamaşa bütün Azərbaycanı qarış-qarış gəzməli, sevgi-insanlıq hisslərini yetərincə təbliğ etməlidir.

P.S.Tamaşa bitmiş və mən tamaşadan ayrılıram... Sevdiyim Mərdəkanın sehrli gecə mənzərəsi məni valeh edir... Ürək, gəzmək, sevmək, yaşamaq istəyir... Ağlımda isə bir fikir dolaşır. Bakıya çatan kimi Anama Zəng etmək...

Təranə Feyzullayeva

Oxunub: 744
Oxşar xəbərlər
SON XƏBƏRLƏR