dini radikalizm və ekstremizmlə mübarizə

Yeni 2019-cu il uşaqlar üçün əyləncəli olacaq

Yeni 2019-cu il uşaqlar üçün əyləncəli olacaq

Yeni ili ən çox uşaqlar gözləyir. Çünki tətil sevincini səmərəli yaşamaq onların çətin dərs proqramından sonra doğal haqqıdır. Beləlikə afişaları nəzərdən keçirin.
Gənc Tamaşaçılar Teatrında dekabr ayının 28-dən etibarən gələn il yanvarın 6-dək Hans Xristian Andersenin "Qar kraliçası" əsəri səhnələşdiriləcək. Elşad Rəhimzadənin səhnələşdirib quruluş verdiyi nağıl-tamaşa hər gün 3 və ya 4 seans olmaqla (saat 12.00, 14.00, 16.00, 18.00) təqdim edəcək.
Akademik Milli Dram Teatrında dekabrın 29-dan etibarən isə uşaqlar üçün yeni il şənlikləri keçiriləcək. Teatrdan verilən məlumata görə, şənliklərin yanvarın 6-dək davam etməsi nəzərdə tutulub. Teatr ənənəvi olaraq builki Yeni il şənliyində yeni tamaşa ilə balacaların görüşünə gəlir. Səkkiz gün ərzində (27, 28, 29, 31 dekabr və 1, 2, 5, 6 yanvar) hər gün dörd seans (saat 11.00, 13.00, 15.00 və 17.00) olmaqla "Ninza tısbağalar və kapitan Cekin macəraları" göstəriləcək.
Opera və Balet Teatrında isə dekabr ayının 26-da balacaların çox sevdiyi "Şelkunçik" baleti axşam seansında, ayın 30-da isə gündüz (saat 14.00) göstəriləcək. Bundan başqa, yanvarın 5-də teatr P.Çaykovski və A.Martonun daha bir məşhur nağıl əsasında yazdıqları baleti - "Düyməcik" tamaşasını təqdim edəcək.
Azərbaycan Musiqili Teatrında isə dekabrın 28-dən etibarən uşaqlar üçün yeni il şənliklərinə start verilir. Teatrı bu il balaca tamaşaçılarını "Cırtdanın Yeni il sərgüzəştləri" ilə tanış edəcək. Teatrın bayram tamaşaları dekabrın 28-də başlayıb yanvarın 6-dək hər gün dörd seans (saat 10.30, 12.30, 14.30 və 16.30) davam edəcək.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında isə dekabrın 26-dan 31-dək "Qış nağılı" tamaşası nümayiş olunacaq. Teatrdan verilən məlumata görə, balaca tamaşaçıların Yeni il tətilini şən və yaddaqalan etmək üçün teatrın kollektivi maraqlı repertuar hazırlayıb. Uşaqların sevimli "Maşa və Ayı" cizgi filminin motivləri əsasında "Maşa və Ayının qış nağılı" adlı tamaşa təqdim olunacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Bakı Uşaq Teatrı yanvarın 2-3-də "Şaxta babanın toyu" adlı qeyri-adi tamaşa ilə çıxış etməyi planlaşdırır.
Dekabrın 29-30-da Heydər Əliyev Sarayında uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv, musiqili "Yeni il nağılı" adlı tamaşa təqdim olunacaq. Saraydan verilən məlumata görə, simfonik orkestrin müşayiəti ilə baş tutacaq musiqili-nağılda uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət edəcəklər.
Hər kəsi qarşıdan gələn yeni 2019-cu ilin gəlişi ilə təbrik edir, bir birindən maraqlı yeni il tədbir və tamaşalarına sizi dəvət edirik.

Təranə Feyzullayeva

Oxunub: 890
Oxşar xəbərlər
SON XƏBƏRLƏR