dini radikalizm və ekstremizmlə mübarizə

Yaşar Nurisiz 6 il

Yaşar Nuri 1951-ci il sentyabrin 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriy ailəsində dünyaya gəlmişdir.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir. Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.

Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.

Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.

Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Oxunub: 690
Oxşar xəbərlər
SON XƏBƏRLƏR