dini radikalizm və ekstremizmlə mübarizə

Tanınmış bəstəkar Şəfiqə Axundovanın xatirəsi anılıb

Tanınmış bəstəkar Şəfiqə Axundovanın xatirəsi anılıb
Yanvarın 22-də Beynəlxalq Mətbuat Mərkəzində görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Qafqaz Media İctimai Birliyinin (İB) təşkilatçılığı, istedadlı bəstəkar-müğənni Arif Səlimovun təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə İB-nin sədri Azadə Hüseynova görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

Milli Məclisin deputatı Jalə Əliyeva bəstəkarın anası şair Nurəngiz Günlə yaradıcılıq və dostluq münasibətlərindən söhbət açıb. Onları birləşdirən tale və yaradıcılıq bağlarının ailə dostluğuna çevrildiyini, hər iki yaradıcı xanımın bir-birinin uğurlarına ürəkdən sevindiyini bildirib.

Tədbirdə bəstəkarla yaradıcılıq ünsiyyətində olan, onun mahnılarının ifaçılarından Xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar Artist Gülüstan Əliyeva Şəfiqə Axundovanın 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi adını musiqi tariximizə yazdırdığını bildiriblər.

Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.

Bildirilib ki, görkəmli bəstəkarın yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə Arif Səlimovun tərtib etdiyi, bəstəkarın həyatının unudulmaz anlarını canlandırıan “Əslində mən beləyəm” adlı videomaterial nümayiş etdirilib.

Tədbirdə bəstəkarın mahnıları gənclər tərəfindən ifa edilib.

Sonda gənclərə və qonaqlara bəstəkarın yaradıcılığına göstərdikləri ehtirama və onun xatirəsini əziz tutduqlarına görə Qafqaz Media İctimai Birliyinin “Qobustan” diplomu təqdim olunub.

Oxunub: 1 078
Oxşar xəbərlər
SON XƏBƏRLƏR