» » Hansı nazirliyin saytı operativ fəaliyyət göstərir?

Hansı nazirliyin saytı operativ fəaliyyət göstərir?

Son illər elektron texnologiyaların inkişafı, internetdən istifadənin bütün dünyada kütləviləşməsi elektron idarəçiliyə keçidi sürətləndirdi. Vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycanın dövlət orqanlarının da bu idarəçiliyə keçidi baş tutdu. Vətəndaşların rahatlığının təmin olunması baxımından bu yeniliklərin mühüm əhəmiyyəti olub. Belə ki, vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı rahatca əldə edə bilər.

Bəs maraqlıdır, dövlət orqanlarının veb-saytlarının hazırkı fəaliyyəti necədir? Əhəmiyyətli qurumlar, xüsusilə, nazirliklər vətəndaşlara operativ xidmət göstərə bilirmi?


Dövlət orqanları içərisində ən operativ fəaliyyət göstərən elektron resurs Azərbaycan Prezidentinin rəsmi saytıdır. President.az saytı ölkə başçısının səfərləri, görüşləri, verdiyi fərman, sərəncam, əmr və göstərişlər barədə operativ məlumatlar dərc edir. Saytın xəbər lenti profilinə uyğun mütəmadi yenilənir. President.az saytında sözügedən tədbirlərdən peşəkar şəkildə hazırlanmış şəkillər, videolar və press-relizlər yerləşdirilir.


Azərbaycanda demək olar, hər kəsin məlumatlarından yararlandığı Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet resursu asan.gov.az da aktiv veb-saytlardandır. Sayta daxil olan kimi açılan menyu panellərində elektron müraciət və digər xidmətlərlə bağlı ətraflı izaha rast gəlmək olar. Sayt Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir.


Milli Məclisin elektron saytı isə meclis.gov.az və ya parliament.gov.az şəklindədir. Bu saytda parlament üzvlərinin səfərləri, onların çıxışları, qəbul olunan qanun layihələri, iclaslarda müzakirə olunan məsələlər və s. haqqında operativ məlumatlar dərc edir. Digər dövlət orqanlarının elektron saytları bir neçə dildə xidmət göstərsə də, Milli Məclisin veb-portalı yalnız Azərbaycan dilindədir.


Nazirlər Kabinetinin rəsmi saytı da, demək olar, hər gün xəbər lentini yeniləyir. Saytın profilinə uyğun xəbərlər, baş nazir Novruz Məmmədovun görüşləri, çıxışları, rəsmi səfərləri və digər məlumatlar bu elektorn resursda yer alır. Cabmin.gov.az şəklində olan saytda “Azərbaycan”, “Xəbərlər”, “Sənədlər”, “Nazirlər Kabineti”, “Nazirlər Kabinetinin Aparati”, “Müraciətlər”, “Əlaqə” bölmələri yer alıb.


Ayrı-ayrı nazirliklərin rəsmi saytları arasında operativ və passiv xidməti ilə seçilənlər var. Daxili İşlər Nazirliyinin rəsmi saytı olan mia.gov.az internet portalı da üç dildə - Azərbaycan, ingilis və rus dillərində xidmət göstərir. Vətəndaşların məlumatlandırılmasına xidmət edən saytdan istifadə çərçivəsində vətəndaşlar tərəfindən təqdim edilmiş şəxsiyyət haqqında məlumatlar və əlaqə vasitələri (ünvan, telefon, e-mail ünvanı və s. tipli) üçüncü tərəfə ötürülmür. Mia.gov.az-da olan məlumatların və dizayn (tərtibat) elementlərinin müəlliflik hüququ qorunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi veb saytı isə eco.gov.az-dır. Veb sayt iki dildə - Azərbaycan və ingiliscə fəaliyyət göstərir. Eco.gov.az-da günün müxtəlif saatlarında ölkəmizdə ekologiya sahəsində baş verən hadisələr, tədbirlər işıqlandırılır, mətbuatda dərc edilən xəbərlər yerləşdirilir. Nazirliyin saytı dövlət orqanlarının saytları arasında aktivliyini qoruması ilə seçilir. Rəsmi saytının maraqla qarşılanan hissələrindən biri isə “Faydalı bölmələr” panelidir. Burada “Apellasiya Şurası”, “ETSN yanında İctimai Şura”, “Etik davranışlar”, “İşə qəbul qaydaları”, “Elanlar”, “Milli parklar”, “Sutəmizləyici qurğular”, “Ekoloji plakatlar”, “Video çarxlar”, “Bülletenlər”, “Ekoloji təqvim”, “İşğal olunmuş ərazilərin ekoloji vəziyyəti”, “Sərvətlərimiz”, “Kitabxana”, “Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi”, “Ekologiya üzrə Texniki Komitə”, Foto Arxiv”, “Arxiv” alt bölmələri vətəndaşların məlumatlarındırılmasında yardımçı olur.


Justice.gov.az internet portalı isə Ədliyyə Nazirliyinin rəsmi elektron resursudur. Nazirliyin saytında yalnız bu qurumla bağlı olan məlumatlar yer alır. Maraqlıdır ki, qurumun xəbər lenti bir, bəzən isə 2-3 gündən bir yenilənir. Ədliyyə nazirinin keçirdiyi görüşlər, fotoşəkillər və videolar, qanunlar, faydalı linklər saytda yerləşdirilir. Bir qədər passiv görünsə də, nazirliyin saytına abunə olaraq, qurumla bağlı xəbərləri elektron poçta yönləndirmək mümkündür.


Mlspp.gov.az – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursudur. Bu qurumun saytı da aktiv və yaxşı dizayn edilmiş, faydalı məlumatları özündə əks etdirən internet portalı kimi seçilir. Nazirliyin saytını digərlərindən fərqləndirən cəhətlərdən biri orada sorğu arxivinin yerləşdirilməsidir. Vətəndaşlar bu sorğuda iştirak edərək, sosial müdafiə haqqında nə dərəcədə məlumatlı olub-olmadıqlarını yoxlaya, hüquqları və vəzifələri haqqında maarifləndirilmə işindəki boşluqları nazirliyinin diqqətinə çatdıra bilərlər. Mlspp.gov.az saytına da elektron poçt vasitəsilə abunə olmaq mümkündür. Qeyd etməliyik ki, bu nazirliyin saytı da yalnız iki dildə, Azərbaycan və ingiliscə dizayn edilib.


Mys.gov.az veb sayti isə gənclərin ən çox müraciət etdiyi saytlardan biridir. Gənclər və İdman Nazirliyinin elektron ünvanı olan bu saytda digər dövlət qurumlarında olduğu kimi vətəndaşlar üçün xüsusi, mətbuat nümayəndələri üçünsə fərdi elektron panellər yerləşdirilib. Nazirliyin həyata keçirdiyi tədbirlər, müxtəlif görüşlər, idman yarışları və s. haqqında əhəmiyyətli informasiyalar sayta əlavə olunur. Saytın xəbər lenti “Gənclər” və “İdman” olmaqla iki hissəyə bölünüb, hər başlığın özünə aid xəbərlər müvafiq olaraq panellərdə paylaşılır.

Nazirliyin saytı ancaq rəsmi profilinə uyğun məlumatları və qeyd etdiyimiz kimi qurumun tədbirlərini, layihələrini işıqlandırmağa xidmət edir. Saytının izləyicilərinin daha çox gənclər olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, elektron resursun strukturu bir qədər də təkmilləşdirilə, maraqlı veb-layihələr, panellər bura əlavə edilə bilər. Nazirliyin veb-saytına abunə olmaq üçün müvafiq bölmə saytda yerləşdirilməyib. Üstəlik, gənclərin daha çox diqqətini cəlb edən müxtəlif sorğu panelləri də elektron sayt vasitəsilə vətəndaşlara çatdırılmır. Dolayısıyla təklif və iradlar üçün yalnız nazirliyin müvafiq əlaqə nömrələrinə zəng etmək, elektron poçt hesabına müraciət etmək lazım gəlir. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.


Xarici İşlər Nazirliyinin elektron resursu - mfa.gov.az-dır. Saytın başlıq panelində “Diplomatik xidmət”, “Xarici siyasət”, “Konsulluq və Viza”, “Mətbuat xidməti”, “Əlaqə” bölmələri yerləşdirilib. Azərbaycan və ingilis dillərində xidmət göstərir. Nazirliyin saytının xəbər lentində yalnız XİN rəhbərinin görüşləri, xarici ölkələrə səfərləri və XİN-in gördüyü işlər yerləşdirilir. Ümumilikdə, məlumatlılıq baxımından nazirliyin saytını qənaətbəxş hesab etmək olar.


İqtisadiyyat Nazirliyinin veb-saytı da informasiyalılıq baxımından yararlı elektron portallardandır. Economy.gov.az Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Saytın xəritəsinə görə, başlıq paneldə “Nazirlik”, “İqtisadiyyat”, “Sahibkarlıq”, “Regionların inkişafı”, “Beynəlxalq əlaqələr”, “Müraciətlər”, “Qanunvericilik”, “Nazirliklə birbaşa əlaqə” bölmələri, bunlara uyğun bir çox altbölmələr xidmət göstərir.


Agro.gov.az isə Kənd Təsərrüfatı Nazirliyinin elekton portalıdır. Nazirlik və onun fəaliyyəti, ümumilikdə kənd təsərrüfatı sahəsi haqqında məlumatlılığı ilə seçilən sayt gündəlik xəbərlərdən tutmuş heyvandarlıq, bitkiçilik və s. sahələrə aid əhəmiyyətli informasiyaları paylaşır. Bu nazirliyin saytı da yalnız Azərbaycan dilində fəaliyyət göstərir.


Azərbaycan və ingilis dillərində əhaliyə xidmət göstərən maliyye.gov.az saytı isə adından göründüyü kimi Maliyyə Nazirliyinin rəsmi internet portalıdır. Nazirliyin saytında yalnız qurumun özünə aid xəbərlər, nazirin görüşləri və açlıqlamaları, məlumatlar insanlara çatdırılır. Xəbərlər mütəmadi yayımlanır.


Mədəniyyət Nazirliyinin rəsmi saytının əsas səhifəsi isə xəbərlər və elanlar olmaqla iki hissəyə ayrılır. Nazirliyin saytı elektron mct.gov.az domeni üzərində qurulub və 3 dildə - Azərbaycan, ingilis, rusca xidmət göstərir. Mədəniyyət sahəsinə aid olan xəbərlər, məlumatlar, tədbir və görüşləri əks etdirən press-relizlər veb-saytda mütəmadi yerləşdirilir.


Xüsusi dizaynı ilə seçilən rəsmi saytlardan biri də Müdafiə Nazirliyinin elektorn resursudur. Mod.gov.az saytı üç dildə - Azərbaycan ingilis və rusca xidmət göstərir. Saytın xəbər lenti “Xəbərlər” və “Cəbhə xəbərləri” olmaqla iki hissəyə bölünüb. Xəbər lenti gündəlik, bəzən isə 2-3 gündən bir yenilənir. Nazirliyin elektron portalına abunə yazılaraq, xəbərləri izləmək mümkündür.


Son vaxtlar xəbər lentinə görə passivliyi seçilən elektron resurslardan biri Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytıdır. Mdi.gov.az domeni üzərində qurulan nazirlik saytı ay ərzində 1 -2 dəfə yeni xəbərlər paylaşır, nazirliyə aid məlumatları əlavə edir. Üç dildə - Azərbaycan, ingilis və rusca fəaliyyət göstərən saytda “Nazirlik”, “Müsəssisələr”. “Məhsullar”, “Qanunvericilik”, “Xəbərlər”, Dövlıət xidmətləri”, “Fotoalbom”, “Etik davranış” və “Əlaqə”olmaqla 8 başlıq panel müəyyən edilib.


Mincom.gov.az – bu domen üzərində fəaliyyət göstərən isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet portalıdır. Azərbaycan, ingilis və rus dillərində xidmət göstərən saytda gündəlik, bəzi hallarda 2-3 gündən bir xəbərlər yenilənir. Bu nazirliyin veb-saytını digərlərindən fərqləndirən cəhət isə orada xəbərlərin və məlumatların səsləndirilməsi yeniliyidir. Yəni yayımlanan məlumatlar yazılı dərc edilməklə bərabər, səsli olaraq vətəndaşlara çatdırılır. Bundan əlavə, nazirliyin veb-saytından “Dilmanc” tərcümə proqramına avtomatik keçid edib, müxtəlif mətnləri tərcümə etmək mümkündür.


Səhiyyə Nazirliyinin elektron saytı health.gov.az da aktiv saytlar sırasındadır. Nazirliyin saytında qurumla bağlı xəbərlər, nazirin və nazirlik əməkdaşlarının keçirdiyi görüşlər, ümumilikdə səhiyyə sahəsinə aid olan əhəmiyyətli xəbərlər dərc edilir. Buna baxmayaraq, nazirliyin veb saytı yalnız Azərbaycan dilində fəaliyyət göstərir.


Aktivliyi və məlumatlılığı ilə seçilən rəsmi saytlardan biri də Təhsil Nazirliyinin veb-saytıdır. Edu.gov.az saytı gündəlik olaraq nazirliyə aid xəbər və məlumatları vətəndaşlara çatdırır. Bundan başqa nazirliyin internet televiziyası olan “Təhsil TV” də bu sahədə aktivliyi ilə seçilir. Bu nazirliyin elektorn resursu da Azərbaycan, ingilis, rus dillərində xidmət göstərir.


Taxes.gov.az isə Vergilər Nazirliyinin saytıdır. Bu saytda nazirliyə aid bütün məlumatlar, vətəndaşlar üçün yararlı bölmələr yerləşdirilib. Taxes.gov.az elektron resursunun xəbər lentində isə yalnız qurumun fəaliyyətini əks etdirən informasiyalar paylaşılır. Bu nazirliyin saytı da Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.


Ümumi olaraq qeyd etməliyik ki, nazirliklərin, eləcə də digər dövlət orqanlarının rəsmi elektron resurslarında olan məlumatların və dizayn (tərtibat) elementlərinin müəlliflik hüququ qorunur. Bu qurumların saytlarında yerləşdirilmiş məlumatlardan istifadə edildikdə istinad edilməsi vacibdir.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31