» » "Yüksək Texnologiyalar Həftəsi"nə start verilib

"Yüksək Texnologiyalar Həftəsi"nə start verilib

"Yüksək Texnologiyalar Həftəsi"nə start verilib
Bu gündən etibarən Bakıda "Yüksək Texnologiyalar Həftəsi"nə start verilib.

"APA-Economics" xəbər verir ki, dekabrın 5-dən 8-dək XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı ("Bakutel-2017") keçiriləcək.

Tədbirin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, artıq 23 ildir regionda İKT sektorunda ən vacib beynəlxalq hadisələrindən biri olan "Bakutel" bu sahənin nümayəndələrinin bir araya toplayır. Onun sözlərinə görə, sərgi çərçivəsində İKT sektorunun nümayəndələri qlobal əhəmiyyətli layihələri və gələcək inkişaf perspektivləri haqqında müzakirələr aparır, qərarlar qəbul edilər. "Eyni zamanda "Bakutel" müxtəlif istiqamətlər üzrə nailiyyətlərin nümayişi, yeni texnologiyaların və həllərlə tanışlıq üçün maraqlı məkandır. Sərgidə şirkətlərlə yanaşı tərəfimizdən dəstək alan startapçılar da yeni layihələrini təqdim edirlər. Bu, onların yeni investorlar tapması üçün bir şansdır. Bu sərgi təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan həm nəqliyyat-logistika, həm də informasiya mübadiləsi sahəsində dünyanın tranzit mərkəzinə çevrilib", - deyə nazir vurğulayıb.

"Bakutel" çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT-nin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumat mübadiləsi və emalı məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.

"Bakutel" sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi "Bakutel" sərgisinin beynəlxalq nüfuzundan xəbər verir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" (CEO) şirkəti çıxış edir.

Builki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayır. Onların arasında Azərbaycan, ABŞ, BƏƏ, Çin, Finlandiya, Fransa, İsveç, Hollandiya, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Tədbir iştirakçılarının 40%-ini "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30%-ini təşkil edirlər. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında "BMC Software", "Hikvision", "Qmatic", "Nexus Telecom" və digər yerli şirkətlər var. 20 ildən artıq müddət ərzində tədbirin iştirakçısı olmuş "Azercell" şirkəti "Bakutel" sərgisinin baş sponsoru qismində çıxış edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması "Bakutel" sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 10 ölkəsi - Rusiya, BƏƏ, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, "Elektron hökumət" və "Elektron imza" infrastrukturu, "Data Mərkəzi"nin "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.

Ənənəvi olaraq, sərgidə bu "startap"lara böyük diqqət yetirilir. Regionun ən böyük İKT tədbirində sənaye liderləri və dövlət strukturları ilə yanaşı, iştirak etmək onların layihələrini dövlət və özəl təşkilatlar tərəfindən verilən investisiyaları almaq üçün təqdim etməyə unikal fürsət yaradır. Ümumilikdə, sərgi çərçivəsində 20 məhsul təqdim olunacaq. Bu məhsullar arasında düz qamətin formalaşdırılmasına kömək edən “Spinal” qurğusu və mobil tətbiqi, Azərbaycan apteklərində lazımı dərman preparatını asanlıqla və istənilən vaxt tapmaq üçün "Tabletka.az" tətbiqi, Azərbaycanda ilk və yeganə ekoloji təmiz "VeloKuryer" kuryer şirkəti, əl ilə çəkilmiş istənilən eskizi smartfona göndərən və müvəqqəti mürəkkəbi olan "Wand" qələmi, eləcə də milli komiks, oyuncaq, animasiya və vətənpərvərlik ruhunda videoların hazırlanması istiqamətində iş aparan "İRS Cizgi" komandasının məhsulları yer alır.

Dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

Ənənəvi olaraq, sərgini xarici mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin sərfəli qonaqları arasında: Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao, Regional Rabitə Birliyin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Halil İbrahim Akca, İranın rabitə və informasiya texnologiyaları naziri Mohammad-Cavad Azari Jahromi, Rusiyanın rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, Qazaxıstanın İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kozhikhov, Belarusun rabitə və informasiyalaşdırma nazirinin müavini Anna Rabava, Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Mohammad Hadi Hedayati, BƏƏ-nin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin (TRA) baş direktoru Hamad Al Mansoori, "İntersputnik"in baş direktoru Vadim Belov və digərləri yer alır.

Sərginin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngindir. Sərginin proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. İşgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş; İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı; “E-Hökumət, E-iştirak və Açıq hökümət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı; “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı; “V Regional İnternet İdarəçilik Forumu”; “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçiriləcək.

Həmçinin “Bakutel-2017” sərgisinin təşkilatçıları tərəfindən planlaşdırılmış işgüzar proqram çərçivəsində “Birləşmiş dünyada yeni imkanlar” mövzusunda İKT konfransı keçiriləcək. Konfrans çərçivəsində çıxışlar və sərgidə iştirak edən aparıcı şirkətlərin, o cümlədən “Agile”, “Comfort International”, “Elcore Group”, “Microsoft Azerbaijan”, “Huawei”, “Bestcomp Group”, “Nokia”, “Softline”, “SMART Business” və s. şirkətlərin məhsul, xidmət və layihə təqdimatları olacaq.

Sərginin birinci və ikinci günlərində “B2B” formatlı görüşlər keçiriləcək və bu görüşlər zamanı sərgi iştirakçıları və peşəkar ziyarətçilər biznes əlaqələri üçün əlavə imkanlar əldə edəcəklər.

Bu il təşkilatçılar tərəfindən həyata keçirilən yenilik sərginin iştirakçılarına təşkil olunan işgüzar ziyafət olub. İşgüzar ziyafətin keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. İşgüzar ziyafət təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş “Big City Coaching” şirkətinin bələdçisi Ksenika Borisova tərəfindən aparılıb. Ziyafət zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Bundan başqa, təşkilatçılar işgüzar ziyafət keçirməklə iştirakçılara bir-biriləri ilə tanış olmaq imkanı yaradıb, çünki onların əksəriyyəti bir-birilərinin potensial müştəriləri olsalar da, sərgi zamanı stendlərdə aparılan gərgin işə görə belə imkana malik olmurlar.

Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir. Foyedə “Photobox” aparatı quraşdırılacaq və arzu edən ziyarətçilər bu aparatın köməyi ilə fotoşəkil çəkdirə və yerindəcə çap olunan fotoşəkili e-poçt ünvanına göndərə və ya sosial şəbəkələrdə paylaşa bilər. Sərgi kompleksinin ikinci zalında isə Oyun zonası yerləşir. Burada yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” tərəfindən hazırlanmış, eləcə də “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar təqdim olunacaq.

Foyedə “Caspian Event Organisers” şirkətinin daimi tərəfdaşı - “Aqil və Bilgi” şirkətinin iştirakı ilə uşaq zonası təşkil olunacaq. Böyüklərin sərgidə rahat vaxt keçirməsi üçün “Ağıl və Bilgi” şirkətinin nümayəndələri uşaqları maarifləndirici oyunlar və faydalı məşğuliyyətlərlə əyləndirəcəklər. Beləliklə, ölkənin İKT sektorun əsas tədbiri olan beynəlxalq “Bakutel” sərgisinin yolunu səbirsizliklə gözləyir və bu sərgiyə xüsusi hazırlaşır. Sərgi zamanı “Bakutel-2017” sərgisinin gündəlik xəbərləri” qəzetinin xüsusi buraxılışı dərc ediləcək ki, bu qəzetdə sərgi iştirakçıları və sərgi çərçivəsində keçirilən tədbirlər barədə ətraflı məlumatlar yer alacaq. “Caspian Event Organisers” şirkətinin 2017-ci il üzrə tərəfdaşları arasında “Premier Tour” şirkəti (rəsmi turoperator), “Qafqaz Point Hotel” və “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) yer alır. Bu il sərginin ikinci günü rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunması ilə üst-üstə düşür. Fürsətdən istifadə edərək, təşkilatçılar hər zaman sərgiyə dəstək göstərən və fəal iştirak edən bu sahə əməkdaşlarını təbrik edirlər.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031