Главная > iqtisadiyyat > Aqrar Kredit və İnkişaf Agentliyi yeni qaydalarla satdığı kənd təsərrüfatı texnikasının sayını açıqlayıb

Aqrar Kredit və İnkişaf Agentliyi yeni qaydalarla satdığı kənd təsərrüfatı texnikasının sayını açıqlayıb


19-04-2019, 11:18. Разместил: djbaz
Aqrar Kredit və İnkişaf Agentliyi yeni qaydalarla satdığı kənd təsərrüfatı texnikasının sayını açıqlayıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) bu ilin mart-aprel aylarında yeni qaydalarla 506 kənd təsərrüfatı texnikası satıb.
Djb.az nazirliyə istinadən xəbər verir ki, bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib.
"Bunun 411-i "Aqrolizinq" ASC-yə, 95-i isə digər təchizatçılara məxsus olub. Mart ayındakı istirahət günlərinin sayı bizə imkan verir deyək ki, bu nəticəyə 1 ay ərzində nail olmuşuq. Ümumilikdə 32 milyon manatlıq texnika satışına görə 12,8 milyon manat dövlət vəsaiti ayrılaraq, subsidiya kimi fermerlərin əvəzindən təchizatçılara ödənilib. Bundan başqa, fermerlərə 8 milyon manat kredit verilib. Texnika və damazlıq heyvan satışı bazarının liberallaşdırılması iqtisadi təhlükəsizliyin təmini istiqamətində əhəmiyyətli addımlardandır", - deyə o, qeyd edib.
Xatırladaq ki, ölkə prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Fərmana qədər yalnız səhmləri dövlətə məxsus "Aqrolizinq"in bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq , istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.
Qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikasının dəyərinin 40%-i, damazlıq heyvanın isə dəyərinin 60%-i məbləğində vəsaiti AKİA fermerin əvəzindən təchizatçıya ödəyir. Bundan başqa, texnika və heyvanın güzəştli kreditlə satışı zamanı kredit faizlərini də Agentlik vətəndaşın əvəzindən ödəyir.

Вернуться назад