dini radikalizm və ekstremizmlə mübarizə

Dünya Bankı Azərbaycanın aqrar sektoruna bu il 4,4 mln. dollar yatıracaq

Baxış Sayı:872

Dünya Bankı Azərbaycanın aqrar sektoruna bu il 4,4 mln. dollar yatıracaq

Dünya Bankı Azərbaycanda icra etdiyi "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" ("Agricultural Competitiveness İmprovement Project") layihəsi çərçivəsində bu il ölkəyə daha 4,36 mln. ABŞ dolları ödəyəcək.

Djb.az xəbər verir ki, Dünya Bankından "APA-Economics"ə verilən məlumata görə, layihə təkcə Samux rayonunda artıq 150 yerli fermerin kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və paylanması şəbəkələrinə əlçatanlığını yaxşılaşdırıb. Bundan əlavə, sözügedən layihə nəticəsində rayonun yeni məhsul qurutma müəssisəsi bir çox qonşu kənd və qəsəbələrdə olduğu kimi, yerli istehsalçıların da ehtiyaclarına tam xidmət edə bilir.

Qeyd edək ki, Dünya Bankı tərəfindən 2013-cü ilin sentyabrın ayının 30-da təsdiqlənən "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" layihəsinin ümumi dəyəri 53,25 mln. dollardır və bu məbləğin 34,5 mln. dolları öhdəliyinə düşür. Bank öhdəliyində olan məbləğin 87,36%-ni (30,14 mln. dollar) ödəyib və qalan vəsaitin də layihənin bağlanacağı müddətədək (2021-ci ilin dekabrın 31-də) ölkəyə ödəniləcəyi gözlənilir.

Layihənin əsas məqsədləri sırasına Azərbaycanda aqrobiznesin həm tələb, həm də təklif tərəflərinin yaxşılaşdırılması, daha yaxşı emal potensialını və bazarlara daha asan çıxışın təmin edilməsi ilə ölkənin kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətliliyinin artırılması daxildir. Bank layihənin icrası üzrə ümumi irəliləyişi kafi qiymətləndirir.

Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. dollar təşkil edir (bura ödənilməmiş öhdəliklər də daxildir – red.). Bundan əlavə, bankın ölkədə üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR