dini radikalizm və ekstremizmlə mübarizə

Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib



“Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi və onun xüsusi elementi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) yeni bir mərhələyə qədəm qoyub. TANAP artıq Avropa sərhədinədək uzanıb. Bu isə o deməkdir ki, Azərbaycan təbii qazı yalnız Türkiyəyə deyil, Avropa bazarına nəql etmək imkanlarına nail olub. Trans-Adriatik qaz boru kəməri layihəsinin (TAP) icrasının 90 faiz yerinə yetirilməsi ondan xəbər verir ki, növbəti il Azərbaycan qazının Avropa bazarına çıxarılması praktik olaraq reallaşacaq”. Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, TANAP Azərbaycan, bütövlükdə region üçün mühüm layihələrdəndir. Onun sözlərinə görə, Azərbaycan TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 6 milyard kubmetr qaz göndərmək imkanı əldə edib. Eyni zamanda, icrası başa çatmaqda olan TAP kəməri vasitəsilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql edəcək. Gələcəkdə Avropa və Türkiyə bazarına çıxarılacaq Azərbaycan qazının həcmi 31 milyard kubmetri ötəcək. Cənub Qaz Dəhlizi, eyni zamanda, TANAP Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirməsi baxımından geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır.

Azərbaycanın regiondakı rolunu və mövqeyini göstərən TANAP layihəsinin dövlət gəlirlərimizin artmasına birbaşa təsir göstərəcəyini deyən V.Bayramov diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi Azərbaycana 100 milyard dollardan çox gəlir gətirəcək. Bu isə ölkəmizin dövlət gəlirlərinin yeni bir mərhələdə, təbii qaz satışından əldə edilən valyuta hesabına formalaşması mənasına gəlir. Bu, praktik olaraq ölkəyə daxil olan valyutanın həcminin artmasına imkan verəcək.

“Bu layihə, eyni zamanda, Türkiyə və Gürcüstan üçün də çox vacibdir. Gürcüstan tranzit ölkədir. Layihənin reallaşması nəticəsində Türkiyə qaz idxalından asılılığını aradan qaldıracaq. Azərbaycan Türkiyəyə qaz ixracına görə ikinci ən böyük ölkəyə çevrilmək niyyətindədir. Bu, Azərbaycan, Gürcüstan və Türkiyə strateji əməkdaşlığının daha da güclənməsinə təkan verir. TANAP Türkiyənin enerji təhlükəsizliyinin formalaşmasına, Cənub Qaz Dəhlizi də Türkiyə ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatına töhfə verən layihədir. Cənub Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbədir. Bu, təbii ki, Avropanın enerji xəritəsinin yenidən işlənməsində xüsusi paya malikdir. TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Ölkə başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxları ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələləri vardı. Bütün bunlara baxmayaraq Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə reallaşdı. Birmənalı şəkildə Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı Cənub Qaz Dəhlizinin reallaşması mümkün olmazdı. Layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın reallaşdırdığı təşəbbüsdür. Region hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış təşəbbüsdən faydalana biləcək və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq” - deyə, ekspert qeyd edib.

Oxunub: 609
Oxşar xəbərlər
SON XƏBƏRLƏR