dini radikalizm və ekstremizmlə mübarizə

İnam Kərimov: Biz kəndlilərin, fermerlərin yanında olmalıyıq

İnam Kərimov: Biz kəndlilərin, fermerlərin yanında olmalıyıq


Kənd Təsərrüfatı Nazirliyində martın 26-da Bərdə rayonunda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı pambıq səpininə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq” ASC-nin, həmçinin "MKT İstehsalat Kommersiya” MMC-nin, "Azərpambıq” MMC-nin və pambıq tədarükü məntəqələrinin nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hazırda 133 min hektar sahədə pambıq əkini aparılıb, ancaq buna baxmayaraq keçən il həm obyektiv, həm də subyektiv səbəblərə görə pambıqçılıqda müəyyən problemlər yaşanıb.
"Cənab prezident tərəfindən qarşımıza qoyulan vəzifələr böyükdür. Bu sahədə çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Biz pambıq əkinini nümunəvi həddə çatdırmalıyıq. Düzgün planlaşdırma həyata keçirilməli, koordinasiya düzgün olmalıdır” - deyə nazir qeyd edib.
Müşavirədə pambıqçılıqla məşğul olan rayonların və həmin rayonlara təhkim olunmuş nümayəndələrin səpinlə bağlı məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb. Həmçinin pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi, tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün "Aqrolizinq” ASC-yə, pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlardan vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.
"Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır. Bu bizim əsas fəaliyyət prinsiplərimizdəndir. Biz kəndlilərin yanında olmalıyıq. Bugünkü görüş bizim tapşırıq görüşümüzdür”, - deyə İ.Kərimov əlavə edib.

Oxunub: 798
Oxşar xəbərlər
SON XƏBƏRLƏR