dini radikalizm və ekstremizmlə mübarizə

“Seçki bahalaşması” gözləniləndirmi?

“Seçki bahalaşması” gözləniləndirmi?
Xəbər verildiyi kimi, ölkə prezidenti İlham Əliyevin dünənki sərəncamı ilə aprel ayının 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Ölkə başçısının sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar prezident seçkilərinin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, hələ bu sərəncama qədər ölkədə bəzi məhsullar, xüsusilə dizel yanacağının qiyməti ilə bağlı bahalaşma olacağı anonsları verilirdi.

Maraqlıdır, seçkiqabağı dövrdə ölkə iqtisadiyyatındakı mənzərə necə olacaq?

Oxu.Az xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata açıqlamasında deyib ki, ölkədə seçkiqabağı iqtisadi vəziyyət stabil olacaq:

“Respublikada ötən ildən start verilən iqtisadi islahatlar, həyata keçirilən layihələr, neftin qiymətinin 70 dollar civarında olması vəziyyətin müsbətə doğru getdiyinin göstəricisidir.

Nə seçkiyə qədər, nə də seçkidən sonra bahalaşma gözlənilir.

Azərbaycanın ixrac potensialı imkan verir ki, əhalinin xüsusilə aztəminatlı təbəqəsinin vəziyyətinin pisləşməsinin qarşısı alınsın. Hazırda ixrac artıb, ticarət balansında müsbət saldo yaranıb.

Ölkə olaraq ciddi problemlərimiz yoxdur. Neftin qiyməti qənaətbəşxdir, manatın məzənnəsi stabildir. Mərkəzi Bankın apardığı siyasət doğru siyasətdir, yəni pul kütləsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunur.

Bütün bunlar göstərir ki, hansısa yanacağın bahalaşmasından söhbət gedə bilməz və buna ehtiyac yoxdur”.

V.Əhmədov açıqlamasında qeyd edib ki, ölkə prezidentinin yürütdüyü siyasət xalqın rifahının yaxşılaşdırılmasına xidmət edir:

“Mən hesab edirəm ki, cənab prezidentin apardığı siyasət ona dəlalət edir ki, yanacaq qiymətlərinin artması gözlənilən deyil.

Biz 2018-ci ilin dövlət büdcəsini 45 dollardan götürmüşük. Amma nəzərə alaq ki, hazırda “qara qızıl” 70 dollara satılır. Ona görə də narahatlığa heç bir əsas yoxdur”.

Millət vəkili Azər Badamov da istər seçkilər ərəfəsində, istərsə də seçkilərdən sonra ölkədə bahalaşmanın, süni qiymət artımının gözlənilən olmadığını, bu yöndə səslənən iddiaların həqiqəti əks etdirmədiyini, əslində, bəzi qüvvələr tərəfindən bu məsələdən istifadə edilib, cəmiyyətdə narazılıq yaratmaq məqsədi güdüldüyünü bildirib:

“Azərbaycanda hər mənada sabitlik var. İstər iqtisadiyyatda, istər siyasətdə, istərsə də digər sahələrdə bir oturuşma, bir sabitlik mövcuddur. Eyni zamanda, ölkədə süni bahalaşmaya və süni qiymət artımına qarşı dövlət və aidiyyəti qurumlar tərəfindən ciddi ölçü götürülür.

Bu məsələdə Azərbaycan dövlətinin, ölkə prezidentinin iradəsi ortadadır. Yəni, bu baxımdan, istər seçkilər ərəfəsində, istərsə də seçkilərdən sonra bahalaşmanın, süni qiymət artımının olması gözlənilən və mümkün deyil.

Bu məsələni tez-tez gündəmə gətirib, cəmiyyətdə çaşqınlıq, narazılıq yaratmaq istəyənlərin niyyətləri baş tutmayacaq. Bu yöndə cəhdlər əbəs və faydasızdır. Azərbaycan dinamik, sürətli inkişaf edir və bundan sonra da bu istiqamətdə növbəti zəfərlərinə, qələbələrinə çatacaq.

Ölkə Prezidenti İlham Əliyevin müdrik və düşünülmüş iqtisadi və siyasi kursu, siyasəti nəticəsində Azərbaycan insanı, Azərbaycan vətəndaşı öz həyatını, maddi-rifah halını, güzəranını yaxşılaşdırmaqda davam edir və bundan sonra da davam edəcək. Buna kimsənin şübhəsi olmasın”.

Oxunub: 703
Oxşar xəbərlər
SON XƏBƏRLƏR