» » Vahid Əhmədov: Rəqabət Məcəlləsinin qəbulu qaçılmazdır

Vahid Əhmədov: Rəqabət Məcəlləsinin qəbulu qaçılmazdır

Vahid Əhmədov: Rəqabət Məcəlləsinin qəbulu qaçılmazdır
Ölkədə bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin yaradılması və formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbulu vacibdir və qaçılmazdır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

O qeyd edib ki, bu gün belə bir məcəlləyə hava, su kimi ehtiyac var.

Millət vəkilinin sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbulu illərdir yubanır, ləngidilir:

“Bildiyiniz kimi, Rəqabət Məcəlləsi 3-cü çağırış Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılaraq, birinci oxunuşdan keçirilmişdi. Çox təəssüflər olsun ki, üstündən az qala 10-11 il keçir, ancaq məcəllənin növbəti oxunuşların müzakirəsinə çıxarılması və bütövlükdə qəbulu ləngidilir, uzadılır. Bununla bağlı həm mən, həm həmkarım Əli Məsimli dəfələrlə məsələ qaldırmışıq. İstər parlamentin plenar, istərsə də üzvü olduğum komitənin iclaslarında bu məsələni bir neçə dəfə gündəmə gətirmiş, onun qəbulunun vacibliyini söyləmiş, ümumiyyətlə, məcəllənin qəbuluna mane törədilməsinə, bunda maraqlı olan şəxslərə öz kəskin etirazımızı bildirmişik. Lakin əfsuslar olsun ki, məcəllənin müzakirələrə çıxarılması və qəbulu hələ də mümkün olmayıb.

Bununla belə, sevindirici haldır ki, Rəqabət Məcəlləsinin qəbulu məsələsi 2016-cı ildə ölkə prezidenti tərəfindən ortaya qoyulmuş “Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Amma orada bu məcəllənin 2017-2021-ci illər arasında qəbulu vurğulanıb. 2017-ci il başa çatdı və bu baxımdan, Rəqabət Məcəlləsinin qəbulu artıq ötən il mümkün olmadı. Ancaq mənə daxil olan məlumata görə, bu il, nəhayət, Rəcabət Məcəlləsinin parlamentin plenar iclasına çıxarılaraq qəbulu nəzərdə tutulur. Mən özüm də müəyyən şəxslərlə, orqanlarla bu barədə danışmışam, Məcəllənin 2021-ci ilə qədər deyil, elə 2018-ci ildə qəbul olunmasının vacibliyini söyləmişəm. Mənə də bildirilib ki, bu il artıq adıçəkilən məcəllənin qəbulu tam başa çatacaq. Bir daha qeyd edirəm ki, belə bir məcəlllənin qəbulu olduqca vacibdir.

Ölkə prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırığı ilə ölkədə inhisarçılıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılsa da, müəyyən müsbət nəticələr əldə edilsə də, hələ də bəzi sahələrdə monopoliya, inhisarçılıq elementləri qalmaqda, ölkədə bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına, azad rəqabət mühitinin yaranmasına mane olmaqdadır. Bu baxımdan, Rəcabət Məcəlləsinin qəbulu zəruri, qaçılmazdır”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031