dini radikalizm və ekstremizmlə mübarizə

Cəza çəkməkdən azad edilmiş şəxslərə 2,4 mln. manat ödənilib

Cəza çəkməkdən azad edilmiş şəxslərə 2,4 mln. manat ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 5 214 nəfər şəxsə 2 419 296 manat birdəfəlik müavinət ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir. Azərbaycan prezidentinin 25 dekabr 2017-ci il tarixli sərəncamına əsasən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də 12,06% artırılaraq 520 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri 2017-ci ildə də davam etdirilib. Ötən il ölkədə 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında əmək bazarının tələblərinə uyğun peşələr üzrə ümumilikdə 14 peşə hazırlığı kursu təşkil olunub. Həmin kurslara qeyd olunan müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub. Peşə hazırlığı kurslarında müvafiq şəxslərə öz seçimlərinə uyğun olaraq avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, kompüter texnikasının təmiri, inşaat rəngsazı, dülgər-xarrat və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilib. Kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri verilib.

Ümumilikdə qeyd olunan Tədbirlər Planının icrası işlərinin davamı olaraq, təkcə son beş ildə, yəni 2013-2017-ci illər ərzində penitensiar müəssisələrdə məhkumluq müddəti bitməkdə olanlardan 780 nəfər şəxs peşə hazırlığına cəlb olunub.

Bu kursların təşkilində məqsəd penitensiar müəssisələrdən buraxıldıqdan sonra həmin şəxslərin yeni yiyələndikləri peşələr hesabına əmək bazarına çıxış və məşğulluq imkanlarına şərait yaradılmasıdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.

Oxunub: 749
Oxşar xəbərlər
SON XƏBƏRLƏR