Главная > idman > Nazim Süleymanov: “Əvvəlki “Qarabağ”ı görə bilmirik”

Nazim Süleymanov: “Əvvəlki “Qarabağ”ı görə bilmirik”


30-11-2019, 10:57. Разместил: djbaz
Nazim Süleymanov: “Əvvəlki “Qarabağ”ı görə bilmirik”

“Qarabağ”ın əlinə çox gözəl fürsət düşmüşdü. APOEL-i səfərdə məğlub etməyi bacaran komanda evdəki iki oyundan heç birində kiprliləri uda bilmədi”.

Bunu apasport.az saytına “Qarabağ”ın Avroliqanın qrupunda qalmasını şərh edən Azərbaycan milli komandasının keçmiş futbolçusu Nazim Süleymanov deyib.

Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının sədrinin fikrincə, Ağdam klubu əvvəlki ilə müqayisədə inamsız görünür: “Sevilya” istisna olmaqla, digər 3 komanda təxminən eyni gücdədir. Hər şey “Qarabağ”ın öz əlində idi. “Sevilya”dan xal almaqla, yenidən hər şeyi lehinə çevirə bilərdilər. Sanki komandada həvəs, istək yox idi. Ümumiyyətlə, biz əvvəlki “Qarabağ”ı görə bilmirik. Əvvəl komandamız meydana çıxanda inam oyadırdı ki, bu gün mütləq qələbə olacaq. Ancaq indi elə deyil. Etiraf edək ki, “Sevilya” “Qarabağ”ın qarşısına optimal heyətlə çıxmamışdı, buna “ikinci heyət” demək daha doğru olardı”.

N.Süleymanov “Sevilya” ilə oyunda hakim idarəçiliyinin birtərəfli olması, bunun nəticəyə təsir etməsi fikri ilə razılaşmır: “Düzdür, meydan sahiblərinə rəğbət hiss edilirdi. Adətən “Böyük beşlik” ölkələri təmsilçisi ilə qarşılaşanda bu, daha çox hiss olunur, hakimlər sanki onları narazı salmaq istəmir. Buna hazır olmaq lazım idi. Hakimlik, hakim səhvi futbolun bir elementinə çevrilib. Onlar nə qədər ədalətli olmağa çalışsalar da, səhv qaçılmaz olur. Millimiz Macarıstan və Uelslə oyunlarda hakim qərarlarından daha çox əziyyət çəkdi. Vurduğumuz qolu saymadılar, penaltimizi vermədilər. Hər biri nəticəyə təsir edən səhvdir”.

Nazim Süleymanov da digər futbol mütəxəssisləri kimi, çempionatda rəqabətin olmamasını “Qarabağ”ın daha uğurlu nəticə qazanmasına əngəl sayır: “La Liqanı bizim “Bakı çempionatı” ilə müqayisə etmək yersizdir. “Qarabağ”ın daha yaxşı oynaması üçün təbii ki, daxili çempionatda ona rəqabət olmalıdır. Ağdam klubu aradakı fərqdən əziyyət çəkir, nəbzi tuta bilmir. Fiziki cəhətdən təsiri qoyaq bir tərəfə, psixoloji baxımdan da buna hazır olmaq çətindir. Komanda sayı nə qədər çox olsa, “Qarabağ” çempionatda nə qədər əziyyət çəksə, rəqabət hiss etsə, o qədər də formada olacaq. Ondan sonra biz ondan qrupdan çıxmağı tələb edə bilərik”.

54 yaşlı mütəxəssis “Qarabağ”ın daha da güclənməli olduğunu, heyətinə daha səviyyəli legionerlər cəlb etməsinin vacibliyini düşünür: “Qarabağ”lılar ruhdan düşməməlidir. Hər il qitə turnirlərinin qrupunda çıxış edən komanda gec-tez irəli addım atacaq. Yəni sabitlik var, inkişafın ilk şərti budur. Əlbəttə, biz klubun içində deyilik, oyundan sonrakı müzakirələri bilmirik. Ancaq hesab edirəm ki, məşqçilər korpusunda heyətlə bağlı müəyyən fikirlər formalaşıb. Onun üzərində çalışmaq, deyək ki, hücum zəifdirsə, hücumçu almaq lazımdır. Söhbət daha səviyyəli, yetərincə beynəlxalq oyun təcrübəsi olan futbolçu transferindən gedir. Ehtiyac duyulursa, hətta ulduz futbolçu da almaq olar. Təki qrupdan çıxaq. Hesab edirəm ki, artıq qarşıdakı ildə konkret hədəf bu olmalıdır”.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan “Qarabağ” sonuncu turda “Düdelanj”la matçın nəticəsindən asılı olmayaraq, qrupda qalıb.
Вернуться назад