Главная > idman > "Bney Yehuda"nın baş məşqçisi: "Məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq"

"Bney Yehuda"nın baş məşqçisi: "Məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq"


15-08-2019, 11:58. Разместил: djbaz
"Bney Yehuda"nın baş məşqçisi: "Məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq"

"İlk oyunda komandamın göstərdiyi futboldan razıyam. Xüsusilə də birinci hissədə çox yaxşı oynadılar".

APA-nın Tel-Əvivə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukassis deyib.

İsrail təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Neftçi"ni qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında 49 yaşlı mütəxəssis bildirib ki, mövsümün əvvəlində göstərdikləri futbol qənaətbəxş sayıla bilər: "Ancaq optimal formada olmaq üçün 3-4 yeni futbolçu lazımdır. Bakıdakı nəticənin bizim üçün nə dərəcədə yaxşı olub-olmadığı sabah deyə biləcəyik. Çünki mübarizənin yalnız ilk hissəsi bitib. "Neftçi" çox yaxşı komandadır. çox güclü futbolçuları var. Onların qarşısını Bakıda ala bildik. Rəqibin əsas üstünlüyü cari mövsümdə 6-cı rəsmi matçına çıxmasıdır, bizdə 2-ci oyunumuzu keçirəcəyik".


O, ikinci oyunda Bakıdakı nəticəni qorumaq haqda deyil, yaxşılaşdırmaq barədə düşündüyünü qeyd edib: "Birinci qarşılaşmada oyunu rəqibə uyğun qurdum. Deməzdim ki, yalnız müdafiədə oturduq. Hücuma da çıxdıq, 2 qol vurduq. Sabah məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq. Əksinə, bunu daha da yaxşılaşdıraraq azarkeşlərimizi sevindirmək istəyirik. Heç vaxt nə özümə, nə də futbolçularıma Bakıdakı 2:2 hesabının yaxşı nəticə olduğunu deməmişəm. 2:0 qalib gəlsəydik, yaxşı nəticə olardı. Bu üstünlüyünü əldən verdiyimiz üçün 2:2 hesabı heç də yaxşı nəticə deyil".

Y. Abukassisin sözlərinə görə, keçmiş barədə deyil, gələcək barədə düşünür: "İndi sabahkı qələbəni düşünürük. Bundan sonra addım-addım irəliləmək, pley-off mərhələsinin matçlarını düşünəcəyik ki, qrupa düşək. "Neftçi"ni kənarlaşdırsaq, bizim üçün çox böyük nəticə olacaq. Çünki hamı rəqibimizi bu cütün favoriti sayırdı".

Qeyd edək ki, Petah Tikvada təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandaların Bakıdakı ilk oyunu 2:2 hesabı ilə başa çatıb.
Вернуться назад