dini radikalizm və ekstremizmlə mübarizə

Fariz Nəcəfov: “Nəticələr bir qədər ruhdan salır” - MÜSAHİBƏ

Fariz Nəcəfov: “Nəticələr bir qədər ruhdan salır” - MÜSAHİBƏ

“Qəbələ”nin prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Mövsümün ikinci yarısında keçirdiyiniz ilk 4 oyunda məğlub olmusunuz. Qışdan sonra nə dəyişdi ki, komandada eniş yaşandı?
- Qışdan sonra heyətdəki dəyişikliklər enişin əsas səbəbi kimi göstərilə bilər. Çünki komanda iki əsas oyunçusunu itirdi. Bununla belə, heyətdə yer alan futbolçulara da inamımız böyükdür. Birlikdə bu vəziyyətdən çıxmağa çalışırıq.

- Komanda hazırda son pillədə qərarlaşır və "Səbail"dən 6 xal geri qalır. Sizin üçün 7 və ya 8-ci yeri tutmağın bir önəmi varmı?
- Təbii ki, heç kim sonuncu sırada qərarlaşmaq istəməz. Bizim əsas istəyimiz heyətdəki gənc oyunçularımızın hər növbəti matçda inkişaf etmələridir. Belə olarsa, yaxşı nəticələr də gələcək və turnir cədvəlində yuxarı pillələrə qalxacağıq.

- Yaranmış enişi Davit Volkovun gedişi ilə əlaqələndirmək olar? Çünki ilk yarıda hücum yükünü təkbaşına daşıyırdı.
- Davit bizim üçün önəmli oyunçu idi. Xüsusilə son matçlarda ön plana çıxmışdı. Amma onun qədər Niassenin də, hazırda heyətimizdə olan futbolçuların da uğurlu seriyada əməyi olmuşdu. Sırf hücum xəttinə gəlincə, akademiyamızın yetirmələri də komanda üçün vacib qollara imza atmışdılar. Düşünürəm ki, tezliklə yenidən uğurlu seriyaya başlayacağıq.

- Vəziyyət bu cür davam edərsə, baş məşqçi postunda hansısa dəyişiklik edə bilərsinizmi?
- Hazırda bu məsələ, ümumiyyətlə, müzakirə olunmur. “Neftçi” ilə görüşdən sonra da komanda üzvlərinə bildirdim ki, yüksək əhval-ruhiyyə ilə növbəti görüşlərə hazırlaşmaq lazımdır. Komandada yaxşı atmosfer hökm sürür, sadəcə, nəticələr bir qədər ruhdan salır.

- Yeni transfer Nikolas Raysel zədələnib. Azad agent statusuna malik yeni oyunçu gətirmək fikriniz varmı və bu yöndə hansısa danışıq aparılırmı?
- Rayselin zədəsi ciddi deyil, tezliklə heyətə qatılacaq. Yeni oyunçunun gəlişi hazırda gündəmimizdə yoxdur.

- Gələn mövsümlə bağlı planınız hazırdırmı? Azarkeşlər yenidən iddialı "Qəbələ" görəcəklər, yoxsa gənclərlə oynamaq strategiyasını dəyişməyəcəksiniz?
- Növbəti mövsüm barədə danışmaq üçün hələ tezdir. Real büdcəmiz imkan verdiyi qədər iddialı olmağa çalışacağıq. Gənclərimizin inkişafı bizim üçün çox vacibdir. Ona görə də məşqçilər qarşısında onlara daha çox şans vermək tapşırığı qoyulub. Sözsüz ki, imkan daxilində.

Oxunub: 582
Oxşar xəbərlər
SON XƏBƏRLƏR