dini radikalizm və ekstremizmlə mübarizə

İlham Yadullayev: "Onların belə işə əl atacağına heç vaxt inanmazdım" - MÜSAHİBƏ

İlham Yadullayev: "Onların belə işə əl atacağına heç vaxt inanmazdım" - MÜSAHİBƏ

"Turan Tovuz" klubunun baş məşqçisi İlham Yadullayevin apasport.az saytına müsahibəsi.

- AFFA 7 oyunçunuzu danışılmış oyunlardakı iştirakına görə, futboldan uzaqlaşdırıb. Bu qərara münasibətiniz necədir?
- Bu barədə mən də yeni məlumat əldə etmişəm. Bununla bağlı rəhbərliklə görüşüb, danışacağıq. Qərarda adı yazılan iki nəfəri biz əvvəldən komandadan uzaqlaşdırmışıq. Onlardan biri Misir Rüstəmovdur. Ancaq onu zəif çıxışına və məşqlərdəki intizamsızlığına görə qovmuşuq. Sənan Qocayevi isə "Zaqatala" ilə görüşdən sonra uzaqlaşdırmışıq. Onunla bağlı qərarımızın səbəbi də eyni idi. Həm də qırmızı vərəqə almışdı. Artıq neçənci dəfə idi meydandan qovulurdu.

- Hər halda, 7 futbolçu heç də az say deyil. Oyunlar vaxtı nəsə hiss etmisinizmi?
- Xeyr. Adamın belə şeylər ağlına gəlməz. Əgər komandada işləyirəmsə, hər bir oyunçuya inanıram. Zəif çıxış edə bilərlər, insandırlar, futbolçudurlar. Həmin matçların təhlilini də aparmışıq, axsayan yerlərlə bağlı çıxış yollarını axtarmışıq, səhvlərini demişik. Amma indi məsələ bu dərəcəyə qədər gəlib çıxıb. Əlində fakt olmayanda kimisə ittiham edə bilmirsən.

- Bir baş məşqçi kimi, sizin də əziyyətiniz, çalışmalarınız hədər edilib. Yəqin ki, bu məsələ sizə də pis təsir edib...
- Əlbəttə, çox pis təsir etdi. Eşidəndə şoka düşdüm. AFFA tərəfindən artıq araşdırılıb, üzə çıxarılıb. Təbii ki, klub tərəfdən də tədbirlər görüləcək.

- Futbolçu qıtlığı olduğu bir vaxtda həmin 7 futbolçunun yerini doldurmaq çətin olmayacaq?
- Yəqin ki, onlarla yollarımızı ayıracağıq. Rəhbərliklə görüşəcəyəm. Ümid edirəm ki, yeni futbolçular tapa bilərik.

- İndiyə qədər nədənsə şübhələnməmisiniz?
- Bilirsiniz, komanda məğlub olursa, deməli, çox futbolçu zəif oynayır. Ancaq əlində sübut yoxdursa, nəsə deyə bilmirsən. Artıq sübut var. Həmin insanları görəcəyəm. Onlara deyiləcək sözlərim var.

- Futboldan uzaqlaşdırılanlardan birinin adı xüsusi diqqət çəkir: Nizami Sadıqovun oğlu İlkin Sadıqov...
- Adları yazılanlar arasında elə uşaqlar var idi ki, onların belə işə əl atacağına heç vaxt inanmazdım. Onlardan biri də İlkindir. Bəzi oyunçuları "Turan Tovuz"a gələndən sonra tanıdım. İlkini isə uşaqlığından tanıyıram. Nizami müəllimlə də bir yerdə futbol oynamışıq. Nizami müəllim hər gün gördüyüm insandır, görüşəndə bir-birimizin üzünə necə baxacağıq? Bu məqam məni narahat edir. Qalmışam belə. Bəzi uşaqlar var ki, bu hərəkəti ediblərsə, deməyə söz tapa bilmirəm.

Oxunub: 743
Oxşar xəbərlər
SON XƏBƏRLƏR