dini radikalizm və ekstremizmlə mübarizə

Güləş Federasiyasında ilboyu yaşananlar

Güləş Federasiyasında ilboyu yaşananlar
2018-ci il güləşimiz üçün yaddaqalan il oldu. Azərbaycan Güləş Federasiyası (AGF) ilin əvvəlində müəyyən çətinliklərlə üzləşsə də, sonradan vəziyyət qismən düzəldi.

Djb.az federasiyanın saytına istinadən ötən il yaşananları xatırladır:

Kadr islahatları

2018-in əvvəlində baş katib vəzifəsinə Orxan Məmmədov təyin olundu. Eyni zamanda, I vitse-prezident postuna Firdovsi Umudov gətirildi. May ayından etibarən isə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yenidən AGF-yə qayıtdı. Hazırda N.Əliyev federasiyada prezidentin səlahiyyətlərini icra edir. Məhz onun AGF-yə qayıdışından sonra dövlətin də ciddi dəstəyi ilə maliyyə və digər problemlər aradan qalxdı.

Müxtəlif yığmalarda da məşqçi dəyişiklikləri baş verdi. Yayda yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millidə Taleh İsrafilov böyük məşqçi, Nazim Əhmədovla Rasim Ağayev isə məşqçi kimi fəaliyyət göstərməyə başladısa, azyaşlı yeniyetmələr Əbülfət Məmmədov və İlham Vəzirova tapşırıldı. İlin sonunda isə federasiyanın başçısı N.Əliyevin əmri ilə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmanın baş məşqçisi vəzifəsinə Saypulla Absaidov təyin olundu. Firdovsi Umudov isə sərbəst güləş üzrə vitse-prezident kimi fəaliyyətini davam etdirir.

Hakimlikdə yeni uğur

Geridə qoyduğumuz il ədalət təmsilçilərimiz üçün uğurlu keçdi. Asif Şirəliyevlə Sədi Quliyev I-S kateqoriyasına yüksəldi. Bu isə o deməkdir ki, hər iki hakimimiz bu dərəcəyə sahib Hicran Şərifov və İntiqam Alıyevlə birgə Tokio Olimpiadasında referi kimi ölkəmizi təmsil edə bilər. Təbii ki, UWW həmyerlilərimizə etimad göstərərsə.

Xatırladaq ki, indiyə qədər güləş tarixində eyni vaxtda dörd olimpiya kateqoriyalı hakimimiz olmamışdı. Abdul Nuriyevlə Elman İsmayılov da ötən il I dərəcəyə sahib çıxıb. Onlarla yanaşı, daha öncədən bu kateqoriyada olan Natiq Hacıyev gələcəkdə imtahanlardan uğurla keçərsə, I-S dərəcəli hakimlərimizin sayı artacaq.

Medalların izi ilə

Sözsüz ki, əsas maraq doğuran yarışlarda qazanılan medallardır. 2018-də güləşçilərimiz ümumilikdə beynəlxalq turnirlərdə 285 (72 qızıl, 84 gümüş, 129 bürünc) medal qazanıb. Düzdür, 2017 ilə müqayisədə doqquz medal az əldə olunub. Ancaq unutmayaq ki, həmin il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında (İHO) 23 idmançımız fəxri kürsüyə qalxmışdı. Nəhəng yarışın 2018-də baş tutmadığını nəzərə alsaq, 285 medalı uğurlu nəticə saya bilərik.

Avropa və dünya çempionatları, eləcə də Yeniyetmələrin Olimpiya Oyunlarında 89 medal əldə edilib. Bu da güləşimizdə bu baxımdan ikinci (2017-də İHO da daxil olmaqla, 99 medal qazanılıb) ən yüksək göstəricidir.

İlboyu sərbəst güləşçilər 157, yunan-Romaçılar 93, qadınlar isə 35 dəfə fəxri kürsüyə qalxıb. Yaş qrupları üzrə bölsək, böyüklərə 103 (32 qızıl, 29 gümüş, 42 bürünc), gənclərə 55 (11 qızıl, 17 gümüş, 27 bürünc), yeniyetmələrin payına isə 127 (29 qızıl, 38 gümüş, 60 bürünc) medal düşür.

Əsas yarışlara da nəzər salmağa dəyər. Böyüklərin Avropa çempionatında qazanılan 18 medal Azərbaycan güləş tarixində növbəti rekord oldu. Buna qədər ən çox medalı 2011-də keçirilən anoloji yarışda (14 medal) əldə etmişdik.

Dünya çempionatında qazanılan beş medal daha çox yunan-Roma güləşçiləri sevindirdi. Çünki komanda hesabında dördüncü yeri tutan “klassiklər” builki Dünya Kubokunda iştirak hüququ qazandı. Yeri gəlmişkən, ötən il Dünya Kubokunda ölkəmizi yalnız sərbəst güləşçilər təmsil etdi. Komanda Firdovsi Umudovun rəhbərliyi altında ABŞ-dan gümüş medalla döndü.

İkinci dəfə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında qazanılan bir qızıl, dörd gümüş, iki bürünc medal diqqəti çəkdi. Müqayisə üçün 2017-də ilk dəfə bu yaş qrupu üzrə təşkil olunan mundialdakı qazancımızın yalnız beş “bürünc”dən ibarət olduğunu qeyd edə bilərik.

Əlbəttə, Yeniyetmələrin Yay Olimpiya Oyunlarını da unutmaq olmaz. Güləş Azərbaycanda bu yaş qrupunda da lider olduğunu qazandığı bir qızıl, bir bürünc medalla növbəti dəfə isbatladı.

AGF diqqət mərkəzində

İl ərzində qazanılan uğurlar Gənclər və İdman Nazirliyinin (AGİN) ilin yekunlarıyla bağlı keçirdiyi mərasimdə də əksini tapdı. Təsadüfi deyil ki, AGF ilin ən yaxşı idman fedrasiyası seçildi. İlin ən yaxşı idmançıları arasında üç güləşçimiz – Eldəniz Əzizli, Cəbrayıl Həsənov və Mariya Stadnik yer aldı.

Eldənizin şəxsi məşqçisi Vaqif Feyzullayev ilin məşqçisi seçildi. 2018-də Avropa və dünya çempionu olan Əzizli həm də İdman Araşdırmalar Mərkəzi və “Futbol+” qəzetinin keçirdiyi sorğu nəticəsində ilin ən yaxşı idmançısı ünvanını qazandı.

Yeni ilə yeni ümidlərlə

2019 güləş üçün daha önəmli ildir. Bu il keçiriləcək II Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalının proqramında güləş də yer alıb. İlin əsas yarışında – Astanada təşkil olunacaq dünya çempionatı isə Tokio Olimpiadasına lisenziya verən ilk yarışdır. Mundialda olimpiya çəkilərində ilk “beşlik”də yer alanlar Tokio-2020-yə vəsiqə qazanacaq.

Oxunub: 864
Oxşar xəbərlər
SON XƏBƏRLƏR